Niyə “VMH” ambulatoriyaların tikilməsi üçün torpağın özgəninkiləşdirilməsini dəstəkləməyib – Bələdiyyə Məclisində mübahisə
Marneuli Bələdiyyə Məclisinin iclasında “Gürcü Arzusu”-nun deputatları Alqeti, Əzizkənd və Böyük Muğanlıdakı qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sonradan ambulatoriyalar tikilməsi məqsədi ilə özkəninkiləşdirilməsini dəstəkləyiblər. Bələdiyyə Məclisi iclasında iştirak edən müxalif partiya “Vahid Milli Hərəkat”-ın üzvləri Ramil Əhmədov və Nərgiz Əliyeva torpaq sahələrinin “Gürcüstan Tibb Holdinq” təşkilatına 1 lariyə verilməsini dəstəkləməyib.

“Qeyd olunduğu kimi, üç torpaq sahəsini Milli Əmlak Agentliyinə veririk. Sonradan Milli Əmlak Agentliyi müasir tipli ambulatoriyaların tikilməsi üçün həmin sahələri “Gürcüstan Tibb Holdinq” təşkilatına verəcək”,
– Marneuli meriyasının Əmlak İdarəedilmə və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov bildirib.

Bələdiyyə Məclisi iclasında Marneuli Bələdiyyə Məclisi sədri Amiran Qiorqadze də tibbi ambulatoriyaların tikintisi ilə əlaqədar şərh bildirib.

“Biz bu barədə danışdır və hökumətin yanaşması belədir ki, bütün kəndlərdə ambulatoriyalar olsun. Olmayan kəndlərdə yenisi tikiləcək və olan kəndlərdə müasir, Avropa standartlarına uyğun bərpa işləri aparılacaq. Həmin ambulatoriyalarda yerli sakinlərə ilkin tibbi yardım göstəriləcək”, – Amiran Qiorqadze bildirib.

“Vahid Milli Hərəkat”-ın deputatları ambulatoriyaların tikilməsi üçün “Gürcüstan Tibb Holdinqinə” torpaq sahələrinin verilməsini dəstəkləməyib. Bundan sonra Amiran Qiorqadze Nərgiz Əliyevadab nəyi dəstəkləmədiyini başa düşüb düşmədiyini soruşub.

“Nərgiz xanım, siz nəyi dəstəkləmədiyinizi başa düşdünüzmü? Söhbətin nədən getdiyini başa düşdünüzmü? Ambulatoriyaların tikilməsini istəmirsiniz?”, – Amiran Qiorqadze.

“Detalları bilmirəm və ona görə dəstəkləmirəm”, – Nərgiz Əliyeva.

“Yeni ambulatoriya tikilməlidir və başqa detallar nəyə lazımdır?”, – Amiran Qiorqadze

“Layihənin detallarını bilmirəm və necə dəstəkləməli idim?”, – Nərgiz Əliyeva

Amiran Qiorqadze və Nərgiz Əliyevanın dialoquna Bələdiyyə Məclisinin digər deputatları da münasibət bildiriblər. Bələdiyyə Məclisi sədrinin müavini Riçard Qiqani bildirib ki, əhalinin “VMH”-ın üzvlərinin nəyi dəstəkləməməsi barədə məlumatı olmalıdır.

“Əhali bilməlidir, televiziyalar buradadır, qeydə alsınlar ki, Vahid Milli Hərəkatın deputatları kəndlərdə ambulatoriyaların tikilməsinə qarşı çıxır. Çünki kəndlərdə inkişafın olmasını istəmirlər, xüsusilə Nərgiz xanım”, – Riçard Qiqani bildirib.

Nərgiz Əliyeva “Marneuli” radiosu ilə söhbəti zamanı kəndlərdə ambulatoriyaların tikintisi üçün torpaqların özkəninkiləşdirilməsini dəstəkləməmə səbəblərindən söhbət açıb.

