Fransada mühacirətdə vəfat edən Gürcüstan Demokratik Respublikası
(1918-1921) ordusunun baş komandanı, görkəmli general Giorgi
Kvinitadzenin meyitinin qalıqları Tbilisiyə gətirilib.
Tbilisi beynəlxalq hava limanında generalın xatirəsinə fəxri
qarovulun iştirakı ilə rəsmi mərasim keçirilib.
Mərasimdə Gürcüstan Prezidenti Salome Zurabişvili, müdafiə naziri
Cuanşer Burçuladze, parlament sədri Kaxa Kuçava və digər rəsmi
şəxslər iştirak ediblər.
Gürcüstan hökumətinin qərarı ilə G.Kvinitadzenin cənazəsi mayın
26-da – ölkənin Müstəqillik günündə Mtatsminda panteonunda dəfn
olunacaq.
G.Kvinitadze 1874-cü ilin avqustun 21-də Dağıstanda anadan olub.
1884-cü ildə o, Tiflis Kadet Korpusuna daxil olub, daha sonra
təhsilini Sankt Peterburqda davam etdirib. G.Kvinitadze Rusiya
imperator ordusunda uğurlu hərbi karyera qurub. O, 1917-ci ilin
ikinci yarısından müstəqil dövlətin ordu quruculuğunda fəal iştirak
edib, Gürcüstanın hərbi məktəbinin yaradılmasında müstəsna
xidmətlər göstərib. 1921-ci ilin fevral-martında hücum edən Qırmızı
ordu hissələrinə qarşı müqavimət təşkil edib.
1921-ci ildə demokratik respublikanın süqutundan sonra general
Türkiyənin İstanbul şəhərinə, oradan isə 1922-ci ildə Fransaya
mühacirət edib. O, 1970-ci ilin avqustunda Şatu şəhərində vəfat
edib və yerli qəbirstanlıqda dəfn olunub.
2013-cü ildə G.Kvinitadze ölümündən sonra Gürcüstanın milli
qəhrəmanı ordeni ilə təltif edilib. 2006-cı ildə Tbilisidə
küçələrdən birinə onun adı verilib. Generalın xatirəsinə “Giorgi
Kvinitadze” adlı gümüş hərbi medal təsis olunub.