“Pəncərə” platforması yeni iştirakçıların qəbulunu elan edir
Gürcü və azərbaycandilli məlumat platforması “Pəncərə” yeni iştirakçıların qəbulunu elan edir. Platformanın məqsədi əhaliyə, xüsusilə də Gürcüstan azərbaycanlılarına gənclərin inkişafı, gücləndirilməsi, məlumatlı seçim etməsi üçün etibarlı, düzgün məlumat çatdırmaqdır.

“Pəncərə”-nin jurnalisti Tozu Gülmməmədova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, platformada hər hansı gəncin bloq, məqalə yazmaq və ya video paylaşmaq şəraiti var.

“Elə hallar olub ki, platformalarda kəşf olunmuş adamlara iş təklif ediblər və onlar işlə təmin olunublar. Bundan əlavə, “Pəncərə” bacarıqlı və yaradıcı gənclərin kəşf edilməsinə dəstək olur. Həmişə uğurlu gənclərin hekayəsini yazır və paylaşırıq, imkanlarımız çərçivəsində dəstək oluruq.

Gənclərin hekayələrini paylaşmaqdan əlavə Gürcüstanda dünyaya gəlmiş və qadınların gücləndirilməsində böyük rolu olan azərbaycanlı qadınlar barədə məlumat da paylaşırıq”,
– Tozu Gülməmmədova bildirdi.

“Pəncərə” platforması insan hüquqları, gender bərabərliyi, zərərli təcrübələr (erkən evlilik), həmin təcrübə ilə əlaqədar reproduktiv sağlamlıq məsələləri, gənclər sektorunda aparılan hadisələr və yenilikləri əhatə edir.

“Platformaya sahə ekspertləri tərəfindən hazırlanmış material yerləşdirilir. Həmin material etibarlı və düzgün məlumatdan ibarətdir. Bundan əlavə, azərbaycanlı gənclərin bloqları yayımlanır. Bloggerlər öz fikir və yanaşmalarını, təcrübələrini yazırlar. Öz həmyaşıdları ilə təcrübələrini bölüşürlər və onlar üçün mühüm olan məsələləri müzakirə edirlər. “Pəncərədə” hər hansı maraqlanan şəxs blogger ola bilər. Əlbəttə, etnik azərbaycanlı gənclər prioritetdir”,
– Tozu Gülməmmədova deyir.

“Pəncərə” motivasiyalı və entuziazmla dolu gənclər axtarır. Onlar platforma ilə öz ideya və yaradıcı fikirlərini bölüşəcəklər.

Maraqlanan şəxslər 20 sentyabra qədər qeydiyyat formasını doldura bilərlər.

Print Email
FaceBook Twitter Google