Xəbərlər
Bu il məktəb binalarında tədris prosesi bərpa olunmayacaq
Gürcüstan hökumətinin qərarına əsasən, ölkədə fövqəladə vəziyyət mayın 22-dək davam etdiyindən məktəblərdə də tədris prosesi bərpa olunmayacaq.
Hökumətin ilkin qərarına görə, məktəblərdə tədris prosesi 22 aprelə qədər dayandırılmışdı. Lakin, Gürcüstanın Təhsil Nazirliyi "Batumelebi"yə verdiyi açıqlamada bildirib ki, fövqəladə vəziyyət davam etdiyindən məktəblərdə tədris prosesi bərpa edilə biməyəcək.

Baş nazir Qiorqi Qaxarianın mətbuat katibi İrakli Çikovaninin sözlərinə görə, Gürcüstan indi koronavirusun geniş miqyaslı daxili yayılma mərhələsindədir və ölkə yaxın 2-3 həftə ərzində virusun pik həddinə çatacaq.

Martın əvvəlində məktəblər onlayn tədris rejiminə keçdi. Həmçinin, şagirdlər martın 30-dan Birinci Kanalda yayımlanmağa başlayan Tele-məktəb dərslərindən yararlana bilərlər.

Gürcüstan ümumtəhsil məktəblərində tədris ili ənənəvi olaraq sentyabrın 15-də başlayır. Əgər pandemiya vəziyyəti olmasaydı, birinci sinif şagirdləri üçün yay tətili 27 may və məzun olan şagirdlər üçün isə 20 may tarixində başlayacaqdı.
FaceBook Twitter Google