Zibil qutusu olmayan kənd və nə vaxt daşınacağı məlum olmayan tullantılar (FOTO)
Kələ-kötür yolla Xutor Lejbəddin kəndinə daxil olduğunda ilk qarşılaşdığın məzərə qeyri-qanuni zibilik olur. Ətrafa səpələnən plastik su qabları, polietilen torbalar, uşaq bezləri və s. tullantılar ətrafda xoşa gəlməz mənzərə və üfunətli qoxunun yaranmasına səbəb olur.

Qeyri-qanuni zibillik evlərə yaxın ərazidə yerləşir. Bu da kənd sakinləri üçün təhlükəli ola bilər. Belə vəziyyət yoluxucu xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Sakinlər deyir ki, heç vaxt kənddə zibil qabları olmayıb və onlar da məcburi şəkildə məişət tullantılarını ora atmalı olurlar.



"Bizim kənddə zibil qabları yoxdur. Biz də məcbur olub zibilləri aparıb ora atırıq. Bəzən də çölə gedəndə aparıb Əlyətin (Algeti çayı) kənarına tullayırıq. Kimin maşını var, maşına qoyur və Marneuliyə gedəndə zibil qablarına atır", - Xutor Lejbəddin kəndinin sakini deyir.

“Təmiz Marneuli” (“Supta Marneuli”) MMC-nin direktoru Leri Mumladzenin “Marneuli” radiosuna bildirdiyinə görə Xutor-Lejbəddində zibil qutularının yerləşdirilməsi indiki mərhələdə planlaşdırılmır. Qeyri-qanuni zibilliyin təmizlənməsi isə planda var, ancaq nə zaman olacağı ilə bağlı məlumat almaq üçün bizi meriyaya yönləndirdi.

Bələdiyyədən bildirdiklərinə görə, qeyri-qanuni zibilliklərin təmizlənməsi beşillik tullantıların idarəolunması planında qeyd olunub. Ancaq Xutor Lejbəddinlə bağlı şərh vermək üçün rəsmi məktubla müraciət etməyimizi qeyd etdilər.

Print Email
FaceBook Twitter Google