220 gündür ki, Gürcüstan vətəndaşlarının axşam saatlarında
hərəkət etmək hüququ məhdudlaşdırılıb. Gürcüstan hökuməti 2020-ci
ilin 7 noyabr tarixində koronavirusun
qarşısının alınması məqsədi ilə “komendant saatı”-nın tətbiq
edilməsi barədə sərəncam verib. Qərar 9 noyabr tarixində qüvvəyə
minib. Bu hərəkətlə bağlı tətbiq edilmiş artıq ikinci məhdudiyyət
idi. Komendant saatı ilk dəfə 2020-ci ilin 31 mart tarixində tətbiq
edilmişdi və 23 may tarixində məhdudiyyət götürülmüşdü. Bir neçə
aydır vətəndaşlara hərəkətin məhdudlaşdırılması ilə yanaşı, geniş
miqyaslı tədbirlərin, yas və toy mərasimlərinin keçirilməsi də
qadağandır. Buna maska taxmaq məcburiyyəti də əlavə olunub.
“
Komendant saatı” insan hüquqlarını pozurmu,
dövlətin insan hüquqlarını məhdudlaşdırmaq hüququ varmı və hökumət
koronavirus zamanı insan hüquqlarını nə dərəcədə qoruya bildi? –
hüquqşünas Qiorqi Mşvenieradze “Marneuli” radiosunun suallarını
cavablandırır.
-
Cənab Qiorqi, bir il yarımdan artıqdır ki, Gürcüstanda
“komendant saatı” qüvvədədir. Vətəndaşlara, ilk əvvəl, axşam saat
9-dan səhər saat 5-ə qədər hərəkət qadağan edildi. İndi isə
komendant saatının vaxtı qısaldıldı, axşam saat 11-dən səhər saat
4-ə qədər məhdidyyət qoyuldu. Xeyli müddətdir ki, adamların müəyyən
vaxt kəsiyində azadlığı məhdudlaşdırılır. Bu məhdudiyyət nə
dərəcədə ədalətlidir?
-
Ondan başlayım ki, elə hüquqlar var, ümumi xarakter daşıyır,
onları heç vaxt, heç bir vəziyyətdə məhdudlaşdırmaq olmaz. Nisbi
hüquqlar var ki, onları məhdudlaşdırmaq mümkündür. Hərəkət hüququ,
aydındır ki, məhdudlaşdırılması mümkün olan hüquqlara aiddir. Ancaq
belə məhdudlaşdırılma həmişə qanunla, yəni, Parlament tərəfindən
qəbul edilmiş normativ aktla nəzərə alınmalıdır. Belə məhdudiyyətin
ictimai, legitim məqsədlərə xidmət göstərməsi və proporsional
olması mühümdür. Yəni, tətbiq edilən məhdudiyyət az məhdudlaşdırıcı
olmalıdır və eyni zamanda məhdudlaşdırılan ictimai maraq, özəl
maraqdan çox yüksəkdə durmalıdır. Əgər hüququn məhdudlaşdırılması
bu meyarlara cavab vermirsə, o zaman, biz insan hüquqlarının
pozulmasından danışa və bu məsələni məhz bu kontekstdə müzakirə edə
bilərik. Aydındır ki, hakimiyyət komendant saatına bir açıqlama
tapacaq və hakimiyyətin dediyi kimi, komendant saatının sosial
ünsiyyətlərin azaldılmasına gücü çatır. Aydındır ki, qanun bu tipli
məhdudiyyətdən istifadə etmək imkanı verir, ancaq bu bizim
dediyimiz kimi, klassik anlayışlı komendant saatı deyil. Faktiki
olaraq, hakimiyyət nə edirsə, məzmununa görə komendant saatına çox
bənzəyir, ancaq komendant saatı elan etmək üçün tam başqa qayda və
qanun tətbiq edilib. Ona görə, əgər məzmun eynidirsə və hakimiyyət
buna baxmayaraq başqa formada hərəkət edirsə, bunun problemi
var.
İkinci tərəfi budur ki, hakimiyyətin həmin məqsədlərə çatmaq
üçün nə dərəcədə az məhdudlaşdırıcı vasitələrdən istifadə etmək
imkanı var idi. Xüsusilə də peyvəndlərin əlçatan olduğu bir vaxtda.
