Meriya fiziki imkanları məhdud şəxslərə verilmiş vədin yerinə yetirilməməsinə pandemiya ilə bəraət qazandırır
Marneulidə yaşayan görmə qüsurluların bu gün bələdçisi olmalı idi. Eşitmə qüsurlular tərcüməçi xidmətindən yararlanmalı və fiziki imkanları məhdud şəxslərin yaşayış yerinin adaptasiyasına başlanılmalı idi. Misal üçün, meriya “İşıqlı otaq” layihəsi çərçivəsində əlil arabasıdan istifadə edənlərin evində pandus düzəltdirməli idi. Marneuli meriyası və Fiziki İmkanları Məhdud Şəxslər Şurası bununla bağlı bir il əvvəl razılığa gəlmişdilər. Keçmiş mer, Zaur Darğallı bunu 2020-ci ilin yanvar ayında Marneuli bələdiyyəsində sosial proqramların təqdimatı zamanı təqdim etmişdi. Şura öz növbəsində qeyd olunan üç məqsədi müəyyənləşdirmişdi və meriya onları tamamilə dəstəkləmişdi. Layihə yerli büdcədən maliyyələşməli idi. Perspektiv möhtəşəm görünürdü – reallıq isə bunun tam əksidir.

Hüseyn Qəmbərov eşitmə qüsurludur. O, Marneulidə yaşayır. Yeganə gəlir yeri sosial yardım və fiziki imkanları məhdud şəxslərə verilən təqaüddür. Pandemiyaya qədər və elə indi də vəziyyət belədir. Ancaq koronavirus yayılana qədər o, Eşitmə Qüsurlular Birliyinin köməyi ilə şəxsi problemlərini həll edə bilirmiş. Pandemiya bu imkanı da onun əlindən alıb. Bələdiyyədə yaradılacaq üç əsas xidmət arasında tərcüməçi xidməti də var idi. Hüseyn Qəmbərov həmin vədin verilməsindən demək olar bir il sonra Marneulinin karantin zonası elan edilməsi dövründə tibbi xidmətdən də yararlana bilməyib.

“Marneuli bağlananda heç bir məlumatım yox idi. Heç kim mənə heç nə bildirmədi. Əməliyyat olunmuşdum və həmin vaxt sarğılarım dəyişdirilməli idi. Heç yerə gedə bilmirdim, çox ağrım var idi. Yenə də evdə qalırdım. Sonra Marneuliyə gedə bildim, ancaq məni həkimin yanına buraxmadılar. Olmaz dedilər. Mən də heç nə başa sala bilmirdim və ağrıya dözməli oldum.”

Eşitmə Qüsurlular Birliyinin tərcüməçisi Ema Ospenko da Hüseyn Qəmbərovun sözlərini təsdiqləyir. O, pandemiyanın əsas problemi olaraq məlumat çatışmamazlığını qeyd edir və bildirir ki, benefisiarlar karantinə görə yaranmış çətinliklərdən güclə çıxa biliblər. Marneuli Eşitmə Qüsurlular Birliyi pandemiyaya qədər həftədə iki dəfə görüşlər keçirirdi. Benefisiarlar biri-biri ilə məlumat mübadiləsi edirdilər və Gürcüstanda baş vermiş hadisələr barədə xəbərləri də öyrənirdilər. Ciddi rejim tətbiq olunduğuna görə görüşlər ləğv olunub. Bu isə eşitmə qüsurluların ünsiyyətdən və məlumatdan kənar qalmasına səbəb olub. Müəyyən vaxt bundan əvvəl təşkilat yenə bir neçə məlumat xarakterli görüş təşkil edib. İndi benefisiarlar hansı dövrdə yaşadıqlarını və hansı təhlükə ilə mübarizə aparacaqlarını bilirlər. Kimin smartfonu varsa, onun bəxti gətirib, ehtiyac olan halda tərcüməçidən onlayn rejimdə yardım istəyə bilir. Belələri isə azdır, əksəriyyət yenidən bütün xidmətlərdən kənar qalır.

