Türkiyə sərhədlərini xarici vətəndaşlar üçün açır.
Ancaq Gürcüstan vətəndaşları hələ də Türkiyəyə gedə bilməyəcəklər –
sərhəddə Gürcüstan hökuməti tərəfindən qoyulmuş məhdudiyyətlər hələ
də qüvvədədir.
Türkiyənin Gürcüstandakı səfirliyindən verilən açıqlamada,
Türkiyənin İrandan başqa bütün ölkələrlə hava, dəniz və quru
sərhədlərini açdığı bildirilir. Ancaq bu qaydaların ləğvi
Gürcüstana daxil olmaq və çıxmaq istəyənlərə şamil edilməyəcək.
Türkiyənin Gürcüstandakı səfirliyinin sərhədin açılması ilə bağlı
açıqlamasını olduğu kimi təqdim edirik:
"Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin
Covid-19 ilə mübarizə aparmaq üçün qəbul etdiyi qaydaların Türkiyə
ilə xarici ölkələr arasındakı Türkiyə sərhəd keçidlərinin quru,
hava və dəniz marşrutları ilə məhdudlaşdırılması ilə əlaqəli olan
hissəsi ləğv olunur.
Türkiyə ərazisinə girən türk və xarici vətəndaşlar sağlamlıq
müayinəsindən keçəcəklər. Bu zaman simptomlar aşkarlanarsa və ya
zərurət yaranarsa, PCR testi pulsuz aparılacaq. Bu proseslə başlı
şərtləri və qaydaları Türkiyə Respublikasının Səhiyyə Nazirliyi
müəyyən edəcək.
Yuxarıda göstərilən şərtlərə uyğun olaraq, Türkiyəyə giriş və ya
Türkiyədən çıxış Türkiyə Respublikası Səhiyyə Nazirliyi, Türkiyə
Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyi və digər dövlət
qurumları tərəfindən həyata keçirilən tədbirlərə uyğun olaraq
aparılır.
Eyni zamanda, sərhəd buraxılış məntəqələrinə münasibətdə Gürcüstan
tərəfinin qəbul etdiyi məhdudiyyətlər davam edir. Buna görə də
Gürcüstandan Türkiyəyə və ya Türkiyədən Gürcüstana girmək istəyən
şəxslərin Gürcüstan hökumətinin sərhəd keçidlərində tətbiq etdiyi
məhdudiyyətləri nəzərə alması və buna uyğun davranması
vacibdir", – deyə Türkiyənin Gürcüstandakı
səfirliyinin açıqlamasında bildirilir.
Koronavirus pandemiyası səbəbindən Gürcüstanın Türkiyə ilə
sərhədləri 15 martdan ikitərəfli bağlanıb.