"Teleməktəb" təhsil layihəsi başlayıb
Bu gün, 30 mart tarixində “Tele-məktəb” başladı. Birinci “zəng” Gürcüstanın İkinci kanalının efirində saat 09:00-da birinci sinif şagirdləri üçün vuruldu və riyaziyyat dərsi başladı. “Tele-məktəb” təhsil layihəsini Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və Gürcüstanın Birinci Kanalı birgə həyata keçirir. Təhsil nazirinin müavini Ekaterine Dqebuadze “Marneuli” radiosuna verdiyi müsahibəsində bildirib ki, layihə məktəb şagirdləri üçün milli tədris proqramı ilə nəzərdə tutulmuş tele-dərslərin keçirilməsini nəzərdə tutur. Əsas məqsədi isə təhsilin bütün şagirdlər üçün əlçatan olmasıdır.

“Biz bu layihəni geniş şəkildə planlaşdırmışıq. Məqsəd etnik azlıqları, xüsusi təhsil ehtiyacı olan şagirdləri əhatə etməkdir. İndiki mərhələdə bütün dərslər jest dilində olacaq”.

Gürcü dili dərsi qeyri-gürcü dilli məktəblər üçün cümə günü, 3 apreldə yayımlanacaq:
  • 14:00 -14:15 Gürcü dili I səviyyə
  • 14:20 -14 :35 Gürcü dili II səviyyə
  • 14:40 -14:55 Gürcü dili III səviyyə
Təhsil Nazirliyi milli azlıqların dilində dərslərin nə zaman keçiriləcəyi ilə bağlı konkret tarix qeyd etmir, ancaq güman ki, 6 aprel tarixində, bazar günü başlayacaq.

Bir həftədən artıqdır ki, Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinə distant təhsillə bağlı ilkin tövsiyələr göndərib və onlardan biri Microsoft Office 365 məhsullarından ünsiyyət kanalı olaraq istifadə etməkdir. Ekaterine Dqebuadzenin bildirdiyinə görə, tele-məktəbin başlaması heç də başqa platformalardan imtina etmək demək deyil, müəllimlər seçimdə azad olacaqlar.

“Tele-məktəb” layihəsinə ictimai və özəl məktəb müəllimləri qoşulacaqlar. Birinci sinifdən 12-ci sinfə qədər şagirdlərə tele-dərslər keçiriləcək. Dərslər bazar ertəsindən başlayaraq hər gün səhər saat 9-da başlayacaq. Layihəyə şənbə-bazar günləri müxtəlif maarifləndirici-əyləncəli proqramlar da əlavə olunacaq.

Tele-məktəb dərslərinin qrafikini sizə təqdim edirik

Koronavirusun qarşısının alınması məqsədi ilə Baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası təhsil prosesini təxirə salıb. Təhsil prosesinin dəqiq bərpa olunacağı tarix məlum deyil.

"Marneuli" Radiosu
Print