Aytən Mehdiyeva “Mən gürcü dilində yazıram” adlı imla müsabiqəsinin qalibi olub (FOTO)
12:23 / 21.04.2019
14
aprel tarixində Ana dili gününə həsr olunmuş “Mən gürcü dilində
yazıram” adlı imla müsabiqəsinə qatılan Aytən Mehdiyeva müsabiqənin
qalibi olub.
Aytən Mehdiyeva Qardabani rayonunun Vaxtanqisi
kəndində yaşayır. O, Vaxtanqisi bir saylı ictimai məktəbinin 9-cu
sinif şagirdidir.
Aytən ona verilən 20 dəqiqə ərzində Beka Kuleli adlı yazıçının
Qombori kəndi haqqında olan mətni ilə bağlı imla yazıb. Gürcüstanın
müxtəlif bölgələrindən iştirak edən şagirdlər arasında Aytən
yazdığı imlanı doğru və tez bir zamanda bitirərək müsabiqənin 3
qalibindən biri olub.
“Marneuli” radiosu ilə müsahibəsi zamanı Aytən Mehdiyeva gürcü
dilini bilməyin vacibliyindən danışdı. O, bildirdi ki, Gürcüstanda
yaşayırıqsa, getdiyimiz yerdə insanlarla rahat ünsiyyət qurmaq üçün
dövlət dilini bilmək hər bir vətəndaşın borcudur.
Aytən deyir ki, ona gürcü dilini öyrənmək elə də çətin olmayıb.
Çünki, müəllimi Azərbaycan dilini də biliyi üçün dərsi hər iki
dildə başa salırmış. Aytən imlasını sərbəst şəkildə yazma
səbəbindən də danışdı. Onun sözlərinə görə, getdiyi hazırlıq
kursunda köməkçi müəllimi hər dəfə imla yazdırırmış və beləliklə o,
imla yazmaqda çətinlik çəkməyib. İndi onun gələcəklə bağlı tək
arzusu var.
Aytən Mehdiyeva gələcəkdə gürcü dili filoloqu olmaq istəyir və
düşünür ki, filoloq olsa, bütün gənclərlə öz biliyini asan şəkildə
bölüşəcək və onlara da dili öyrədəcək.
Qaliblər Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət
naziri Ketevan Tsixelaşvili tərəfindən sertifikat və hədiyyələrlə
mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi
Məsələləri üzrə Dövlət Naziri Aparatının təşəbbüsü və Təhsil, Elm,
Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilib. Yarışmanın
əsas məqsədi dövlət dilinin təbliği, milli azlıqlardan olan
şagirdlərin gürcü dilində yazı qabiliyyətlərinin inkişaf
etdirilməsi olub.