Marneuli
Marneulidə müəllimlik sahəsinə maraq az olduğuna görə bir qrup gənc maddi cəhətdən kömək etməyə hazırdır
2018-ci ildə bir qrup Marneulili gəncin təşəbbüsü ilə dövlət universitetlərində 1+4 proqramı ilə ibtidai sinif müəllimliyi üzrə təhsil alan gənclər üçün 900 lari dəyərində məbləğ toplanılıb.

Marneulili Adil Əliyev gəncləri bir araya yığaraq sosial vəziyyəti zəif olub, Tbilisidə təhsil alan və xüsusilə ibtidai sinif müəllimliyi sahəsində oxuyan tələbələr üçün pul toplayıb.

A.Əliyevin sözlərinə görə, Marneulidə ibtidai sinif müəllimliyinə, ümumiyyətlə müəllimlik sahəsinə maraq azdır. O, düşünür ki, bu təşəbbüs nəticəsində az da olsa gənclərə kömək edəcək, onlarda müəllimlik peşəsinə qarşı maraq oyadacaqlar.

“Keçən il mənim təşəbbüsümlə 9 nəfər gənci bir araya topladıq və onlardan pul topladıq. Bu məqsədlə ki, Marneulidə ibtidai sinif müəllimliyi sahəsində oxuyan uşaqlara kömək edək. İstədik bu şəkildə motivasiya yaradaq ki, uşaqlar bu sahəyə yönəlsinlər. İlk etapda 900 lari pul yığdıq və onun 500 larisini birinci kurs tələbəsinə verdik. Hazırda məbləğin 400 larisi qalıb. Onu da bu il kimə lazımdırsa, ona verəcəyik”, -
Adil Əliyev deyir.

O, onu da əlavə etdi ki, hal-hazırda qalan 400 larini ehtiyac sahibi olan, müəllimlik peşəsi üzrə təhsil almaq istəyən tələbəyə verməyi planlaşdırır. Lakin peşəyə maraq göstərən tələbələr olmadığından o, qalan məbləği 3 və ya 4-cü kurs tələbəsinə verməli olacağını bildirdi.

Adil Əliyev bildirdi ki, daha əvvəl onların fikri kənddə yaşayan və müəllimlik sahəsində çalışanlara kömək etmək olub. Lakin o, deyir ki, kəndlərdə demək olar ki, bu peşəyə maraq göstərən yoxdur, elə bu səbəblə də o, yığılan pulu Marneulidə yaşayıb ibtidai sinif müəllimliyi üzrə təhsil alan, sosial vəziyyəti ağır olan tələbələrə vermək qərarına gəlib.

FaceBook Twitter Google