“Məktəb mənim oksigenimdir” – 67 yaşlı
Maya Məmmədova deyir. Artıq 44 ildir ki, Marneuli 1 saylı ictimai
məktəbində tarix müəllimi işləyir. Maya Məmmədova üçün Beynəlxalq
Müəllimlər Gününün xüsusi yeri var və o, işlədiyi müddət ərzində ən
yaxşı bu günü xatırlayır.
Dərs demək üçün ilk dəfə 10-cu sinfə daxil olarkən 24 yaşı var idi
və onda olan emosiyaları hələ də xatırlayır. Tətildə olduğu
müddətlərdə məktəbə qayıtmağı səbirsizliklə gözlədiyini yada
salır.
"Anamın yanına gedirdim. qızlara dedim ki, bir gündən
sonra arxamca zəng edib deyərsiniz ki, yoxlama gəlir, tez qayıt. nə
edim, dura bilmirəm" - Maya Məmmədova deyir.
Maya Məmmədova deyir ki, indiki şagirdlərlə işləmək əvvəlkilərə
nisbətən çətindir. Lakin peşəsinə olan vurğunluğu onda enerji və
həvəs yaradır. Onun dediyinə görə, uşaqlarla işləmək illərdir ki,
onun gündəlik həyat tərzinə çevrilib və özünü məktəbsiz təsəvvür
edə bilmir.
"Məktəbdən yalnız ölüm ayıra bilər. Uşaqlarsız təsəvvür
belə edə bilmirəm. Uşaqları çox sevirəm, işi də çox
sevirəm" - Maya Məmmədova deyir.
Beynəlxalq Müəllimlər Gününün qeyd olunmasına 5 oktyabr 1994-cü
ildən başlanılıb. Hər il dünyada 100-dən çox ölkədə müəllimlər peşə
bayramlarını qeyd edirlər.