Parlamentin Marneuli və Qardabani majoritar dairəsindən seçilmiş
deputatı Zaur Darğallı artıq Gürcüstan Parlamentinə “Xarici təsirin
şəffaflığı haqqında”
adı ilə təqdim edilən və bir neçə günə dinləmələrə başlanılacaq
“Rus qanununun” Gürcüstanda qəbul olunub-olunmayacağını öz səsi ilə
müəyyən edəcək deputatlardan biridir.
Biz uzun illər qeyri-hökumət təşkilatlarında çalışmış Zaur
Darğallının bu qanunu dəstəkləyib-dəstəkləməyəcəyi, “Rus qanununun”
qəbul olunmasının Gürcüstanı Avropa Birliyinə
üzv olmaqdan
kənarlaşdıracağını düşünüb-düşünməməsi ilə maraqlandıq və “Gürcü
arzusu”-nun qanunun yenidən Parlamentə təqdim olunması ilə bağlı
vədini pozmasının nə dərəcədə ədalətli olduğunu soruşduq.
Bu gün, 10 aprel tarixində, saat 13:53-dən etibarən Zaur
Darğallıdan müsahibə almağa çalışdıq. Düputat özümüzü təqdim
etdikdən və məsələni bildirdikdən sonra bizim zəngimizə cavab
verdi. Darğallı bildirdi ki, sükan arxasındadır, görüşə gedir və
bizə cavab verə bilmir. Onunla üç saatdan sonra müsahibə yaza
bildik.
Darğallı Parlamentə təqdim olunan və onun fikrincə, Rusiya
qanunları ilə heç bir əlaqəsi olmayan qanunu dəstəkləyəcəyini
deyir. Darğallı media qurumlarının hansı qrantları aldıqları,
pulları nə məqsədlə xərclədikləri ilə bağlı illik hesabat təqdim
etməli olduqları və onların audit vasitəsilə də yoxlanıldığı halda
necə daha şəffaf olmalıdırlar kimi suallarımıza “Gürcü arzusu”-nun
narrativlərini təkrar edirdi.
“Məsələ şəffaflıqdan gedir, beynəlxalq təşkilatlardan
maliyyə alan həmin təşkilatlar və media vasitələri ildə bir dəfə
bəyannamə doldurmalıdırlar. Mən bir siyasətçi olaraq əhali
qarşısında cavabdeh olduğum üçün ildə bir dəfə bu bəyannaməni
doldururam. Onlar da bəyannaməni doldursunlar, aldıqları pulları
nəyə xərclədiklərini əhaliyə göstərsinlər. İndi mənim sizə bir
sualım var, siz bunda hansı məhdudiyyəti və “Rus qanununu”
görürsünüz?”
Bu qanun niyə
“Rus qanunudur”? – Deputat bizə bu
sualı verdi. Vətəndaş Cəmiyyəti Fondunun rəhbəri Saba Braçveli
“Real Məkan”-da qanunun niyə “Rus qanunu” olduğunu açıqlayır –
“Bu sualı vicdansızlıqla verənlər bu qanunu nəyin “Rus
qanunu” etdiyini çox yaxşı bilirlər. Onda iki kilid mexanizmindən
heç biri yoxdur. İstənilən demokratik, Avropa tipli dövlət, istər
ABŞ, istər Avstraliya, istərsə də Avropadan kənar hər hansı başqa
dövlətdə bu iki kilid mexanizmindən ən azı biri var, bizim
qanunumuzda bu iki kilid mexanizmindən heç biri
yoxdur”.
Saba Braçvelinin sözlərinə görə, birinci kilid mexanizmi Gürcüstana
düşmən mövqedə olan ölkələrin siyahısı ilə bağlıdır – bu ölkələr
“Gürcü Arzusu”-nun “rus qanununda” göstərilməyib, ikinci mexanizm
isə qanun lobbiçilik fəaliyyətinə əsaslanan məhdudiyyətdir –“Gürcü
Arzusu”-nun irəli sürdüyü “rus qanununda” bu fəaliyyət qeyd
edilməyib və qanun bütün media və qeyri-hökumət təşkilatlarına eyni
dərəcədə şamil edilir.
"İstər ABŞ, istər Avstraliya, istərsə də Avropadan
kənar hər hansı başqa dövlət, istənilən Avropa, demokratik tipli
dövlətdə bu iki kiliddən ən azı biri var. Qanunumuzda bunların heç
biri yoxdur. Birinci mexanizm bu ona qarşı olan ölkələrin
siyahısıdır. Məsələn, bu qanun Fransada qəbul edilir, deyilmi?
