“Lelo Gürcüstan Üçün” məlumat xarakterli yürüş keçirdi (FOTO/VİDEO)
Bu gün, 30 iyun tarixində Lelo partiyasının üzvləri Marneulidə yürüş keçirdilər.

Aksiyanın səbəbi 1 iyul tarixində Partiyanın Marneulidə yerləşən qərərgahının rəsmi olaraq açılmasıdır. Açılış, 1 iyul, saat 12:00-da, Rustaveli 49 ünvanında partiya liderləri və “Lelo Gürcüstan Üçün” partiyasının Marneuli qərərgahının rəhbəri Murad Muradovun iştirakı ilə baş tutacaq.

Açılışda “Lelo”-nun Marneuli qərərgahının rəhbəri tədbir iştirakçılarına təqdim ediləcək, gələcək ideyaları haqqında məlumat veriləcək.

Bugünkü yürüşdə iştirak edən Murad Muradov “Marneuli” radiosu ilə söhbəti zamanı partiyaya qoşulmasının səbəbləri haqqında danışdı. Onun sözlərinə görə, aprel ayından başlayaraq partiyanın görüşlərinə qatılır və partiya liderləri ilə birlikdə müzakirələr aparırmış. Partiyanın siyası keçmişinin təmiz olduğunu deyən Muradov bildirdi ki, bu onun partiyaya qoşulması üçün əsas səbəb olub.

“Partiyaya qoşulmağımın əsas səbəbi odur ki, yeni partiyadır, siyasi keçmişi təmiz olan və ləkəsiz partiyadır. Liderlərinin siyasi görüşləri, dünya görüşləri, dəyərləri ilə mənim dəyərlərim üst-üstə düşür. Buna görə də partiyaya qoşularaq mübarizə aparmağa qərar verdim.”

Murad Muradovun sözlərinə görə, Lelo partiyası dekabr ayında rəsmi olaraq qeydiyyatdan keçib. Lakin qısa müddət ərzində reytinq qazanaraq Gürcüstanın bölgələrində öz ofislərini açıb.

“Lelo baxmayaraq ki, yeni yaranıb amma artıq Gürcüstanın əsas partiyalarından birinə çevirilib. Əhali arasında reytinqi olsun, üzvlərinin sayı olsun, liderlərin tanınma səviyyəsinə görə də ən yüksək və inkişaf edən partiyadır. Baxmayaraq ki, yarım ildir yaranıb, artıq minlərlə üzvü var. Hər regionda ofisləri var. Aktivistlər, gənclər qoşulur. Partiyanın əsas məqsədi Parlament seçkilərində maksimum mandat toplamaq və hakimiyyəti quracaq əsas partiyalardan biri olmaqdır”, – M.Muradov dedi.

“Lelo”nun yaranma səbələri mövzusuna toxunan Murad Muradov deyir ki, 30 dairərinin hər birində öz majoritar namizədləri irəli sürüləcək. Lakin müxalifət partiyaları öz vahid namizədini irəli sürərsə, Lelo partiyası həmin namizədə dəstək olmağa çalışacaq.

“Partiyanın məqsədi və ideyası budur ki, 30 dairənin hamısında öz majoritar namizədini irəli sürsün. Hələlik heç bir açıqlama yoxdur, amma ideya odur ki, 30 dairənin 30-da da Lelodan majoritar namizəd irəli sürülsün. Əgər görsək ki, müxalifətin 1 real namizədi var və bu namizədin qələbə şansı var. Bu halda Lelo həmin namizədi dəstəkləyə bilər. Amma bu sadəcə bir ideya formasındadır. Lakin 30 dairənin 30-da da Lelonun namizədləri olacaq.”

Namizəd olduğu halda maksimum səs toplamağa qadir olduğunu deyən Muradov bildirdi ki, namizədliyinin irəli sürülməsinə hazırdır. Lakin müxalifət partiyaları vahid namizədini irəli sürdüyü halda o, həmin namizədin siyasi keçmişi təmiz olarsa, həmin namizədə dəstək olmağa hazır olduğunu dedi.

“Əgər görsəm ki, ortaq namizəd var və onun siyasi keçmişi ləkəsizdirsə və real namizəddirsə, mən bu namizədi dəstəkləyə bilərəm. Müxalifətin hazırda əsas məqsədi odur ki, hakimiyyət dəyişsin və bu əsas məqsəd uğrunda eqolarımızı qırağa qoyub ortaq namizədi dəstəkləməliyik”, –
Murad Muradov bildirdi.

Xatırladırıq ki, “Lelo” vətəndaş hərəkatı 12 sentyabr 2019-cu ildə “TBC Bank”-ın təsisçiləri və keçmiş rəhbərləri Mamuka Xazaradze və Badri Caparidze tərəfindən təsis olunub.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google