14 fevral tarixində Kəndə Dövlət Dəstəyi Proqramı çərçivəsində
Marneuli bələdiyyəsinin Sadaxlı inzibati ərazi vahidliyinə daxil
olan kəndlərdə kənd yığıncağı keçirilib.
Yığıncaqlar Sadaxlı, Təzəkənd, Burma, Xüldərə və Mollaoğlu
kəndlərində baş tutub.
Fevralın 12-də Marneulidə Kəndə Dəstək Proqramı başlayıb və
bələdiyyə əməkdaşlarından ibarət qruplar müxtəlif kəndlərdə
sakinlərlə görüşür. Sadaxlı təkcə Marneuli bələdiyyəsində deyil
eləcə də, Gürcüstanda ən böyük kəndlərdən biridir. Ona görə də
kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşdə Marneuli Şəhər
İcra Hakimiyyətinin və Bələdiyyə Məclisinin bütün məsul işçiləri
iştirak ediblər.
Görüşdə həmçinin, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili,
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, merin birinci
müavini Roin Dekanoidze, merin müavini Temur Şubitidze və Bələdiyyə
Məclisinin sədr müavini Rövşən İsgəndərov iştirak ediblər. Millət
vəkili Zaur Darğallı Azərbaycan dilində çıxış edərək “Gürcü
Arzusu”nun vədlərinin yerinə yetirilməsindən danışıb. İlk olaraq
sözə Marneuli meri Kənan Ömərov başlayıb.
“Hər il kəndlərə dövlət dəstəyi layihələri çərçivəsində
kənd əhalisi ilə görüşlərin keçirilməsində əsas məqsəd mərkəzi
büdcə tərəfindən ayrılan məbləğin sizlərin, kənd əhalisinin
ehtiyacı və istəyi üzərinə qərarların alınmasından ibarətdir. Ona
görə bu gün biz sizlərin hüzuruna gəlmişik ki, sizlərlə birlikdə
məsləhətli şəkildə seçim edə biləsiniz. Hər il dövlət tərəfindən
müəyyən miqdarda vəsait ayrılır. Həmin vəsaitlərə biz, yerli
özünüidarə orqanları sizlərdən tələb gəldiyi halda müəyyən əlavələr
edirik. İndi isə seçimi sizlərə buraxırıq. Qeyd etmək istəyirəm ki,
bir neçə il bundan əvvəl idman kompleksinin tikintisinə qərar
vermişdik və hal-hazırda kompleksin layihəsini əldə etmişik.
Layihənin davamı olaraq yaxın günlərdə tender elan
edəcəyik”, – Kənan Ömərov.
Kənan Ömərov əhaliyə öz kəndlərinin qayğısına qalıb seçimdə iştirak
etdiklərinə görə, təşəkkür edib və uğurlar arzulayıb.
Rəsmilərin çıxışlarından sonra toplaşan əhali kəndə dəstək layihəsi
çərçivəsində küçə işıqlarının quraşdırılmasını dəstəkləyiblər.
Burma kəndində keçirilən görüşdə kənd sakinlərindən biri meriyanın
nümayəndələrinə bildirib ki, 10 000 lari kəndin ehtiyacını
qarşılamaq üçün çox az məbləğdir. Beləliklə, onlar son nəticə
olaraq Burma kəndində daxili yolların betonlanmasına qərar
veriblər.
Bununla yanaşı, Xüldərə kəndində sakinlər yağış sularının
toplanması üçün arxların quraşdırılmasını, Mollaoğlu kəndində isə
əhali daxili yolların betonlanmasını tələb edib.
Sözügedən 5 kənddən birində – Təzəkənddə əhalinin 20%-nin
toplaşmaması səbəbindən görüş gerçəkləşə bilməyib. Bu kənddə
yığıncaq yenidən təşkil olunacaq.
Prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlər 26 fevrala
qədər davam edəcək. Kəndə Dəstək Proqramı üçün 2024-cü ildə
Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1
232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb.
Hər kəndə ən az 10 000 lari, ən çox 20 000 lari nəzərdə
tutulub.