“Mənim nəyinsə əleyhinə səs verməyim Cənab Amiranın xoşuna gəlməyib, ilk növbədə niyə dəstəkləməmədiyimi izah etmək istəyirəm. Mən kəndlərdə ambulatoriyaların tikilməsinə qarşı deyiləm. Mən Bələdiyyə Məclisi Aparatı tərəfindən hansısa məsələlər haqqında maksimum məlumat almamışamsa o zaman bu barədə qərar qəbul etməyəcəyəm. Bələdiyyə Məclisi Aparatı bizə bu barədə məlumat vermir. Bəlkə başqa kəndlərdə ambulatoriyaların tikilməsinə bu kəndlərdən daha çox ehtiyac var? Əgər mən layihənin detalları, perspektivləri və priroitetləri haqqında məlumat almasam, orada həqiqətən buna ehtiyac olduğunu bilməsəm ya əlayehinə səs verirəm, ya da səsvermədən çəkinirəm. Çünki bir daha dyeirəm, biz Bələdiyyə Məclisi Aparatı tərəfindən məlumatlandırılmırıq, onların nəyi planlaşdırması barədə bizə məlumat çatdırılmır”, – Nərgiz Əliyeva bildirib.

Əliyevanın sözlərinə görə, Marneuli bələdiyyəsində tibbi baxımdan böyük problem var, çünki kəndlərdə və şəhərdə təcili yardım maşınlar vaxtında xəstələrin yanına gedib çıxa bilmirlər.

“Əlbəttə, mən həmişə xalqın tərəfindəyəm və heç vaxt xalqa lazım olana qarşı çıxmaram. Mən səs vermək üçün siyasi baxışlarıma görə əlimi qaldırmıram, mən Bələdiyyə Məclisində vətəndaşlara lazım olan qərarları dəstəkləyirəm. Ancaq mən hər hansı layihənin nə dərəcədə mühüm olub olmadığını bilməliyəm. Əgər bilmirəmsə o zama dəstəkləmirəm”, – Nərgiz Əliyeva bildirib.

Marneuli Bələdiyyə Məclisi üzvünün sözlərinə görə, torpaq sahələrinin Gürcüstan Tibb Holdinqinə verilməsi də onun üçün problemlidir. Çünki o, həmin holdinq haqqında məlumatlı deyil.

“1 lariyə torpaq satmalı olduqları şirkət haqqında məlumatım yoxdur. Bu qərar əsassızdır. Bunun yerli sakinlərlə müzakirə olunub olunmadığını bilmirik, onlar bu torpağı başqasına vermək istəyirlərmi? Ambulatoriyalara belə ehtiyac var idisə niyə indiyə kimi tikmirdilər? Biz bilirik ki, bizim hakimiyyət rüşvətxorlardan ibarətdir. Onlar öz ciblərinə görə hər şeyi satarlar, həmçinin, Marneulidə də belədir. Güman ki, onların da hansısa mənfəəti var, çünki buna öyrəşmişik. Bidzina İvanişvilinin hakimiyyəti sadəcə korlanıb və mən xalqın nümayəndəsi kimi heç vaxt onların rüşvətxorluq məqsədlərini dəstəkləməyəcəyəm”, – Nərgiz Əliyeva qeyd edib.

Marneuli Bələdiyyə Məclisindən “Marneuli” radiosuna bildirdilər ki, kəndlərdə ambulatoriyaların tikilməsi mühümdür. Əhaliyə yerində ilkin yardım göstərilməlidir. Bələdiyyə Məclisindən bildirirlər ki, ilkin mərhələdə ambulatoriyalar layihələri tərtib oluna bilməzdi. Çünki Holdinqin ambulatoriya tikmək üçün torpağı yoxdur. Gürcüstan Tibb Holdinqinə torpaq verildikdən sonra onlar ambulatoriya layihəsini hazırlayacaqlar və işləməyə başlayacaqlar.

Gürcüstan Tibb Holdinqi Səhiyyə nazirliyinin nəzdnində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Təşkilat 2020-ci ildə yaradılıb. Holdinqin məqsədi dövlət əmlakında olan klinikaların gücləndirilməsidir. Mövcud təcrübəyə görə, bələdiyyə Gürcüstan Tibb Holdinqinə torpaq sahəsi verəcək, holdinq isə ambulatoriyaların tikintisini və fəaliyyətini təmin edəcək. Holdinqin məqsədlərindən biri dövlət əmlakında olan klinikaların gücləndirilməsi və struktur, eləcə də tibbi xidmət baxımından beynəlxalq standartlara uyğun olmasıdır.

Print Email
FaceBook Twitter Google