“Majoritarlarımız olması üçün 30 nəfər də kifayətdir”, – Tamaz Naveriani Parlament seçkiləri ilə bağlı dəyişikliklər barədə
2020-ci ilin Parlament seçkiləri yenidən qarışıq qaydada, amma dəyişik majoritar və proporsional deputat sayı ilə keçiriləcək.

120/30 – müxalifət və iqtidar partiyasının razılığı ilə proporsional və majoritar qaydadad seçilmiş deputatların sayı belə bölünüb.

Marneulinin majoritar deputatı Tamaz Naveriani “Marneuli” radiosu ilə söhbətində deyir ki, qeyd olunan sistemlə hər iki tərəf məqsədinə nail olub.

“Majoritarlarımız olması üçün 30 nəfər də kifayətdir”, – Tamaz Naveriani deyir.

2016-cı ildə keçirilmiş Parlament seçkiləri zamanı Marneuli iki majoritar dairəyə bölünmüşdü. Yeni sistemlə isə Marneulidə yalnız bir majoritar dairə olacaq.

Tamaz Naverianinin sözlərinə görə, hələ ki, “Gürcü Arzusundan” Marneuli majoritar dairəsində kimin namizədliyinin veriləcəyi məlum deyil.

“Mən əminəm ki, Gürcü Arzusu hökumətin formalaşması problemi olmaması üçün yetərli səs toplayacaq. Ancaq koalisiya yaratmaq lazım olarsa, biz müxtəlif partiyalarla danışacağıq, yaşayıb görərik”, – Tamaz Naveriani deyir.

Marneulinin majoritar deputatı onu da qeyd edir ki, partiyada 2020-ci il Parlament seçkilərində Marneulidən majoritar namizədin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara yaxın gələcəkdə başlanılacaq.

Marneulinin daha bir majoritar deputatı Ruslan Hacıyev “Marneuli” radiosunun zənglərinə hələ ki cavab vermir.

"Marneuli" Radiosu
Print