“450 ailədən yalnız bir neçə nəfər etiraz edir, onlarla dialoqa hazırıq” – “RMG” Zol-Göyəç aksiyası barədə
“RMG” şirkəti 6 sentyabrda Bolnisi bələdiyyəsinin Zol-Göyəç (Kveşi) kəndində onlara qarşı keçirilmiş aksiyaya münasibət bildirib və “Marneuli” radiosuna yazdıqları məktublarında bildirirlər ki, işin bütün mərhələlərində yerli icma ilə fəal dialoq aparırlar. Kəndlə mövcud yolun genişləndirilməsi və səkilərin qurulması məsələsində fəal danışıqlar aparılır.

“Şirkət fəaliyyətinin bütün mərhələlərində yerli icma ilə fəal şəkildə dialoq aparır. Məhz kənd əhalisinin
maraqlarını nəzərə almaqla, yük maşınları gecə saatlarında hərəkət etmir. Eləcə də yerli əhalinin dəfələrlə tələb etməsi nəticəsində şirkət mövcud beton yolun sulanması tezliyini azaltdı, çünki yerli sakinlərin dediyinə görə, “tez-tez yolun sulanması palçıq yaradır və onlara problem yaranırdı”,
– məlumatda yazılıb.

Şirkətdən bildirirlər ki, yataq olan ərazidən çıxan hər bir yük maşını müasir ekoloji standartları nəzərə almaqla qapalıdır. Bunun nəticəsində tozun ətrafa yayılması riski minimuma endirilib.

“Yük maşınlarının karyer yolunda maksimum hərəkət sürəti saatda 35 km, mərkəzi yolda isə 55 km-dir. Şirkət tərəfindən müasir GPS sistemi ilə sürətə nəzarət olunur və sürət limitini aşan sürücülər cərimələnir. 2019-cu ildən bu günə qədər qeyd olunan hissədə yol hərəkəti qaydasının, ekoloji standartın pozulması ilə bağlı heç bir fakt qeydə alınmayıb. Qeyd etmək lazımdır ki, həmçinin, kəndlə mövcud yolun genişləndirilməsi və səkilərin qurulması məsələsi ilə bağlı danışıqlar aparılır. Təsdiqlənmiş layihə var və şirkət başlamağa hazırdır. Bir daha qeyd etmək istəyirik ki, “RMG” Gürcüstan qanunvericiliyi və beynəlxalq standartlara tam riayət edərək hərəkət edir. Yerli icma ilə münasibətə böyük diqqət yetiririk, baxmayaraq ki, bugünkü aksiyada Kveşi kəndində yaşayan 450 ailədən yalnız bir neçə nəfər etiraz edib, biz onlarla dialoqa hazırıq”, – şirkət tərəfindən “Marneuli” radiosuna göndərilmiş məlumatda qeyd olunub.

Qeyd edək ki, Zol-Göyəç kənd sakinlərinin bir hissəsi bu gün, 6 sentyabr tarixində “RMG Copper” şirkətinə qarşı etiraz aksiyası keçirib. Yerli sakinlərin bir qismi deyir ki, kənddə qızıl axtarılan karyer fəaliyyət göstərir və onların kəndində hər gün onlarla maşın yüksək sürətlə hərəkət edir.

Əhalini toz, səs-küy və təhlükəli mühit narahat edir. Yerli sakinlər deyirlər ki, artıq Gürcüstanın Baş nazirinə, Prezidentə, Gürcüstanın Ekologiya və Kənd Təsərrüfatı nazirinə, Bolnisi, Dmanisi, Tsalkanın majoritar deputatına, Milli Ekologiya Agentliyinə məktub hazırlayıblar və müraciət edəcəklər.

Yerli sakinlərin tələbi “RMG Copper” Şirkətinə məxsus maşınlar bu yoldan hərəkət etməsinin dayandırılması, RMG Copper şirkətinə məxsus maşınlar tərəfindən sıradan çıxarılmış yolların təmir edilməsi, dəymiş ziyanın qarşılanmasıdır.

Print Email
FaceBook Twitter Google