Marneuli bələdiyyəsinin Algeti kənd 1 saylı ictimai məktəbində bu
gün dərslər keçirilməyəcək.
Bu barədə sosial şəbəkədə pedaqoq məlumat yayıb. O, uzun illərdir,
həmin məktəbdə işləyir. Algeti ictimai məktəbində aparılan bərpa
işlərinə görə, təhsil Təzəkənddə ikinci növbədə davam etdirilir. 29
aprel tarixində məhz ikinci növbənin bütün dərsləri
keçirilməyəcək.
“
Marneuli bələdiyyəsinin Algeti kənd 1 saylı ictimai
məktəbində (Mən bu məktəbdə dərs keçirdim və sevimli məktəbin
haqqında çox yazmışam) binanın bərpasına görə bu il təhsil Təzəkənd
məktəbində ikinci növbədə keçirilir. Bu gün məktəbdə dərslər
keçirilməyəcək.
Kim inanırsa ki, müəllimlərin niyyəti “Rus qanununa” görə
uşaqları evə buraxmaqdır və öz istəkləri ilə gedirlər, həmin
adamları birbaşa Rusiyaya aparacağam, budur “Airzena” gəlib!”
– Nino Çankvetadze sosial şəbəkədə yazıb.
“Marneuli” radiosu məlumatı dəqiqləşdirmək üçün Algeti 1 saylı
ictimai məktəbinin direktoru Musa Omarovla əlaqə saxladı və
şagirdlərin dərs prosesində iştirak etməməsinin bu gün Tbilisidə
“Gürcü Arzusu” tərəfindən planlaşdırılmış, pedaqoqların aparıldığı
aksiya ilə əlaqədar olub-olmadığını soruşdu. Musayev təsdiq etdi
ki, Algeti 1 saylı ictimai məktəbində dərslər həqiqətən
keçirilməyəcək. Səbəb olaraq isə nəqliyyatın olmamasını qeyd
etdi.
“Marşrutkalar yoxdur, ona görə də bu günün dərslərini başqa
günə keçirmişik. Biz başqa məktəbdə oxuyuruq. Bizi marşrutlar
daşıyır başqa məktəbə. Başqa nəqliyyatımız yoxdur. Ona görə başqa
bir altıncı gün dərsə davam edəcəyik. Bu gün marşrutkalar nəyə
görəsə məşğuldur və ona görə də bu günün dərslərini başqa günlə
əvəz etməyə qərar verdim”, – Musa Omarov bildirir.
Ondan aksiyada iştirak edib-etməyəcəyini soruşduq və cavab verdi
ki, bilmir.
“
Hələ bilmirəm gedib-getməyəcəyimi, amma könüllülər var,
getmək istəyənlər var, 10-12 nəfər olar yəqin ki”, – Musa
Omarov bildirir.
Marneuli məktəblərinin əksəriyyətinə “Ekspress Turist” MMC-nin
mikroavtobusları xidmət göstərir. Şirkət illərdir, Marneuli
bələdiyyəsində işləyir. 2012-ci ildən bu günə qədər şirkət
meriyanın elan etdiyi 19 tenderdə qalib gəlib və ümumilikdə
nəqliyyat xidməti üçün 637 896 lari alıb. Şirkət buradan 160 802
lari dəyərində 3 tenderdə 2023-cü ildə qalib gəlib. Həmin şirkətin
rəhbərindən Algeti məktəbində dərslərin niyə keçirilmədiyini və
onun marşrutlarının harada olduğunu soruşduq. Sualımız Yuri
Samxaradzeni qıcıqlandırdı, bizi yanlış məlumat yaymaqda ittiham
etdi və telefonu söndürdü.
“Gürcü Arzusu” 29 aprel tarixində Parlament qarşısında “Rus
qanununa” dəstək aksiyası elan edib. Marneuli uşaq bağçaları
əməkdaşlarını aksiyaya getməyə məcbur edirlər. Bununla bağlı bir
çox bağça müəllimi “Marneuli” radiosuna məlumat verib.