“Dərslər zamanı şagirdlərdə çiçəklənə biləcək azadlıq
toxumu – mən həmişə buna çalışırdım və gələcəkdə də çalışacağam.
Bizim şagirdlərə müəllimlərdən məhz belə nümunə lazımdır, azadlıq
nümunəsi göstərmək”
– 2019-cu ilin milli müəllim mükafatı təqdim olunan zaman Qiorqi
Çauçidze ictimaiyyətə belə müraciət etmişdi. 2020-ci ilin aprel
ayında o, özü belə nümunələrdən birini göstərdi. Marneuli 2 saylı
ictimai məktəbinin gürcü dili və ədəbiyyat müəllimi hesab edir ki,
dövlət Marneuli və Bolnisini bağlamaqla əsassız olaraq onun
hüquqlarını məhdudlaşdırıb. Pedaqoq Konstitusiya Məhkəməsinə
şikayət ərizəsi ilə müraciət edib. Bundan isə 15 ay ötüb. Ancaq
məhkəmə hələ də qərar qəbul etməyib.
Qiorqi Çauçidze Çiaturalıdır. Ancaq peşə fəaliyyəti ilə əlaqədar
olaraq artıq 9 ildir ki, Marneulidə yaşayır. 2020-ci il 23 mart
tarixində, bələdiyyəni koronavirusun yayılmasının qarşısının
alınması məqsədi ilə bağladıqları günü yaxşı xatırlayır.
Xatırlayır, çünki o zaman əsəbiləşmişdi.
“Bir il əvvəl, o dövrə getsək, məndə ciddi etiraz hissi
yaranmışdı. Hələ ki, bu aylar ərzində davam da edirdi. Bu qərar,
tanınmış və formalaşmış həqiqətlərə, ehtimallara əsaslanırdı,
sonradan təsdiqləndi. Bugünkü vəziyyətlə müqayisə etsək, bu gün
2600 yoluxma qeydə alınıb və heç bir yer bağlanmayıb. O zaman 2
yoluxma halı qeydə alınmışdı və bütün regionu hərbçilərlə əhatəyə
alıb, qapadılar. Qısası, bu konteksti nəzərə alaraq, o zaman məndə
tələb yarandı və hökumətin bu qərarını Konstitusiya Məhkəməsinə
şikayət etdik.”
Ötən ilin mart ayında hökumət koronavirusun qarşısının alınması
məqsədi ilə iki regionu bağladı. Bununla yerli sakinlərin hərəkət
azadlığı məhdudlaşdırıldı. O zaman regionda həqiqətən də iki
yoluxma halı qeydə alınmışdı. Bələdiyyəyə giriş-çıxışı
bağlamışdılar, buraxılış məntəqələrinə silahlı polislər nəzarət
edirdi. Bu Marneuli və Bolnisidə sosial-iqtisadi vəziyyəti daha da
ağırlaşdırdı. Əhalinin məhsulu xarab oldu, gəlir sıfıra endi. Hər
tərəfdən irqçi bəyanatlar eşidilirdi. Qiorqi Çauçidze regionun
açılmasından sonrakı gün – 23 aprel tarixində, hökumətin Marneuli
sakinlərinin azadlığını məhdudlaşdıran sərəncamının dayandırılması
və qanunsuz hesab edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə
müraciət edib.
“Məhkəmə bu barədə hökm çıxarmayıb və belə, havadan
asılı vəziyyətdə qalıb. Bu gün artıq bu məsələ aktuallığını itirib.
Ancaq mən hesab edirəm ki, bu Konstitusiya Məhkəməsi tərəfindən
düzgün yanaşma deyildi. Marneulini bağladıqları arqumentlər bu gün
artıq qüvvəsini itirib, çünki minlərlə yoluxma qeydə alınır və heç
bir yer bağlanmır.”
Konstitusiya Məhkəməsi hökumətin sərəncamının Konstitusiyaya
uyğunluğu məsələsinə hələ də qərar verməyib. Qiorqi Çauçidze hesab
edir ki, məhkəmə qərar verməkdə gecikib.
Fövqəladə vəziyyət zamanı Qiorqi kimi bir çox adam problemlərlə
üz-üzə qaldı. Baxmayaraq ki, Marneulini Gürcüstanın başqa
regionlarından ayırdılar, bütün ölkəyə aid olan müxtəlif
məhdudiyyətlər tətbiq edildi. Özünüidarə, yaxud karantin məkanını
tərk etmək, üç nəfərdən artıq şəxsin toplanması qadağan edildi.
Hərəkət məhdudiyyəti tətbiq edildi. Maska taxmaq məcburi oldu və
s.
