Bu gün, 24 fevral tarixində Tbilisidə Xocalı Soyqırımının 31-ci
ildönümü ilə bağlı tanıtım aksiyası keçirilir.
Aksiya Gürcüstandakı “Azərbaycan Evi”nin, AZEBİ və Alyans Gənclər
Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya Ədalət”
beynəlxalq kampaniyası çərçivəsində təşkil edilib.
Aksiya zamanı üzərində gürcü və ingilis dillərində “Xocalıya
Ədalət” yazısının əks olunduğu 4 ədəd kiçik həcmli yük avtomobili
fevralın 28-ə qədər Tbilisinin küçə və prospektlərində hərəkət
edəcək.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanovun sözlərinə görə, 10
ildən artıqdır ki, onlar da “Xocalıya Ədalət” təbliğat və təşviqat
kampaniyasına qoşulublar.
“Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA”
İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci
ildən başladılan “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası
10 ildən artıqdır ki, keçirilir. Həmin aksiyaya biz də qoşulmuşuq
və bu illər ərzində XX əsrin ən böyük qətliamı olan Xocalı
Soyqırımının tanıdılması və təbliği məqsədi ilə paytaxtda bu illər
ərzində bir sıra tədbirlər, yürüş aksiyaları, buklet və broşürlərin
paylanılması aksiyaları və konfranslar həyata keçirmişik. Bu ilki
aksiyamız fərqli olaraq bütün paytaxtı əhatə etmək məqsədini
daşıyır. Bu aksiyaların və tədbirlərin əsas məqsədi 31 il öncə
erməni cinayətkarlarının xalqımıza qarşı törətdiyi amansız
soyqırımı Gürcüstan ictimaiyyətinə, paytaxt sakinlərinə, eləcədə
paytaxtda qonaq olan digər əcnəbi millətlərə
çatdırmaqdır”.
Qeyd edək ki, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi
şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli
texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də
Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini
xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib.
Lakin silahlılar dinc sakinləri gülləbaran ediblər. Xocalı
Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar
olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə
məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər
əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68
qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.