Peyvəndlər son bir həftə deyil, artıq aylardır əlçatandır. Ancaq
hakimiyyət başqa ölkələrdən fərqli olaraq, müvafiq güc tapa bilmədi
ki, ölkədə peyvəndin vurulmasını tətbiq etsin. Məhz bu komendant
saatını gündəlikdən çıxaracaqdı. Müvafiq olaraq, əgər bu amilləri
nəzərə alsaq, deyə bilərik ki, məhz hakimiyyətin öz öhdəliklərini
müvafiq şəkildə yerinə yetirə, daha konkret desək, ictimai səhiyyə
problemi kimi, kovidə qarşı alternativ və az məhdudiyyətli
vasitələr irəli sürə bilməməsinə görə, insan hüquqlarının
məhdudlaşdırılması bu testdən kənar baş verir.”
-
Komendant saatından danışırıqsa, mütləq koronavirus
pandemiyası ilə əlaqədar olan məhdudiyyətlərdən də danışmalıyıq.
Toy, yas mərasimlərinin və bayramların qeyd olunması yenə qadağan
edilib. Bu məhdudiyyətləri insan hüquqlarının pozulması hesab edə
bilərikmi?
-
“Burada da həmin məntiqlə danışmalı olacağıq. Çünki
bayramlar, ənənəvi ayinlər kimi fəaliyyətlərlə bağlı ictimai
toplaşmanın məhdudlaşdırılması hərəkət azadlığının
məhdudlaşdırılması prinsipinə əsaslanır. Ona görə, burada da deyə
bilərik ki, hüquqların məhdudlaşdırılması, hakimiyyətin başqa, az
məhdudlaşdırıcı vasitələrdən, həmçinin, peyvənddən effektiv
istifadə edə bilməməsinə görə yaranıb.”
-
Digər məhdudiyyətləri, həmçinin, açıq məkanlarda maska
taxma məcburiyyətini nə dərəcədə insan hüquqları çərçivəsində
müzakirə edə bilərik?
-
“Aydındır ki, adamın hansısa əşyanı, eləcə də maskanı
daşımağa məcbur edilməsi insan hüquqlarının pozulması deməkdir.
İnsan hüquqlarını nəzərdə tuturam. Necə istəyir, elə də hərəkət
etsin və necə istəyir, elə də geyinsin. Ancaq, digər tərəfdən bu
halda da məhz hansı legitim məqsədlərin olduğunu görməliyik. Biz
eləcə də aylar ərzində hakimiyyətin əsası olmadan, maska
taxmadığına görə adamları cərimələməsini də xatırlamalıyıq. Çünki
maska taxmaq qapalı məkanlarda məcburi idi, küçədə istifadə etmək
isə qanunla nəzərdə tutulmamışdı. Bundan əlavə, ümumiyyətlə,
qanunun icrası ilə bağlı başqa problemlər də var. Tətbiq edilmiş
məhdudiyyətlərin bir qisminin ədalətli dövlət prinsipi kimi
prinsiplərlə uyğunlaşmaqda problemi var. Çünki yalnız Parlamentin
qanun vasitəsilə insan hüquqları sahəsinə müdaxilə etmək hüququ
var. Bizim vəziyyətimizdə isə Parlament bu cür səlahiyyətləri
Gürcüstan hökumətinə həvalə etdi. Ümumiyyətlə, həvalə edilmiş
qanunvericilik, yəni, qanuna tabe olan aktlar məhdud qanunla
olmalıdır. Yəni, qanun onların fəaliyyət çərçivəsini müəyyən
etməlidir və Parlament bunun əvəzində icraçı hakimiyyətə kovid ilə
bağlı vəziyyətlərdə çox geniş mülahizə verdi. Bu işlər Konstitusiya
Məhkəməsinə aparılmışdı. Ancaq, təəssüf ki, Kosntitusiya Məhkəməsi
bu prosesi başqa cür gördü və bununla deyə bilərik ki, insan
hüquqları standartlarını aşağı endirmiş oldu.”
