2020-ci ildə proporsional sistemlə seçkilərin
keçirilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı neytral
qalan Marneulinin majoritar deputatı Tamaz Naveriani deyir ki, ola
bilsin bu gün Parlamentə getsin.
Tamaz Naverianinin “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdiyinə görə, o, Parlament qarşısında cərəyan edən hadisələrə
görə öz üzərində məsuliyyət görmür və bildirir ki, proporsional
seçkiləri əhalinin xahişinə görə dəstəkləməyib.
“Mən bələdiyyədə açıq formatda görüşlər keçirdim və
bütün görüşlərdə əhali bu problemi qeyd edirdi ki, biz majoritar
deputat istəyirik”, – Tamaz Naveriani deyir və qeyd
edir ki, qərar qəbul olunan zaman o, tam müstəqil olub.
Marneulili deputat eləcə də qeyd edir ki, o, 20-21 iyun aksiyasına
çıxmış əhaliyə proporsional seçkilərlə bağlı vəd verməyib.
“Bu həqiqətən də ölkənin inkişafına mane olan, yaxud
hansısa problem və ya riskin yaranmasına səbəb olacaq mövzu
olardısa necə səs verərdim, amma bu elə də böyük fəlakət deyil.
Seçkilər 2024-cü ilə keçir, sadəcə 4 il vaxtı
uzanıb”.
Tamaz Naveriani radio ilə söhbətində qeyd edib ki, onun gələn
seçkilərdə iştirak edib etməyəcəyi haqda danışmaq hələ tezdir və o,
bildirir ki, bu komandanın, yəni “Gürcü Arzusu”nun qərarı
olacaq.
Xatırladaq ki, ötən gün, 17 noyabrda, mülki fəallar və müxalifət
partiyalarının liderləri Parlamentin bütün girişlərini bağlayıblar.
Parlamentin bağlanması hələ də davam edir, artıq iki deputatın
qanunverici orqana girməsinə icazə verilməyib.
Parlamentin qarşısında aksiyalar 14 noyabrda verilmiş qərara görə
keçirilir. “Gürcü Arzusu” 20-21 iyunda verilmiş vədi yerinə
yetirməyib və 2020-ci ildə seçkilərin proporsional sistemlə
keçirilməsini dəstəkləməyib.
"Marneuli" Radiosu