Marneuli yerli özünüidarəsi 2024-cü ilin gəlişi ilə əlaqədar yeni
il tədbiri üçün hazırlıqlara başlayıb.
Marneuli meriyası 3 noyabr tarixində Yeni il yolkasının
işıqlandırılması tədbirinin təşkil edilməsi xidməti üçün tender
elan edib.
Meriyanın elan etdiyi tenderin smeta sənədlərinə görə, tədbirdə
Şaxta Baba koması, şirniyyat evi, konsert üçün səhnə, Santa Klausun
xizəyi və s. quraşdırılacaq.
Tender sənədlərində Marneulidə
yeni il yolkasının işıqlandırılması
zamanı hansı tədbirlərin olacağı müəyyən edilib.
Tbilisi Uşaq Kapellası 20 dəqiqəlik repertuarla tamaşaçı qarşısına
çıxacaq və yeni il mövzusunda bəstələr ifa edəcək. Tədbirdə
animatorlar və “Şapito” sirk tamaşası iştirak edəcək. Tender
sənədlərində yolkanın işıqlandırılması tədbirində konkret olaraq
ifa edəcək şəxslərin ad və soyadları qeyd olunmayıb. Ancaq
müğənnilərin hansı təcrübəyə malik olması ilə bağlı məlumat
qoyulub.
“40-45 yaşlarında xanım, səhnədə ən az 15 illik ifa
təcrübəsi olmalıdır. Ən az 15 albom buraxmış olmalı, Gürcüstanın
musiqili radiolarından birinin təsisçisi, televiziya musiqili
layihəsinin müəllifi, hansısa televiziya şoularından birinin
aparıcısı olmalıdır. Bəy - Gürcüstanın musiqili radio aparıcısı,
hansısa teatrın aktyoru olmalıdır. Bir neçə film və serialda
iştirak etmək təcrübəsi olsun, televiziya musiqili layihəsinin
qalibi, gürcü və xarici mahnılarının ifaçısı olmalıdır. Qrup – 4
kişidən ibarət, səhnədə ən az 20 illik mahnı oxumaq təcrübəsi
olmalıdır. Özlərinin müəllif mahnılarını, eləcə də gürcü və xarici
mahnılar ifa etməlidirlər. Onların repertuarı ən az 40 dəqiqə davam
etməlidir”, - tenderin smeta sənədlərində qeyd
olunub.
Tender sənədlərinə görə, yolkanın işıqlandırılması mərasimində 2
metr uzunluğu və 1,5 metr eni olan “Möhtəşəm Qozinaği”
hazırlanacaq. Tədbirdə eləcə də müxtəlif formalı yeni il
peçenyeləri, qlintveyn və qaynar şokolad olacaq.
Marneuli yerli özünüidarəsi 2024-cü ilin gəlişi ilə əlaqədar Yeni
il yolkasının işıqlandırılması bayram tədbirinin təşkil edilməsi
üçün 65 578 lari dəyərində tender elan edib.
Tender təklifinə görə, yolkanın işıqlandırılması tədbiri dekabrın
ikinci yarısında baş tutacaq.