22 may 2020-ci il tarixində Gürcüstanda fövqəladə vəziyyətlə bağlı
rejim ləğv olundu. Ancaq məhdudiyyətlər qüvvədə qaldı. “Marneuli”
radiosu təcrid, yaxud karantin qaydalarının pozulmasına görə
cərimələnənlər barədə Daxili İşlər Nazirliyindən məlumat tələb
etdi. Verilmiş məlumata görə, 2020-ci ildə Gürcüstan miqyasında bu
qaydanı pozduğuna görə 4556 nəfər cərimə olunub. Bizim
hesablamalarımıza əsasən, cərimələrin ümumi miqdarı 9 112 000 lari
təşkil edir. Həmin dövrdə tətbiq edilmiş qaydaları Kvemo Kartlidə
535 nəfər pozub. Cərimələrin miqdarı 1 070 000 laridir. Həmin il
maska taxma qaydasını pozduğuna görə, Gürcüstanda 58 848 nəfər
cərimələnib. Tənzimləmələri pozan şəxslərdən 3990 nəfəri Kvemo
Kartlidəndir.
Daxili İşlər Nazirliyi maska taxma qaydasını pozmağa görə yazılmış
cərimələrin miqdarı barədə məlumat verməyib. Ancaq, 24 iyun 2021-ci
il tarixində Gürcüstanın Baş-naziri İrakli Qaribaşvili bildirmişdi
ki, vətəndaşlara və hüquqi şəxslərə təcrid, karantin və maska taxma
qaydasını pozduğuna görə yazılmış cərimələr silinəcək. Bununla da
statistika mənasını itirdi. Hökumət yerli özünüidarə seçkiləri və
yenidən “pikə çatmış” pandemiya ilində, təxminən 76 milyon lari
dəyərində ödənməmiş cərimələri əhaliyə bağışladı.
Məhz buna görə Şükür Əliyev özünü aldadılmış hesab edir. O, maska
taxma qaydasını pozduğuna görə, yazılmış cəriməni artıq ödəyib.
Şükür cari ilin aprel ayında Marneulidə cərimələnib.
“İşə gedirdim, maskanı çənəmə taxmışdım. Siqaret
çəkirdim və ona görə maskanı taxmamışdım. Bu zaman patrul məni
gördü və dedi – maska taxmamısan. Siqaret çəkdiyimi bildirdim. Qeyd
etdim ki, siqaret çəkdiyim halda necə maska taxa bilərdim. “Fərqi
yoxdur” – dedilər və cərimə yazdılar. Məndə mübahisəni davam
etdirmədim və 20 lari dəyərində cəriməni 5 dəqiqə ərzində aparıb
ödədim. Cərimə ödədim və üç aydan sonra eşitdim ki, pandemiya
zamanı yazılmış bütün cərimələri siliblər. Bu məni daha çox
əsəbiləşdirdi. Yəni, mən, məsuliyyətli vətəndaş, öz borcumu yerinə
yetirdim. Cərimə ödəməyənlər isə heç bir hüquqi reaksiya görmədən
cərimələrini sıfırladılar.”
Şükürdən fərqli olaraq, 30 yaşlı Marneulili kişi “komendant
saatını” pozduğuna görə yazılmış cəriməni ödəməyib. O, kimliyinin
açıqlanmasını istəmədi.
“Məni mart ayında cərimələdilər. Saat 12 olardı, küçəyə
çıxdım. Bilirdim ki, bir mağaza 24 saat ərzində işləyir, oraya
getmək istəyirdim. Yolda polis saxladı və 2000 lari cərimə yazdı.
Ödəməmişəm, əvvəldən də ödəməyi planlaşdırmırdım. Bilirdim ki,
onsuz da heç kim ödətdirməyəcək.”
Marneulili gəncin gözləntisi özünü doğrultdu. Parlament hələ
koronavirus məhdudiyyətlərinə görə yazılmış cərimələrinin amnistiya
qanununu qəbul etməyib. Ancaq Baş nazirin siyasi bəyanatından irəli
gələrək, artıq aydındır ki, 76 milyon lari dəyərində ödənməmiş
cərimə silinəcək. Qanunverici orqan bu məsələni, güman ki, payız
sessiyasında, yaxınlaşan özünüidarə seçkilərindən əvvəl müzakirə
edəcək.
GDI-ın Mülki və Siyasi Hüquqlar Proqramının direktoru Mari
Kapanadze cərimələrin amnistiyası qanununun qəbul edilməsini
problemli məsələ hesab edir. Bir tərəfdən cəriməsi silinən şəxslər
üçün yaxşıdır. Çünki onlar əsassız məhdudiyyətlərə görə yazılmış
cərimələri ödəməli olmayacaq. Ancaq amnistiya digər tərəfdən artıq
cəriməni ödəmiş şəxsləri diskriminasiya vəziyyətində qoyur.