Fransada bu qanunun hansı dövlətlərə qarşı qəbul edildiyi birbaşa
sadalanır. Bunlar Rusiya, Çin, İrandır. Həmçinin qeyd var ki, bu
Avropa İttifaqına üzv dövlətlərə şamil olunmayacaq. Bizim ölkədə o
zaman belə bir kilid mexanizmi qanuna daxil edilməlidir ki, biz
bunu qəbul edək. Rusiya və ya ölkəmizin ərazi bütövlüyünü tanımayan
hər hansı bir ölkə qeyd olunmalıdır. Biz niyə Rusiya ilə Avropanı
eyni müstəviyə qoyuruq? Belə çıxır ki, biz Avropa İttifaqına
deyirik ki, onlar da bizim üçün yad, Rusiya qədər düşməndirlər.
İstifadə oluna biləcək ikinci kilid mexanizmi isə fəaliyyət
sahəsinə görə məhdudlaşdırmadır. Siyahısı açıqlanmayan həm dost
olan, həm də dost olmayan bütün ölkələrin lobbiçilik fəaliyyətinə
məhdudiyyətlər qoyulacaq. Bu qanun lobbiçilik fəaliyyəti ilə
bağlıdır və heç bir halda medianın və ya qeyri-hökumət
təşkilatlarının fəaliyyətinə şamil edilmir”, – Saba
Braçuli deyir.
“Bu, sırf şəffaflıq məsələsidir, dünyada belə təcrübə
var”, – Zaur Darğallı bildirir, amma Avropa və
Amerika nümunələri haqqında danışmağa davam etmək istəmir –
“Mən Amerika, Avropa, orada və ya buradadır mövzusuna
girməyəcəyəm. Amerikanın, Avropanın, Kanadanın özünəməxsus
xüsusiyyətləri və daxili qaydaları var. Biz hakim partiya və
hökumət olaraq bütün ölkə və əhali qarşısında cavabdehik, əgər biz
özümüzü demokratik, şəffaf və Avropaya doğru irəliləyən bir ölkə
hesab etdiyimizi deyiriksə, o zaman bu qanun da məhz bu
çərçivədədir. Bu qanun ölkədə şəffaflığın və demokratiyanın
gücləndirilməsinə xidmət edir”.
Avropa İttifaqına üzv dövlətlərin və Gürcüstana dost olan
birliklərin rəhbərləri “Gürcü arzusu”-nun “Rus qanununu” təkrar
irəli sürməsinə görə öz təəccüblərini bildiriblər. Zaur Darğallı
Avropanın inkişaf etmiş ölkə liderlərinin “Gürcü arzusu” qanununun
əleyhdarları tərəfindən aldadıldığını deyir.
Zaur Darğallı “Gürcü arzusu” narrativini təkrarlamağa davam etdi və
bizi əmin etdi ki, “Rus qanunu” müstəqil media olaraq bizə heç bir
narahatlıq yaratmayacaq. Əslində isə “Rus qanunu” azad, müstəqil və
qərəzsiz media, qeyri-hökumət təşkilatlarına qarşı yönəlib.
"Bizim qanunumuz Rusiyada tətbiq olunan “Rus
qanunudur”. Bu heç bir kilid mexanizmindən istifadə edilməməsi,
bunun əvəzinə mətbuata, müstəqil mətbuata və qeyri-hökumət
təşkilatlarına zərbə endirilməsi deməkdir. Biz Avropa İttifaqına
daxil ola bilməyəcəyik, çünki Avropa İttifaqı Macarıstanda bundan
daha yüngül qanunu ləğv edib. Biz birbaşa bilirik ki, belə bir
qanun Avropa İttifaqının qanunlarına ziddir. Avropa İttifaqı ona
uyğun gəlməyən hüquqi qanunlarla bizi necə qəbul edəcək, bu mümkün
deyil”, – Saba Braçveli bildirir.
Zaur Darğallı deputat olana qədər “Marneuli” radiosu, Marneuli
Mülki Məşğulluq Mərkəzində (USAID) və Gənclər Mərkəzində çalışıb.
“Marneuli” radiosunun jurnalisti deputatdan 3 dəfə Darğallının
“Marneuli” radiosunda işlədiyi zaman xarici təsir daşıyıcısı
olub-olmadığını soruşdu – Darğallı hər üç halda da bu suallardan
yayındı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.