Azərbaycan David Qareci monastr kompleksində "iki kazarma tikir"
Mənbə: BBC News Azərbaycanca

Azərbaycan tərəfi Keşikçi Dağ adı ilə tanınan David Qareci məbədi kompleksi ərazisində "iki kazarma tikir", bu barədə Gürcüstan mediası yerli din xadimlərinə istinadən xəbər verib.

İddialara görə, Azərbaycan tərəfi ərazidəki sərhədçilərin sayını artırıb və tikilən baraklara 18 km məsafədən elektrik xətti çəkib.

Azərbaycan Xarici İşlər Nazirliyi kazarmaların tikilməsi barədə iddiaları şərh etməyib, Gürcüstan XİN-dən şərh almaq isə hələlik mümkün olmayıb.

Lakin Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya bildirib ki, "Azərbaycan Gürcüstanla sərhədlərin delmitasiyası komissiyalarının tezliklə işləri yekunlaşdırmasının tərəfdarıdır".

Leyla Abdullayeva deyib ki, sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın son görüşü avqust ayında baş tutub və tərəflər əraziyə baş çəkiblər.

Agenda.ge saytının yazdığına görə, Azərbaycan tərəfi "iki böyük" kazarma tikir və tikinti bitəndə ərazidəki sərhədçilərin sayı dəfələrlə artacaq.

Məlumata görə, Gürcüstan XİN-i və kilsə, əhalini və din adamlarını Gürcüstan və Azərbaycan arasındakı danışıqlara zərər verə biləcək bəyanatlar verməkdən çəkinməyə çağırıb.

Bu ilin may ayında Gürcüstanın o vaxtkı baş naziri Mamuka Bakhtadze demişdi ki, Azərbaycan tərəfi ərazidə yol tikintisi aparsa da, sonradan bu işi dayandırıb.

Keçikçi Dağ və ya David Qareci mübahisəsi
"Keşikçidağ" monastır kompleksi regionun ən məşhur və ən çox dəyər verilən mədəniyyət abidələrindən biridir.

Bu ilin may ayında bu məbəd üstündə mübahisə növbəti dəfə alovlanıb, gürcüstanlı fəallar razılaşdırılmamış sərhəddə etiraz aksiyası keçiriblər.

Gürcüstan və Azərbaycan arasında bölüşdürülmüş bu ərazi 20 ildən çoxdur ki, iki strateji partnyorun həll edə bilmədiyi münaqişə olaraq qalmaqdadır.

Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıyla bağlı birgə komissiya hələ 1996-cı ildə yaradılıb. Amma bu iki ölkə arasındakı sərhəd xəttinin üçdə biri, o cümlədən, kompleksin müəyyən hissəsinin yerləşdiyi ərazi razılaşdırılmamış qalır.
Print Email
FaceBook Twitter Google