“Bu qanunun digər problemi ardıcıllıqdır. Yəni, dövlət
öz yanaşmasında nə dərəcədə ardıcıldır. Sabah, biri gün yenidən
məhdudiyyətləri qəbul etməli olsa, nə etməyi planlaşdırır. Sonra
bütün adamlarda gözlənti yaranacaq ki, qaydanı pozduqda onlar buna
görə yenə cavabdehlik daşımırlar və müvafiq amnistiya onlara
gələcəkdə də aid olacaq. Düşünürəm ki, bu əvvəlcədən, bir növ
siyasi fənddir. Bunu ötən illərdə də dəfələrlə görmüşük. Hakimiyyət
seçkiqabağı insanları ələ almağa çalışır. Həqiqətdə, ən düzgün
yanaşma məsuliyyətin belə qəddar şəkildə deyil, bizim
sosial-iqtisadi vəziyyətimizə uyğun olması olardı. Bu şəkildə
əhalinin əksəriyyətinin ödəmək imkanı da
olardı.”
Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq
edilmiş məhdudiyyətləri nəzərə alaraq neçə nəfərin cərimə ödədiyini
müəyyən etmək mümkün deyil. Gürcüstan Dövlət Xəzinəsi statistika
təqdim etmir. Xəzinədən “Marneuli” radiosuna bildirdilər ki,
göstəricilər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hesablanır.
Ancaq məcəllədə hansı qayda pozuntusuna nə qədər cərimə ödənməli
olunduğu barədə maddə yazılmayıb.
Yenə də, statistika koronavirusun yayılmasının qarşısının alınması
məqsədi ilə tətbiq edilmiş məhdudiyyətlərin vətəndaşlara etdiyi
təsiri əks etdirir.
Cari ildə maska taxma qaydasını pozduğuna görə Gürcüstanda 147 069,
Kvemo Kartlidə 11 003 nəfər cərimələnib.
Cərimələmə forması, polislər tərəfindən konkret vəziyyətlərin
nəzərə alınmaması, Marneulidə və bütün ölkədə məhdudiyyətin əsası
çoxlarında etiraz hissi yaratdı. Qiorqi Çauçidzedən başqa digər
şəxslər də koronavirusun qarşısının alınması məqsədi ilə tətbiq
edilmiş məhdudiyyətlərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət
edib.
“Bizdə elə hallar var idi ki, adam öz evindən tibb
müəssisəsinə getmək istəyib və onu küçənin ortasında saxlayıblar,
cərimə yazıblar. Sonra təcili yardım çağırıblar və ona qarşı
qanunun icra edilməsi ittiham xarakteri daşıyırdı. Onun real
vəziyyətini, ehtiyacını nəzərə almayıblar. Belə halların sayı çox
idi. Qanun adamın əsas hüquqlarının pozulması ilə icra
edilirdi”, – Azadlıq İnstitutunun hüquqşünası Qvantsa
Kvaratsxelia bildirdi.
Qvança Qvaraçxelinin səsli müsahibəsini buradan dinləyə
bilərsiz:
Konstitutsiya Məhkəməsi indiyə qədər COVİD-19-un tənzimləməsi ilə
bağlı olan bu məsələyə görə qərar çıxarmayıb.
Konstitusiya Məhkəməsi bu normaların Konstitusiyaya nə dərəcədə
uyğun olub-olmamasını müəyyən etməlidir. Əgər norma Konstitusiyaya
uyğun deyilsə, Konstitusiya Məhkəməsi onu ləğv edir və yerinə
yetirmək üçün məcburi standart tətbiq edir ki, əsassız
məhdudiyyətləri aradan qaldırsın.
“Marneuli” radiosu Konstitusiya Məhkəməsinin hakimi Teimuraz
Tuğuşidən Konstitusiya Məhkəməsinin pandemiya dövründə dövlət
tərəfindən tətbiq edilmiş məhdudiyyətlərin Konstitutisyaya
uyğunluğunun müəyyən edilməsi baxımından hansı rol oynadığı barədə
soruşdu. Hakim yazılı cavabında yeni koronavirusa görə yaranmış
pandemiyanın Gürcüstanda, eləcə də dünyada insan hüquqlarının
müdafiəsi baxımında yeni problemlər yaratdığını qeyd edib.
“Belə qeyri-normal şəraitdə, müxtəlif fors-major
vəziyyətlərə görə, ölkə də hüquqi nizam-intizam problemi yaşayır.
