Zibil qutusu olmayan kənd və nə vaxt daşınacağı məlum olmayan tullantılar (FOTO)
15:07 / 09.03.2020
Kələ-kötür yolla Xutor Lejbəddin kəndinə daxil
olduğunda ilk qarşılaşdığın məzərə qeyri-qanuni zibilik olur.
Ətrafa səpələnən plastik su qabları, polietilen torbalar, uşaq
bezləri və s. tullantılar ətrafda xoşa gəlməz mənzərə və üfunətli
qoxunun yaranmasına səbəb olur.
Qeyri-qanuni zibillik evlərə yaxın ərazidə yerləşir. Bu da kənd
sakinləri üçün təhlükəli ola bilər. Belə vəziyyət yoluxucu
xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Sakinlər deyir ki,
heç vaxt kənddə zibil qabları olmayıb və onlar da məcburi şəkildə
məişət tullantılarını ora atmalı olurlar.
"Bizim kənddə zibil qabları yoxdur. Biz də məcbur olub
zibilləri aparıb ora atırıq. Bəzən də çölə gedəndə aparıb Əlyətin
(Algeti çayı) kənarına tullayırıq. Kimin maşını var, maşına qoyur
və Marneuliyə gedəndə zibil qablarına atır", - Xutor
Lejbəddin kəndinin sakini deyir.
“Təmiz Marneuli” (“Supta Marneuli”) MMC-nin direktoru
Leri Mumladzenin “Marneuli” radiosuna bildirdiyinə görə
Xutor-Lejbəddində zibil qutularının yerləşdirilməsi indiki
mərhələdə planlaşdırılmır. Qeyri-qanuni zibilliyin təmizlənməsi isə
planda var, ancaq nə zaman olacağı ilə bağlı məlumat almaq üçün
bizi meriyaya yönləndirdi.
Bələdiyyədən bildirdiklərinə görə, qeyri-qanuni zibilliklərin
təmizlənməsi beşillik tullantıların idarəolunması planında qeyd
olunub. Ancaq Xutor Lejbəddinlə bağlı şərh vermək üçün rəsmi
məktubla müraciət etməyimizi qeyd etdilər.