Dəllər sakinləri “RMG” şirkətinin kəndə yaxın ərazidə elan etdiyi filiz axtarışı layihəsinə yenidən etiraz edir – Video
Bu gün, 13 sentyabr tarixində Bolnisi bələdiyyəsinin Dəllər (Muşevani) kəndinin sakinləri “RMG” şirkəti tərəfindən kəndə yaxın ərazidə elan edilmiş filiz axtarışı layihəsinə etiraz edirlər.

Sakinlər “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdilər ki, şirkət faydalı qazıntıların axtarışı üçün il ərzində təxminən 55 partlayış həyata keçirəcək. (Həftədə iki dəfə).

Sakinlərin bir hissəsi partlayışların onlara və ekologiyaya zərərli olacağını düşünür. Digər hissəsi isə partlayışların həyata keçiriləcəyi halda onların kəndində qaz, su və işıq çəkiləcəyini deyir. Sakinlər onlara bu vədin “RMG” şirkəti tərəfindən verildiyini deyirlər.

Dəllər (Muşevani) sakini Qabil Məmmədovun bildirdiyinə görə, onlara şirkətdən bildirirlər ki, əgər partlayış zamanı sakinlərin evlərinə ziyan dəyərsə, bu halda onlara müəyyən maddi yardım olunacaq. Ziyan görmüş sakinlərin evləri təmir ediləcək.

“Bu şirkət toplantı etdi. Biz onlara sual verdik ki, kənddə hər hansı iş görməyə vəd verirlərmi. Onlar bildirdilər ki, biz dövlət şirkəti deyilik ki, bu işləri öz üzərimizə götürək. Tək vədimiz ziyan gördüyü halda evləri təmir etmək olacaq. Onlar haradan bilsinlər ki, evimiz hansı hissədən, necə zərər görüb?!”

“Mən razı deyiləm, evimdə xəstəm var. Partlayış olduğu zaman mən xəstəmi çölə necə çıxarmalıyam?! Niyə kəndin başqa problemlərini həll etmirlər?! Mənim övladım var, ailəm var, xəstəm var. Partlayış olmasın. Mənim evimin yaxınındadır”.

“Kəndin su problemi, yol problemi var, onu həll etsinlər. Susanlar elə bilirlər ki, onlara pul paylayacaqlar”.

Kənd sakini Rasim Məmmədov deyir ki, boş vədlərlə “RMG” şirkəti kənd sakinlərini iki hissəyə ayırıb.

“RMG” şirkəti bizim kəndə daxil olub, burada partlayış edib qızıl, gümüş çıxarıb gəlir əldə etmək istəyir. Kəndin bir hissəsinə guya söz veriblər ki, qaz, işıq, su çəkəcəyik. Bir hissəsinin isə bu işdən xəbəri yoxdur. Sonra imza toplayıblar, veriblər ki, guya kənd sakinləri bu işə razıdırlar. Onlar isə deyirlər ki, – nə qaz çəkməyi, biz özümüz üçün su çəkirik. Lazım olarsa, sizə də su verə bilərik. Kəndi iki yerə bölüblər, istəyənlər və istəməyənlər. İstəyənlərin bir mənfəəti var. Bir hissəsi orada işçidir. Bir hissəsi öz xeyri üçün nə isə umur. Geridə qalan çoxluq isə bu işin baş tutmasına etiraz edir. İstəyirik təbiətimiz zəhərlənməsin. Demirik ki, qaz, su gəlməsin. Onu dövlət qurumları etməlidirlər. Bu şirkət ilə bir əlaqəsi yoxdur. Niyə xalqı aldadırlar?! Niyə insanları bu hala salırlar?! Niyə kəndi iki hissəyə bölüblər?! Hər şeyin qayda-qanunu var, bunu dövlət etməlidir, hansısa şirkət yox”,
– Rasim Məmmədov dedi.

Məlumat üçün bildirək ki, layihənin başladığı ilk günlərdən etibarən əhaliyə təşviqat prosesində “Salam” platforması kömək edirdi. Qazıntı qurğuları il ərzində 200 saat işləyəcək. Partlayışdan yaranmış səsin müddəti hər dəfə bir neçə saniyə davam edəcək. Əhali qorxur ki, bu vəziyyət onların kəndinin ekologiyasına ciddi ziyan vuracaq.





Print Email
FaceBook Twitter Google