Sosial iqtisadi münasibətlərin və insan həyatının, sağlamlığının
müdafiəsi sürətli/təsirli fəaliyyət tələb edir. Əsas hüquqların,
fərdin maraqlarının təcili surətdə məhdudlaşdırılması təhlükəsi
qismən artır. Məhz buna görə, bu zaman Konstitusiya Məhkəməsinin
effektiv nəzarət həyata keçirməsi və müvafiq standartların tətbiq
edilməsi barədə hakimiyyətin qərarına böyük üstünlük verilir. Bu
baxımdan, Konstitusiya Məhkəməsi əsas hüquqların məhudlaşdırılması
səlahiyyətlərinin icraçı hakimiyyətə verilməsi və onun əhatəsi ilə
əlaqədar kifayət qədər mühüm açıqlamalar verdi. Həmçinin, pandemiya
dövründə tətbiq edilmiş bir sıra məhdudiyyətlərin Gürcüstan
Konstitusiyasına uyğunluğu məsələsini müzakirə etdi. Konstitusiya
Məhkəməsi hələ bir neçə şikayəti müzakirə edəcək. Həmin şikayətlər
pandemiya dövründə tətbiq edilmiş müxtəlif məhdudiyyətlərlə
bağlıdır və məhkəmənin bu baxımdan yenidən öz təcrübəsini inkişaf
etdirəcəyini gözləməliyik.”
Hakim icraçı hakimiyyətə hüquq verilməsi ilə Gürcüstan Parlamenti
tərəfindən hakimiyyətə müvafiq şəraitlərlə tam hüquq verilməsini
nəzərdə tutur. Nəticədə hökumət pandemiya dövründə istədiyi
məhdudiyyəti tətbiq edə bilərdi. Faktiki olaraq, qanunverici orqan
koronavirusun qarşısının alınması məqsədi ilə tətbiq edilmiş
məhdudiyyətlərin müzakirəsindən imtina etdi. Məsuliyyəti tamamilə
icraçı hakimiyyətə təhvil verdi.
Teimuraz Tuğuşi təsdiq edir ki, fors-major əsas hüquqların
məhdudlaşdırılmasının davamlılığını və onların pozulması
təhlükəsini artırır. Müvafiq olaraq, o, pandemiya, yaxud başqa
qeyri-adi vəziyyətlərdə Konstitusiya Məhkəməsinin vaxtında qərar
verməsini mühüm hesab edir. Ancaq, o, qeyd edir ki, işlərin
müzakirəsinin vaxtının uzadılmasının obyektiv bir açıqlaması
var.
“Hər işlə bağlı qərar verərkən Konstitusiya Məhkəməsi
bir sıra hüquqi, yaxud faktiki vəziyyətləri araşdırmalı, onları
dəyərləndirməli və əsas hüquqların müdafiəsinin mühüm
standartlarını müəyyən etməlidir. Bunlar hamısı isə Konstitusiya
Məhkəməsinin qərarlarının təsdiqlənmə dərəcəsi, yaxud işin
müzakirəsi nəticəsinə təsir göstərə biləcək hər hansı vəziyyətin
müzakirədən kənar qalmaması üçün obyektiv şəkildə müəyyən vaxt
tələb edir.”
Azadlıq İnstitutunun hüquqşünası Qvantsa Kvaratsxelia Konstitusiya
Məhkəməsinin hakiminin bu arqumenti ilə razılaşmır. O, hesab edir
ki, koronavirus zamanı tətbiq edilmiş məhdudiyyətlərlə bağlı
işlərin Konstitusiya Məhkəməsi tərəfindən uzadılması şikayətçilərin
hüququnun qorunmasından imtina etmək deməkdir.
“Qanunverici orqanın zəifliyindən və hökumətin davamlı
məhdudiyyətlərindən sonra şikayətçilərin yeganə rıçaqı Konstitusiya
Məhkəməsi idi. Konstitusiya Məhkəməsi bu işləri dərindən müzakirə
etmək üçün bu öhdəlikdən imtina etdi. Çünki, biz görürük ki,
Avropada müxtəlif məhkəmələr kovid məhdudiyyətləri ilə bağlı
qərarları vaxtında qəbul edirlər.”
Qiorqi Çauçidze özünün “havada qalmış” işi ilə bağlı qərar
gözləyərkən, ölkədə yoluxma sayı artır. 30 iyul tarixinə olan
məlumatlara görə, Gürcüstanda koronavirusa 2 172 yeni yoluxma qeydə
alınıb. Bu vəziyyətdə dövlət, ola bilsin, yenidən müxtəlif
məhdudiyyətlər tətbiq etsin. Şikayətçi Qiorqi ola bilsin ki,
yenidən bağlanacaq Marneulidə qalsın, ağır xəstə anası üçün dərman
almağa çıxmış Marneulili kişini yenidən cərimələsinlər. Xəstəxanaya
gedən, pis vəziyyətdə olan adama qarşı da belə hərəkət edə bilərlər
və buna görə heç kim məsuliyyət daşımır. Konstitusiya Məhkəməsində
olan insan hüquqları müdafiəsinin yeganə rıçaqı qərar qəbul
etməkdir. Qiorqi Çauçidze ümidini itirmir, azadlığın belə kiçik
nümunəsi də olsa, bunu öz şagirdlərinə göstərir.