2023-cü ildə Marneulidə tikinti qaydalarının pozulmasına görə ümumilikdə 218 000 lari cərimə yazılıb
2023-cü ildə Marneuli bələdiyyəsində tikinti qaydalarının pozulması ilə əlaqədar 208 fakt qeydə alınıb. Bu barədə meriyanın Nəzarət Xidmətinin Bələdiyyəyə Nəzarət Şöbəsi “Marneuli” radiosunun məktubuna cavab olaraq bildirib.

Statistik göstəricilərdə qeyd olunub ki, bir il ərzində 208 pozuntudan 151-i icazəsiz tikinti ilə bağlıdır, 57-si isə icazə qaydalarının pozulması ilə əlaqədardır. Yazılmış cərimə sanksiyalarının ümumi miqdarı 218 000 lari təşkil edib.

“Marneuli meriyasının Nəzarət Xidmətinin Bələdiyyəyə Nəzarət Şöbəsi 2023-cü il ərzində Marneuli bələdiyyə miqyasında tikinti qaydalarının pozulması ilə bağlı 208 fakt aşkarlayıb. Həmin qayda pozuntularından 151-i icazəsiz tikinti, 57-si isə icazə şərtlərinin pozulması ilə əlaqədardır. Aparılan tədbirlər nəticəsində yazılmış cərimə sanksiyaları 218 000 lari, 2023-cü ildə ödənilən cərimə sanksiyaları isə 343 609 lari (ödənilmiş cərimələrin müəyyən qismi 2022-ci ildə yazılmış cərimə sanksiyalarıdır) təşkil edib”, – meriyadan verilmiş məlumatda qeyd olunub.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin Nəzarət Xidməti 2022-ci ilin 6 ayı ərzində icazəsi tikinti ilə bağlı 18, icazə şərtlərinin pozulması ilə bağlı isə 36 fakt aşkar edib. 2021-ci il ərzində tikinti qaydalarının pozulması ilə bağlı 202 fakt aşkarlanıb və ümumilikdə 272 770 lari cərimə yazılıb.

Qanunsuz tikinti nə deməkdir?
  • Qanunsuz tikinti hüquqi əsası (icazə) olmayan tikintiyə deyilir.
  • Qanunsuz tikinti həm də çərçivəsində qanunvericiliyin tələblərinin əsaslı şəkildə pozulduğu, xüsusən də binanın funksiyasının dəyişdirildiyi və/və ya tikinti intensivliyi nisbətinin aşıldığı tikinti hesab edilir.
Tikinti icazəsinin pozulması nə deməkdir?
  • Tikinti sənədləri və tikinti reqlamenti ilə müəyyən edilmiş tikinti/icazə şərtlərinin qanunla müəyyən edilmiş icazə verilən düzəliş hüdudlarından kənara çıxılması.
  • Bu icazəsiz tikintidən onunla fərqlənir ki, bu halda tikinti hüquqi əsasa – icazəyə malikdir, ancaq bu icazədə nəzərdə tutulmuş şərtlər pozulur.

Print Email
FaceBook Twitter Google