Hüseyn Qəmbərov kimi eşitmə qüsurlu şəxslər əsasən sosial yardım və fiziki imkanları məhdud şəxslərə verilən təqaüdlə yaşayır. Baxmayaraq ki, onların böyük əksəriyyəti işləmir və müvafiq olaraq, gəlir mənbələrini itirməsələr də, koronavirusa görə sosial şəraitləri yenə də ağırlaşıb. Artmış qiymətlərin fonunda aylıq gəlirlə pandemiyaya qədər olduğundan indi daha az ərzaq ala bilirlər. Meriya Marneuli bələdiyyəsində yaşayan bütün şəxslərə mart ayından bu günə qədər yalnız bir dəfə ərzaq səbəti verib. Səbətə standart olaraq şəkər, un, günəbaxan yağı və digər əsas ərzaqlar daxil idi. Bu ərzaqlar ailələrə bir neçə gün kifayət etdi. Meriya o zaman koronavirus pandemiyası ilə bağlı onlar üçün vacib olan məlumatı fiziki imkanları məhdud şəxslərə başa düşdükləri dildə çatdırmağı düşünməyib.

Görmə qüsurlu Firudin Qaracayev həyat yoldaşı-övladları sayəsində koronavirusla bağlı Hüseyn Qəmbərovdan daha artıq məlumat ala bilmişdi. İllərdir ki, evdən nadir hallarda çıxıb. Ancaq dörd nəfərlik ailədən yalnız o, virusa yoluxub. Vəziyyəti ağırlaşıb, ancaq heç bir klinikada yer tapılmayıb. O, evdə müalicə olunub. Koronavirusa qalib gəlib, ancaq məlumatlandırılma, sosiallaşdırılma, dövlət xidmətlərdən yararlanma problemi onun üçün yenidən aktual olaraq qalır.


Marneuli meriyası koronavirus pandemiyasının yayılması zamanı fiziki imkanları məhdud şəxslərə ayrılmış xidmətlərin qüvvəyə minməsi üçün heç nə etmədi. Bələdiyyə Marneulidə yaşayan fiziki imkanları məhdud şəxslərə yardımını yalnız ərzaq səbəti ilə göstərdi.

Gürcüstanın Görmə Qüsurlular Birliyinin sədri Revaz Maisuradze deyir ki, Gürcüstan miqyasında görmə qüsurluların əsas problemi əlçatan mühitin olmamasıdır. Koronavirus isə onsuzda qapalı ictimaiyyəti daha da bağladı.

“Məsələ qlobal və eləcə də yerli əhəmiyyətinə görə ayrıla bilər. Mən daha çox qlobal tərəfini diqqətə yetirəcəyəm. Artıq təxminən 20 ildir bu məsələ üzərində çalışırıq və irəli addım ata bilməmişik. Qlobal miqyasda yenə də bu günə qədər dəyişməyən köhnə yanaşma nəzərdə tutulur. Yəni görmə qüsurlular üçün indiyə qədər sosial yanaşma tibbi yanaşmanı aşıb. Bu günə qədər fiziki imkanları məhdud olan şəxslərin ehtiyacları barədə araşdırma aparılmayıb ki, dövlət adamlara nə lazım olduğunu, nə ilə onlara dəstək olacağını bilsin. Bilmirəm Marneulini necə qeyd edim, bir halda ki, bu problemlər heç Tbilisidə də həll olunmayıb.”

Koronavirus pandemiyası Marneuli bələdiyyəsində ən çox yenə də eşitmə qüsurlulara problem yaradıb. Eşitmə Qüsurlular Birliyinin sədr müavini Maia Metonidze deyir ki, 23 mart tarixindən 18 may tarixinə qədər olan dövrdə, bələdiyyədə ciddi karantin elan edilən zaman Marneuli Eşitmə Qüsurlular Birliyinin benefisiarlarının koronavirus barədə məlumatı olmayıb. Bu isə onlara emosional stress və psixoloji problemlər yaradıb. Bu gün məlumatlandırma problemi az-çox həll olunub, ancaq ehtiyac olduğu halda bu adamlar üçün heç bir xidmət əlçatan deyil.

