7 noyabr tarixində Tbilisidə, SOCAR-ın Gürcüstan nümayəndəliyində 8
Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirləri - Faiq
Quliyev və Ali Kaan Orbay, dost ölkələrin hərbi attaşeləri,
diplomatlar, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev,
Marneuli şəhərinin meri Kənan Ömərov, Azərbaycan, Gürcüstan və
Türkiyənin iş adamları, ictimaiyyət nümayəndələri, Qarabağ
müharibəsi zamanı canlarından
keçmiş Gürcüstandan olan şəhidlərin
ailə üzvləri və yaxınları, din xadimləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad
olunub.
Tədbirdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində
qazandığı parlaq qələbə barədə danışılıb, bu tarixi nailiyyəti
şərtləndirən əsas amillər barədə məlumat verilib.
Tədbirdə həmçinin gürcü məktəblisi Məhəmməd Qasımovun Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi "O, bir
dahidir" kitabının təqdimatı olub. Daha sonra "Oğul" sənədli filmi
nümayiş etdirilib. Bildirilib ki, Birinci Qarabağ müharibəsindən,
xüsusilə Xocalı soyqırımından bəhs edən bu film xarici ölkələrdə
ilk dəfə Gürcüstanda nümayiş etdirilib.