Mağalaşvili körpüsünün bərpasının başa çatdırılması 25 dekabr tarixinə planlaşdırılıb
Marneulidə Durmuşxan Mağalaşvili adına körpünün bərpa işləri beş aydan artıqdır davam edir. Körpünün təmir işlərini “İrlani” MMC həyata keçirir. Marneuli meriyası şirkətlə müqaviləni 2023-cü ilin 5 may tarixində bağlaybı. Müqaviləyə görə, işlərin başa çatdırılması müddəti 150 gün, təxminən 5 ay nəzərdə tutulub.

“İrlani” MMC Marneuli meriyasına ərizə ilə müraciət edib. Müraciətə görə, şirkət üzərinə götürdüyü öhdəliyi vaxtında başa vura bilmir. Onların bildirdiyinə görə, işlərin başa çatdırılması üçün müddətin uzadılmasına ehtiyacları var.

“Bildiyiniz kimi, bizim şirkət tərəfindən müqavilə əsasında nəzərdə tutulmuş Marneuli şəhəri Rustaveli küçəsində yerləşən D.Mağalaşvili adına körpünün bərpa işləri aparılır. İşlərə başlanılan gündən maneçilik törədən vəziyyət yarandı. Bunlarla bağlı yazılı şəkildə( #0011 08/09/2023-cü il ), sizə məlumat verdik. Ancaq cavab almadıq və əksər məsələlər yenə açıq qalmaqdadır. Bu isə işlərin vaxtında başa çatdırılmasına mane olur. Xahiş edirik, yuxarıda qeyd olunan vəziyyətləri nəzərə alasınız və işlərin başa çatdırılma müddətini cari ilin 25 dekabr tarixində qədər uzadasınız”, – “İrlani” MMC-nin 25 sentyabr tarixində Marneuli meriyasına yazdığı məktubda qeyd olunub.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi “İrlani” MMC-nin xahişini nəzərə alıb. 12 oktyabr tarixində meriya və “İrlani” MMC arasında 5 may tarixində bağlanmış müqavilədə dəyişiklik edilib. Dəyişikliyə görə, şirkətə işləri həyata keçirmək üçün 25 dekabr tarixində qədər vaxt verilib.

Marneuli şəhərində Durmuşxan Mağalaşvili adına körpünün bərpa işlərini “İrlani” MMC 1 878 333 lariyə həyata keçirir. Dövlət Alqı-Satqı Agentliyinin veb-səhifəsində olan məlumata görə, indiki mərhələdə “İrlani” MMC vəsaitin yalnız 26%-ni, 488 662 lari sərf edib.

Print Email
FaceBook Twitter Google