Çeçenistan liderinin tanınmış tənqidçisi İsveçdə öldürülüb.
Çeçen bloqer Tumso Abduraxmonovun həmkarları AzadlıqRadiosunun
Rusiya xidmətinə deyib ki, o, dekabrın 1-dən 2-nə keçən gecə
güllələnib.
İsveçin rəsmi orqanları bu məsələ haqda açıqlama yaymayıblar.
Çeçenistanın 1ADAT Telegram kanalı da dekabrın 5-də Abduraxmanovun
öldürüldüyünü, onun qardaşı Muxammad Abduraxmanovun isə İsveç
təhlükəsizlik qüvvələrinin mühafizəsi altında olduğunu yazıb.
Ölüm xəbəri dekabrın 1-də yayılıb
36 yaşlı Abduraxmanovun ölüm xəbəri dekabrın 1-də sosial mediada
yayılsa da, təsdiqlənmirdi. AzadıqRadiosunun “Caucasus.Realities”
xidməti və Çeçen müxalifət qrupları bloqerlə əlaqə yarada
bilmədiklərini deyirdilər. Onun təmsilçiləri də deyirdilər ki,
bloqer, yaxud qardaşıyla əlaqə qura bilmirlər.
İsveç rəsmilərinin dekabrın 2-də AzadlıqRadiosunun dediyinə görə,
Abduraxmanovun yeri haqda məlumatları yoxdur.
2021-ci ilin yanvarında İsveçdə iki rusiyalı Abduraxmanovu 2020-ci
ilin fevralında öldürmək cəhdinə görə uzunmüddətli həbs cəzalarına
məhkum ediliblər.
Onlardan biri Ruslan Mamayev məhkəmədə deyib ki, Çeçenistan
hakimiyyətinin tapşırığıyla hərəkət edib, ona 50 min avro (50 min
dollar) vəd edilib.
2007-ci ildən Çeçenistanı idarə edən Kadırovun ətrafında şəxsiyyətə
pərəstiş yaranıb. İnsan haqları qrupları onu adam oğurluğu,
məhkəmədən kənar qətllər kimi pozuntularda, LGBT icmasını hədəfə
almaqda ittiham edir.
Siyasi sığınacaq almışdı
Populyar YouTube bloqeri olan Abduraxmanov Kadırovu, onun
hökumətini sərt tənqid edirdi. O, 2015-ci ildə Rusiyadan gedib.
İsveçdə siyasi sığınacaq alıb.
Bloqer noyabrın 30-dan Telegram kanalında heç bir post
yerləşdirməyib.
“Adətən, Tumso Telegram kanalının işləməyəcəyi haqda xəbərdarlıq
edirdi, dünən isə bunu etməyib”, – bir şərhçi yazıb.
Abduraxmanov YouTube-da son videosunu bir neçə həftə öncə
yerləşdirib.
Ötən il Çeçenistan əsilli bir nəfər Avstriyada ömürlük həbsə məhkum
edilib. O, YouTube-da Kadırovu tənqid edən, Martin Beck kimi
tanınan çeçen bloqer Mamixan Umarovun qətlində təqsirli bilinib.