Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş
majoritar deputatı, “Gürcü Arzusu”-nun üzvü Zaur Darğallı Daxili
İşlər Nazirliyinə, polislərə minnətdarlığını bildirib.
Darğallının sözlərinə görə, polislər bu gün, 23 fevral tarixində
Nika Melianı beynəlxalq standartları qorumaqla aparılmış əməliyyat
nəticəsində həbs ediblər.
“Mən çox sevinirəm ki, bu gün demokratik Gürcüstanda
bizim polis güclüdür və bizim polis qəbul edilmiş beynəlxalq
standartlarla hərəkət edir”, – Zaur Darğallı
bildirib.
Majoritar deputatın sözlərinə görə, qanun qarşısında hamı
bərabərdir və Nika Melianın statusuna baxmayaraq onu həbs etməli
idilər.
“Bu Gürcüstanda hamının qanun qarşısında bərabər
olmasının göstəricisidir. Bütün ictimaiyyətin, mənim də istəyim var
ki, bizim dövlət güclənsin, inkişaf etsin. Bizim birgə gücümüz
nəticəsində Gürcüstanda bütün institutlar güclənəcək və hamı qanuna
hörmətlə yanaşacaq”, – Zaur Darğallı bildirdi.
Bu gün, 23 fevral tarixində hüquq mühafizə orqanı əməkdaşları
“Milli Hərəkat” partiyasının ofisinə hücum edib və partiyanın
lideri Nika Melianı həbs ediblər. Müxalifət liderləri “Milli
Hərəkat”-ın liderinin həbsini diktatura olaraq qiymətləndirir.
Nika Melianın həbsinə ABŞ-ın Gürcüstandakı səfiri də münasibət
bildirib. O, qeyd edib ki, bu gün Gürcüstan Avroatlantika
dövlətləri ailəsində daha güclü demokratiyaya gedən yoldan geri
çəkildi.