Gürcüstan ali təhsil ocaqlarında təhsil alanların diplomu Azərbaycanda tanınmayıb
Bu
il Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya
İdarəsinə 3570 yeni müraciət daxil olub. Həmin müraciətlərin 20
faizinə mənfi rəy verilib.
"Marneuli" Radiosu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu
jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya və
Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli
deyib.
Onun sözlərinə görə, bunun səbəbləri müraciət edənlərə ətraflı izah
olunur. Müraciət edənlərin böyük əksəriyyəti sənədlərinin
problemsiz tanınmasına nail olur. Türkiyə universitetlərində təhsil
alan məzunlarımızın içərisində diplomu tanınmayan olmayıb. Mənfi
rəy alanlar əsasən Rusiya, Ukrayna və Gürcüstanın bəzi
universitetlərinin məzunlarıdır.
H.Həsənli bəzi hallarda diplomların tanınmasının gecikmə
səbəblərinə də aydınlıq gətirib. Qeyd edib ki, bu, müvafiq
təşkilatlarla iş prosesi, eləcə də məzunlarla müsahibələrin təşkili
ilə bağlıdır.
İdarə rəsmisi deyib ki, bütün hallarda müraciət edənlərlə
müsahibələr aparılır. Məqsəd məzunun dil biliklərini yoxlamaq,
yaxud terminləri soruşmaq deyil. Əgər həmin şəxs təhsil aldığı
ölkənin dilini bilmirsə, faktiki olaraq ixtisas biliklərinə
yiyələnməsi mümkün deyil. Hər bir şəxsin ixtisasına uyğun
biliklərini yoxlamağa kifayət qədər resurs yoxdur. Limit olaraq ən
yaxşılarını müəyyən etmək bizim işimiz deyil. Bunu bazar və
işəgötürənlər müəyyən etməlidir.