Marneulidə yeni il yolkasının işıqlandırılması tədbirində “Möhtəşəm Qozinaği” hazırlanmayacaq – meriya tenderin dəyərini artırıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2024-cü ilin gəlişi ilə əlaqədar yeni il yolkasının işıqlandırılması tədbirində xidmətlər əldə etmək üçün təkrar tender elan edib.

Marneuli meriyası yeni il yolkasının işıqlandırılması tədbirinin təşkil edilməsi xidməti üçün 65 578 lari dəyərində ilk tenderi 3 noyabr tarixində elan etmişdi. Tenderdə yalnız bir şirkət, “Geoprofi” MMC iştirak edib və meriyaya işləri 53 350 lariyə həyata keçirməyi təklif edib. Yerli özünüidarə texniki sənədlərə görə, şirkəti tenderdən kənarlaşdırıb. İlk tenderin smeta sənədlərinə görə, yolkanın işıqlandırılması tədbirində uzunluğu 2 metr, eni isə 1,5 metr olan “Möhtəşəm Qozinaği” hazırlanmalı idi. Həmçinin, tədbirdə səyyar, qapalı reklam avtobusu da olmalı idi.

Marneuli meriyası tərəfindən təkrar elan edilmiş tenderdə dəyər artırılıb. Amma “Möhtəşən Qozinağinin” hazırlanması, reklam avtobusu, şifon pərdə, yeni il ulduzlarının, taxtadan rəngli şam ağaclarının, nağıl qəhrəmanları kostyumlarının və səhnə fəvvarəsinin alınması götürülüb.

Marneuli meriyası təkrar tenderi artırılmış vəsaitlə 27 noyabr tarixində elan edib. Özünüidarə bu dəfə yolkanın işıqlandırılması təbirinin təşkil edilmə xidmətini 66 500 lariyə planlaşdırır. Tender sənədlərinə görə, tenderdə qalib gələn şirkət yeni il yolkasının işıqlandırılması tədbirini dekabr ayının ikinci yarısında təşkil etməlidir.

Meriyanın elan etdiyi tenderin smeta sənədlərinə görə, tədbirdə Şaxta Baba koması, şirniyyat evi, konsert üçün səhnə, Santa Klausun xizəyi və s. quraşdırılacaq.

Tender sənədlərində Marneulidə yeni il yolkasının işıqlandırılması günündə hansı tədbirlərin olacağı müəyyən edilib.

Tbilisi Uşaq Kapellası 20 dəqiqəlik repertuarla tamaşaçı qarşısına çıxacaq və yeni il mövzusunda bəstələr ifa edəcək. Tədbirdə animatorlar və “Şapito” sirk tamaşası iştirak edəcək. Tender sənədlərində yolkanın işıqlandırılması tədbirində konkret olaraq ifa edəcək şəxslərin ad və soyadları qeyd olunmayıb. Ancaq müğənnilərin hansı təcrübəyə malik olması ilə bağlı məlumat qoyulub.

“40-45 yaşlarında xanım, səhnədə ən az 15 illik ifa təcrübəsi olmalıdır. Ən az 15 albom buraxmış olmalı, Gürcüstanın musiqili radiolarından birinin təsisçisi, televiziya musiqili layihəsinin müəllifi, hansısa televiziya şoularından birinin aparıcısı olmalıdır. Bəy - Gürcüstanın musiqili radio aparıcısı, hansısa teatrın aktyoru olmalıdır. Bir neçə film və serialda iştirak etmək təcrübəsi olsun, televiziya musiqili layihəsinin qalibi, gürcü və xarici mahnılarının ifaçısı olmalıdır. Qrup – 4 kişidən ibarət, səhnədə ən az 20 illik mahnı oxumaq təcrübəsi olmalıdır. Özlərinin müəllif mahnılarını, eləcə də gürcü və xarici mahnılar ifa etməlidirlər. Onların repertuarı ən az 40 dəqiqə davam etməlidir”,
– tenderin smeta sənədlərində qeyd olunub.

Tədbirdə eləcə də müxtəlif formalı yeni il peçenyeləri, qlintveyn və qaynar şokolad olacaq.

Print Email
FaceBook Twitter Google