Gürcüstan hökuməti ölkənin sabiq baş prokuroru, həmçinin daxili
işlər naziri olmuş Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin
tərkibində qəbul edilməsinə görə Almaniyaya və Avropa İttifaqına
etiraz bəyanatı yayıb.
Hökumətin bəyanatında Zurab Adeişvilinin cinayətkar olduğu və
Gürcüstanda barəsində həbs qərarı olduğu xatırladılıb.
"Zurab Adeişvilinin Avropa İttifaqı və Almaniya
Federativ Respublikasında qonaq olması Avropa bürokratiyasının
qanunun aliliyi ideyasına sadiq olması ilə bağlı təsəvvürü
sarsıdır... Müvafiq olaraq, qeyd olunan hadisə Avropa İttifaqının
Gürcüstan üçün müəyyən etdiyi doqquz prioritetdən birincisinin ,
yəni Gürcüstanda anti-Avropa əhval-ruhiyyəsinin güclənməsinin
qarşısının alınmasına birbaşa ziddir", - bəyanatda
vurğulanıb.
Qeyd olunub ki, Adeişvili Gürcüstanda "repressiv rejim"in
yaradıcılarından olub və qanunsuz mənimsəmə, adam oğurluğu,
məhbuslara işgəncə və digər ittihamlar üzrə təqsirli bilinir.
Gürcüstan hökuməti səfərlə əlaqədar daha bir etiraz bəyanatını
Ukraynaya ünvanlayıb. Bəyanatda Kiyevin Gürcüstan tərəfindən
axtarışa verilmiş şəxsləri müxtəlif yüksək vəzifələrə təyin
etməsinin iki ölkə arasındakı əlaqələrə zidd olduğu vurğulanıb.
Həmçinin Ukraynanın müxtəlif bəhanələrlə öz səfirini Gürcüstandan
geri çağırdığı, lakin Gürcüstan səfirinin müharibə başlayandan
Kiyevi tərk etməyən nadir diplomatlardan olduğu qeyd edilib.
Vurğulanıb ki, iki ölkə arasında münasibətlərin düzəlməsi üçün
Ukrayna Gürcüstan tərəfindən cinayət axtarışına verilmiş şəxsləri
vəzifələrindən azad etməli və onları Gürcüstana təhvil
verməlidir.