-
Cənab Qiorqi, bildiyimiz kimi, 2020-ci ildə koronavirusa
ilk yoluxma qeydə alınan zaman, Marneuli və Bolnisi bələdiyyələri
bir neçə həftəlik qapadıldı. Vətəndaşların bələdiyyəyə daxil olmaq,
yaxud çıxmaq imkanı yox idi. Bu fakt insanın hərəkət azadlığının
məhdudlaşdırılmasıdır?
-
Aydındır ki, bu insanın hərəkət azadlığının
məhdudlaşdırılmasıdır. Burada maraqlı olan odur ki, niyə bu iki
bələdiyyənin qapadılması vacib oldu. Hakimiyyət başqa şəhərlərlə
bağlı eyni hərəkət etmədi. Buna səbəb hansısa ksenofobiya motivləri
deyildimi? Ancaq bunun üçün də daha əsaslı sübut lazımdır.
Hakimiyyət daha aydın cavablar verməli idi ki, niyə bu ərazi
vahidlikləri ilə bağlı belə hərəkət ediblər, ancaq misal üçün,
Batumi ilə bağlı niyə həmin məntiqlə hərəkət etməyiblər. Batumidə
də problem az deyildi. Biz hakimiyyətdən belə bir açıqlama
eşitmədik. Təbii ki, ola bilsin, buna səbəb həmin regionlarda etnik
azlıq nümayəndələrinin yaşaması ola biləcəyi ilə bağlı şübhəni daha
da dərinləşdirir.
-
Qeyd edək ki, bu faktla əlaqədar Qiorqi Çauçidzenin
Konstitusiya Məhkəməsində müraciəti var və mübahisənin əsası məhz
Marneuli bələdiyyəsinin bağlanmasına görə, adamların hərəkət
azadlığı hüququnun məhdudlaşdırılmasıdır. Necə düşünürsünüz,
Konstitusiya Məhkəməsi hansı qərarı qəbul edəcək?
-
Proqnoz vermək çətindir. Çünki Konstitusiya Məhkəməsinin
fevralda kovidin tənzimlənməsi ilə bağlı qəbul etdiyi əvvəlki
qərarlar elə də yüksək standart yarada bilmədi və bu təbii ki,
insan hüquqlarına zərbə vurdu. Ona görə, Konstitusiya Məhkəməsinin
hansı qərarı qəbul edəcəyi barədə əvvəlcədən nə isə deməkdə
çətinlik çəkirəm.
- Bildiyiniz kimi, Marneulinin qapadılması zamanı bələdiyyədə geniş
miqyaslı aksiyalar keçirilirdi. Əhali Marneulinin açılmasını tələb
edirdi, çünki məhsullarını sata bilmirdilər. Həmçinin, Tbilisidə də
aksiyalar keçirilirdi. Necə düşünürsünüz, pandemiyaya görə tətbiq
edilmiş məhdudiyyətlər toplaşma və söz azadlığını nə dərəcədə
məhdudlaşdırır?
- Burada məsələni iki yerə bölməliyik. Biz başa düşürük ki,
ümumiyyətlə, adamların toplanması kovid vəziyyəti baxımından
riskdir. Ancaq bu növ məhdudiyyətlərin uzun zaman qüvvədə qalması
hakimiyyətə zövq verirdi və bundan etiraza qarşı fəal istifadə
edirdilər. Biz görürdük ki, hakimiyyət əksər hallarda, müəyyən
məhdudiyyətləri öz siyasi gündəliyinə uyğunlaşdırmaq üçün süni
şəkildə bu rejimi saxlayırdı. Bu hamımızın gözümüzlə gördüyü
reallıq idi.
- Baxmayaraq ki, bütün məkanlarda 10 nəfərdən artıq adamın
toplaşması qadağan edilmişdi, seçkilərdən əvvəlki dövrdə siyasi
partiyalar seçicilərlə genişmiqyaslı görüşlər keçirə bilərdilər. Bu
ədalətli yanaşmadır?
