Qaxaria – turist qəbul etmək bahasına vətəndaşların sağlamlığını təhlükəyə ata bilmərik

Gürcüstanın baş naziri Qiorqi Qaxaria Şida Kartlidə fermerlərlə görüş zamanı koronavirus pandemiyasının yaratdığı problemlər fonunda daxili turizmin əhəmiyyətindən və kənd təsərrüfatının perspektivlərindən danışıb.

Onun sözlərinə görə, daxili turizm bu kontekstdə xüsusi əhəmiyyət daşıyacaq.

Qaxarianın bildirdiyinə görə, o, İsrailin baş naziri ilə şəxsən danışıb və Gürcüstanla müntəzəm hava uçuşlarının bərpa olunacağı ilk ölkələrdən biri də məhz İsrail idi, amma ölkədə gözlənilmədən koronavirusa yoluxma hallarının sayı artıb. Qaxaria buna əsaslanaraq, Covid-19-un səbəb olduğu iqtisadi böhranın əsas göstəricilərinin qeyri-müəyyən olduğunu bildirib.

“İsrail, 15 iyuldan əvvəl uçuşlara başlayacağımız ilk mümkün ölkə idi. Düz bir həftə əvvəl orada epidemioloji vəziyyət gözlənilmədən pisləşdi ki, bunun da nəticəsində indi minlərlə insanı karantinə alırlar. Əlbəttə ki, istənilən bir turisti qəbul etmək bahasına vətəndaşlarımızın sağlamlığını təhlükəyə ata bilmərik. Turizmdən ölkəyə yoluxmanın gətirilməsi bizə o qədər baha başa gələ bilər ki, turistin bizim üçün heç bir qiyməti olmaya bilər",
– deyə Qaxaria vurğulayıb.

Baş nazir daxili turizm haqqında da danışıb. Qaxarianın sözlərinə görə, gürcülər bu il ilk növbədə Gürcüstanın daxilində səyahət etməlidir:

"Görmədiyimiz o qədər yerlər var ki... İndi buna imkanımız var və gəlin bütün Gürcüstanı gəzək. Bu yerləri həm özümüzün, həm də övladlarımızn görməsi bizim borcumuzdur",
– deyə Qaxaria bildirib.

Mənbə: Netgazeti

 

Print