Bu gün, 30 mart tarixində “Tele-məktəb” başladı. Birinci “zəng”
Gürcüstanın İkinci kanalının efirində saat 09:00-da birinci sinif
şagirdləri üçün vuruldu və riyaziyyat dərsi başladı.
“Tele-məktəb” təhsil layihəsini Gürcüstanın Təhsil, Elm, Mədəniyyət
və İdman Nazirliyi və Gürcüstanın Birinci Kanalı birgə həyata
keçirir. Təhsil nazirinin müavini Ekaterine Dqebuadze “Marneuli”
radiosuna verdiyi müsahibəsində bildirib ki, layihə məktəb
şagirdləri üçün milli tədris proqramı ilə nəzərdə tutulmuş
tele-dərslərin keçirilməsini nəzərdə tutur. Əsas məqsədi isə
təhsilin bütün şagirdlər üçün əlçatan olmasıdır.
“Biz bu layihəni geniş şəkildə planlaşdırmışıq. Məqsəd
etnik azlıqları, xüsusi təhsil ehtiyacı olan şagirdləri əhatə
etməkdir. İndiki mərhələdə bütün dərslər jest dilində
olacaq”.
Gürcü dili dərsi qeyri-gürcü dilli məktəblər üçün cümə günü, 3
apreldə yayımlanacaq:
- 14:00 -14:15 Gürcü dili I səviyyə
- 14:20 -14 :35 Gürcü dili II səviyyə
- 14:40 -14:55 Gürcü dili III səviyyə
Təhsil Nazirliyi milli azlıqların dilində dərslərin nə zaman
keçiriləcəyi ilə bağlı konkret tarix qeyd etmir, ancaq güman ki, 6
aprel tarixində, bazar günü başlayacaq.
Bir həftədən artıqdır ki, Təhsil Nazirliyi ümumtəhsil
müəssisələrinə distant təhsillə bağlı ilkin tövsiyələr göndərib və
onlardan biri Microsoft Office 365 məhsullarından ünsiyyət kanalı
olaraq istifadə etməkdir. Ekaterine Dqebuadzenin bildirdiyinə görə,
tele-məktəbin başlaması heç də başqa platformalardan imtina etmək
demək deyil, müəllimlər seçimdə azad olacaqlar.
“Tele-məktəb” layihəsinə ictimai və özəl məktəb müəllimləri
qoşulacaqlar. Birinci sinifdən 12-ci sinfə qədər şagirdlərə
tele-dərslər keçiriləcək. Dərslər bazar ertəsindən başlayaraq hər
gün səhər saat 9-da başlayacaq. Layihəyə şənbə-bazar günləri
müxtəlif maarifləndirici-əyləncəli proqramlar da əlavə
olunacaq.
Tele-məktəb dərslərinin qrafikini sizə təqdim
edirik
Koronavirusun qarşısının alınması məqsədi ilə Baş nazirin
rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası
təhsil prosesini təxirə salıb. Təhsil prosesinin dəqiq bərpa
olunacağı tarix məlum deyil.