Marneuli merinin müavini Laşa Lobcanidze Marneuli Fiziki İmkanları Məhdud Şəxslər Şurasının sədridir. Şura könüllülərdən, görmə, eşitmə qüsurlular, əlil arabasından istifadə edənlər, fiziki imkanları məhdud uşaqların valideynləri, onların nümayəndələri, eləcə də meriya və Bələdiyyə Məclisinin əməkdaşlarından ibarətdir. Laşa Lobcanidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bələdiyyədə fiziki imkanları məhdud şəxslər üçün bələdçinin, tərcüməçinin və “İşıqlı otaq” xidmətinin qəbul edilməsi koronavirusun yayılmasına görə dayanıb. Meriya əməkdaşlarının əksəriyyəti distant rejimə keçib və Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclası da keçirilmədi.


Merin müavini qeyd etdi ki, fiziki imkanları məhdud şəxslər üçün bu il ərzində yerli büdcədən təxminən 500 000 lari xərclənəcək və bu məbləğ 500-dən artıq benefisiar üçün xərclənəcək. Qurumdan “Marneuli” radiosuna verilmiş rəsmi məktubda məbləğ qeyd olunmayıb. Baxmayaraq ki, biz məhz bu məlumatı tələb etmişdik. Müvafiq olaraq yalnız güman edə bilərik ki, 500 000 lari yardımla birgə müalicə, nəqliyyat xidməti və başqa xərcləri nəzərdə tutur. Məktubda qeyd olunub ki, qeyd olunan xidmətlər görmə, eşitmə qüsurlu, eləcə də hemodializ olan şəxslər üçün birdəfəlik, həmçinin, aylıq yardımı nəzərdə tutur. Marneuli meriyasından verilmiş məlumata görə, 2020-ci ildə qeyd olunan xidmətlərdən 497 benefisiar yararlanıb.

“Ötən il xidmətlərdən ümumilikdə 497 benefisiar yararlandı. Benefisiarlar aylıq yardımlardan 1416 dəfə istifadə edib. Hemodializ olan vətəndaşların isə 1010 dəfə nəqliyyat xərcləri ödənib”, – meriyadan verilmiş ictimai məlumatda qeyd olunub.

Marneuli Bələdiyyə Məclisinin 9 saylı sərəncamına uyğun olaraq ciddi görmə problemi olan fiziki imkanları məhdud və 18 yaşa qədər görmə qüsuru olan benefisiarlar hər ay 100 lari alacaqlar. Əhəmiyyətli dərəcədə və ölçüyə uyğun aşkarlanmış görmə qüsuru olan fiziki imkanları məhdud benefisiarlar hər ay 70 lari alacaqlar. Eşitmə-nitq qüsuru olan şəxslərə də hər ay 70 lari veriləcək.

Tərcüməçi, bələdçi və “İşıqlı otaq” arzusu perspektivi yenidən qeyri-müəyyən gələcəyə çevrildi. Fiziki İmkanları Məhdud Şəxslər Şurasının sədri üç məqsədin həyata keçirilməsinin vaxtı olaraq “yaxın gələcək” deyə qeyd etdi. Ancaq həmin “yaxın gələcək” nə zaman olacaq, bunu özü də bilmir. Layihənin müvafiq büdcəsi də yoxdur.

Koronavirus pandemiyası ilə yanaşı, həmçinin, tənzimləmələr barədə də daim dəyişən məlumatlar yayılır. Bu məlumatlar fiziki imkanları məhdud şəxslər üçün yenə də məlum deyil. Marneuli meriyasının kömək edəcək kimsələri olmadığı və yalnız öz ümidlərinə, dövlət xidmətlərindən kənar qaldıqları halda, insanlara dəyişikliklər barədə necə məlumat verməli, necə kömək etməli olduğu barədə heç bir planı yoxdur.

Print Email
FaceBook Twitter Google