Candar sakinləri su və kanalizasiya sisteminin tikintisi işlərini aparan şirkətin işindən narazıdılar (VİDEO)
Marneuli şəhəri ilə yanaşı Candar kəndində də su və kanalizasiya sisteminin tikinti işləri aparılır. Amma kəndin “300 Araqveli” küçəsində yaşayan sakinlər şirkətin işindən narazıdılar.

Əhalinin sözlərinə görə, onların köhnə su borusu ləğv edilib, indi onlara nazik boru ilə içməli su çəkirlər. Bu da orada yaşayan 15-ə yaxın ailənin narazılığına səbəb olub.

“Bizim problemiz odur ki, bizə nazik boru ilə su çəkirlər. Həmin boru bir ev üçündür. Biz də ona görə etiraz etdik. Nəyə görə, böyük borunun yerinə bizə kiçik boru ilə su çəkirlər? Özü də bu günə qədər bizim normal, düzgün suyumuz da gəlmir. Bunu da bildirmək istəyirəm. Mənim uşağım var. Susuz nə etməliyik. Nə vaxta qədər pulla su almalıyam”, – Marina Namazova dedi.

“Bizim problemimiz su borusudur. Balaca boru ilə su çəkirdilər. Bizim problemiz budur. Bizə deyirlər, su bununla gələcək. Onunla ola bilməz. Bizə böyük su borusu lazımdır. 40 dəqiqə su verirlər. 40 dəqiqə su ilə kim nə istifadə eləsin. Su problemindən əziyyət çəkirik. Ayda 4 dəfə su maşınından su alırıq. Adı da var ki, bizə su gəlir. Suyun bir çənini 30-40 lariyə alırıq”, – Eltun Əsgərov dedi.

Çəkiliş apardığımız zamanı hadisə yerinə Candar qəsəbəsində su və kanalizasiyanın tikinti işlərini aparan şirkətin nümayəndəsi gəldi. O, bildirdi ki, əhalinin problemi haqda məlumatı var və onların istəyinə görə işlər həyata keçiriləcək.

“Candar əhalisinin problemləri ilə bağlı mənə müraciətləri oldu. Mən nəzarət etmək üçün bura gəldim. Bizim burada podratçı şirkətlərimiz işləyir. Burada olan səhv işləri bu gün yekunlaşdıracağıq. Hər şey yolunu tapacaq”, – “China Geo” şirkətinin kordinator-meneceri Ramin Vəliyev dedi.


Qeyd edək ki, Marneuli şəhəri və kəndlərdə su təchizatı layihəsinin həyata keçirilməsinə 2019-cu ildə başlanılıb. Yollar qazılıb, borular çıxarılıb, infrastruktura ziyan dəyib, sıradan çıxmış yollara görə ictimai nəqliyyat və yerli sakinlərin avtomobilləri tez-tez xarab olur. “Akelik Group” şirkəti layihəni 2021-ci ilin martına qədər bitirməli idi. Amma şirkət üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməyib və buna görə Marneulidə 55 940 022 dollar dəyərində layihə dayandırılıb.

Daha sonra yenidən tender elan edildi. Tenderdə “China Geo - Engineering Corporation’’ (CGC) və “POLAT Yol Yapi Sanayi ve Ticaret Anonim Sirkei’’ qalib gəlib. Hal-hazırda Marneuli ərazisində su və kanalizasiya işlərinin tikintisi davam etdirilir. Tikinti işləri 2024-cü ildə başa çatdırılmalıdır.

Xatırladaq ki, işlər çərçivəsində yeni su təchizatı sistemi, nasos stansiyası və hovuzlar tikiləcək. Əlavə olaraq yeni kanalizasiya şəbəkəsi və müasir standartlara uyğun təmizləyici tikili qurulacaq.
Layihəyə Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon laridən artıq vəsait xərclənəcək.

Layihə nəticəsində Marneuli əhalisi 24 saatlıq su və yeni kanalizasiya infrastrukturu ilə təmin olunmalıdır.

Print Email
FaceBook Twitter Google