Dünyada baş verənlər - Qısaca
Dünyada baş verənlər - Qısa olaraq

Gürcüstana namizəd statusu verilməlidir - Oliver Varhelyi

Gürcüstan uzun yol qət edib, öz üzərinə düşəni edib, bu səbəbdən ölkəyə namizəd statusu verilməlidir. Bu barədə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Aİ-nin xarici işlər nazirləri Şurasının iclasından sonra deyib.
"Düşünürəm ki, təkliflərimiz çox aydındır. Fikrimizcə, Gürcüstan uzun yol qət edib, öz üzərinə düşəni edib, bu səbəbdən ölkəyə namizəd statusu verilməlidir. Görək, Aİ Şurası bunu təsdiq edəcək", - Aİ komissarı deyib.
Varhelyi Gürcüstan xalqına və hökumətinə bu istiqamətdə fəaliyyəti davam etdirmələrini və bunun müvəffəqiyyətin ən yaxşı yolu olduğunu deyib.


Türkiyənin Qırğızıstandakı səfirliyinin yaxınlığında avtomobil partlayıb


Türkiyənin Bişkekdəki səfirliyinin yaxınlığında minik avtomobili partlayıb. Bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğınsöndürənlər gələnə qədər hadisənin şahidləri maşındakı yanğını söndürüblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qırğızıstanın Daxili İşlər Nazirliyi hadiəsinin terror aktı olmadığını və səfirliklə heç bir əlaqəsi olmadığını açıqlayıb.

Belarusda neft emalı zavodunda yanğın - Ölən var

Belarusda "Mozır" neft emalı zavodunda yanğın olub, nəticədə bir nəfər ölüb. Bu barədə Belarusun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında baş verən yanğının söndürülməsinə FHN əməkdaşları cəlb olunub. Yanğının ağır neft qalıqları üçün kombinə olunmuş hidrokrekinq qurğusunda baş verdiyi qeyd edilib. Xilasedicilər yanğını operativ şəkildə söndürməyə nail olublar, müəssisənin daxilindəki texnoloji proses pozulmayıb. Zavodun bütün obyektləri adi rejimdə fəaliyyət göstərir. Hazırda hadisənin səbəbi və baş verdiyi şərait araşdırılır.

İran 32 ölkə ilə viza rejimini ləğv edir

İranın Nazirlər Kabineti bu gün 32 ölkə ilə viza rejiminin birtərəfli qaydada ləğv edilməsini təsdiqləyib. Bunu İranın mədəni irs, əl işləri və turizm naziri İzzətulla Zərqami bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. İ.Zərqaminin sözlərinə görə, 32 ölkə ilə viza rejiminin ləğv edilməsi İranın Mədəni İrs, Əl İşləri və Turizm Nazirliyi tərəfindən təklif edilib.
İranlı nazir qeyd edib ki, hökumət ölkənin qapılarını dünyanın üzünə açmaq istəyir:
"İran dünya ilə, insanlarla danışmaq istəyir, viza rejiminin birtərəfli qaydada ləğv edilməsi başqa ölkələrdən olan insanlarla danışmağa imkan yaratmaqdır. Viza rejiminin birtərəfli qaydada ləğv edilməsi ilə insanlar asanlıqla İrana səfər edə və onun imkanlarından faydalana biləcəklər".
Qeyd edək ki, İran indiyədək 10 ölkə - 6 ölkə ilə ikitərəfli, 4 ölkə ilə birtərəfli qaydada viza rejimini ləğv edib.

Türkiyədə insan alveri ilə məşğul olan terrorçular saxlanılıb

İstanbulda PKK/KCK silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.
Məlumata görə, araşdırmalar çərçivəsində terror təşkilatında fəaliyyət göstərən və təşkilat üçün insan alveri ilə məşğul olan 7 şübhəli müəyyən edilib.
İstanbul Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı 5 nəfər saxlanılıb.
Basqın edilən evlərdə aparılan axtarışlarda şübhəlilərə aid rəqəmsal materiallar müsadirə edilib.


Print Email
FaceBook Twitter Google