- Siyasi özünüifadə ən yüksək standartla qorunan özünüifadədir. Ona
görə də belə özünüifadənin qorunması, aydındır ki, daha mühümdür və
ön sırada dayanır. Ona görə, əgər prioritetlər yaradırıqsa, beləsi
artıq mövcuddur. Ancaq siyasi özünüifadə yalnız seçki subyektinin
nümayəndəsi ilə görüşməyimiz deyil. Siyasi özünüifadə adi
vətəndaşların prosesi ola bilər. Ona görə özünüifadə bərabər
şəkildə qorunmalıdır, bərabər şəkildə mühüm olmalıdır.
- Pandemiya zamanı, insan hüquqları baxımından ən böyük
“uğursuzluğumuz” harada oldu?
-
Uğursuzluq, bilmirəm, nə dərəcədə düzgün termindir. Ancaq
bununla bağlı çox sayda araşdırmalar aparılıb ki, hakimiyyət
məhdudiyyətlərdən siyasi baxımdan öz xeyrinə maksimum dərəcədə
yararlanaraq, pandemiyadan, yaranmış vəziyyətdən necə istifadə
edirdi. Belə ayrılıqda bölmək çətindir, ancaq bir baxışla deyə
bilərik, ən pisi odur ki, ümumiyyətlə, pandemiya qeyri-demokratik,
avtoritar hakimiyyət şəraitində yaxşı vasitəyə çevrildi ki, bununla
insan hüquqlarının məhdudlaşdırılmasına bəraət qazandırsınlar.
Təəssüf ki, bizim hakimiyyət də bu tamaha dözə bilməyən ölkələr
arasına düşdü.
-
Belə qeyri-standart vəziyyətdə, tərəzinin bir gözündə
sağlamlıq və insan həyatı, digər tərəfində isə insanın
konstitusional hüquq və azadlıqları durduğu halda, hakimiyyət
“qızıl ortanı” necə tapmalıdır ki, heç bir yaxşılıq zərər
görməsin?
-
Bu yalnız hansısa nəzəri məsələlər deyil. Bu məsələlərlə
bağlı dəfələrlə qərar qəbul edilib. Bu maraqların
balanslaşdırılmasıdır. Hüquq dilində bu belə adlanır və bəli,
demokratik dövlətdə sistemlər var ki, maraqların balanslaşdırılması
imkanı yaradır. Yəni, bir tərəfdən kovid pandemiyası, onun mənfi
nəticələri, təhlükələrinin qarşısı alınsın deyə insanların ictimai
marağına, cəmiyyətin ictimai marağına laqeyd yanaşılmalıdır. Digər
tərəfdən isə insan hüquqları bu mübarizədə lazım olduğundan artıq
məhdudlaşdırılmasın.
-
Gürcüstan bu vəzifənin öhdəsindən necə
gəldi?
-
Nə bilim, siz özünüz görə bilərsiniz. Bir tərəfdən, lap elə
bu gün pandemiya ilə mübarizə baxımından mövcud vəziyyətə baxa
bilərsiniz. Ölüm göstəricisi, qeydə alınan yoluxma hallarının sayı,
yayılma göstəricisi necədir, ölkəmizdə neçə nəfər peyvənd olunub,
iqtisadiyyat və insan hüquqları hansı vəziyyətdədir. Bunların
hamısını bir-biri ilə və başqa ölkələrin göstəriciləri ilə müqayisə
edək. Hesab etmirəm ki, sevindirici vəziyyətdə olaq. Düşünürəm ki,
özümüzü müqayisə etdiyimiz ölkələrlə müqayisədə göstəricilərə görə
ən pis vəziyyətdəyik.
18 iyuna olan göstəricilərə görə, Gürcüstanda koronavirusa 357 591
yoluxma təsdiqlənib, buradan 671 hal son 24 saat ərzində
təsdiqlənib. Koronavirus nəticəsində Gürcüstanda 5 131 adam ölüb.
İndiki mərhələdə ölkədə 225 666 adam koronavirusa qarşı peyvənd
vurdurub.
Hələ ki, hərəkətlə və genişmiqyaslı toplaşmalarla bağlı
məhdudiyyətinin nə zaman qaldırılacağı məlum deyil. İmmunoloqlar və
Səhiyyə Nazirliyinin nümayəndələri bildirirlər ki, ölkədə tətbiq
edilmiş məhdudiyyətlərin qaldırılması koronavirusun təsdiqlənməsi
hallarının azalmasından asılıdır.