Türkiyə və Yunanıstan deklarasiya imzalayıblar
Türkiyə və Yunanıstan qarşılıqlı etimadı möhkəmləndirmək, ikitərəfli münasibətlərdə gərginliyi azaltmaq niyyətindədirlər. "Deutsche Welle"nin məlumatına görə, bu haqda Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Afinada görüşdə razılıq əldə ediblər.

Ərdoğan danışıqları məhsuldar adlandırıb, Mitsotakisi Türkiyəyə səfərə dəvət edib.

Danışıqlarda iştirak etmiş iki ölkə nazirləri turizm, ticarət, energetika, eləcə də texnologiya və təhsilin birgə inkişafı, miqrasiya məsələlərinin birlikdə həlli ilə bağlı razılığa gəliblər. Tərəflərin beş il ərzində ticarət dövriyyəsini 10 milyard dollaradək qaldırmağa çalışacağı bildirilir.

Türkiyə vətəndaşları Yunanıstanın 10 adasında istirahət üçün sadələşdirilmiş prosedurla viza ala biləcəklər. Bunun üçün Yunanıstan Avropa Komissiyasından icazə alıb.

Kipr məsələsi
Ancaq iki ölkənin özəlliklə Kipr məsələsində fikir ayrılığı qalır. Ərdoğan Kipr məsələsinin ədalətli, "ada reallıqları əsasında" həllinə tərəfdardır. Mitsotakis isə deyir ki, yeganə həll yolu BMT-nin qətnamələri əsasında adanın birləşdirilməsidir.

Egey dənizinin dibindəki təbii resursların istismarı hüququ üzrə də fikir ayrılığı qalmaqdadır. Mitsotakis ümidini bildirib ki, hər iki ölkə bunların öhdəsindən gələ biləcək. Ərdoğan isə tərəflərin həll edə bilməyəcəyi problem olmadığını bildirib.

Liderlər hər il belə görüşlər keçirməyə razılaşıblar. Bundan öncəki görüş 2016-cı ildə olub, o vaxtdan ikitərəfli münasibətlər pisləşməyə doğru gedib.

Məmbə:BBC AZ
Print Email
FaceBook Twitter Google