Sabirkəndin 1 saylı məktəbinin tikintisi üçün 7 343 779 lari dəyərində tender elan edilib
Şagirdlər Marneuli bələdiyyəsinin Sabirkənd 1 saylı ictimai məktəbinin binasına 2018-ci ildə tədris ili başlayandan daxil olmayıblar. Bina qəzalı vəziyyətdədir və buna görə təhsil prosesinin dayandırılmasına ehtiyac yaranıb.

Marneuli bələdiyyəsinin Sabirkənd 1 saylı ictimai məktəbinin layihəsinin hazırlanması və onun əsasında məktəbin tikinti işlərinin həyata keçirilməsi üçün Gürcüstanın Bələdiyyələrin İnkişaf Fondu 7 343 779 lari dəyərində tender elan edib.

Tender sənədlərinə görə, ictimai məktəbin binası 450 şagird üçün nəzərdə tutulmalıdır və aşağıdakı sahələrdən ibarət olmalıdır:
  • 24 sinif otağı, laboratoriyaları ilə birlikdə 4 kabinet;
  • Direktor və müavinin kabineti;
  • Mühasibat-arxivi olan dəftərxana;
  • Müəllimlər otağı;
  • Həkim kabineti;
  • Mandatur/mühafizəçi otağı;
  • Ayaqyolu və dezinfeksiya ləvazimatları üçün yer olan xadimə otağı;
  • Məktəb inventarı üçün anbar;
  • Şagirdlər, administrasiya və fiziki imkanları məhdud şəxslər üçün sanitar bloklar;
  • Mütaliə üçün kitabları və kompüter guşəsi olan KİTABXANA;
  • Akt zalı (zal, səhnə, geyim dəyişmək üçün yer)
  • Qida bloku – yeməkxana/bufet;
  • İstirahət üçün məkan;
  • Qarderobu, dəhlizi olan foye.
  • Zirzəmi və yaxud yarım zirzəminin olması yaxşı olardı.
  • Binanın birinci mərtəbəsində xüsusi sahə ayrılan idman meydanı. Zalın yanında idman ləvazimatları üçün anbar, qız və oğlanlar üçün ayrı-ayrılıqda geyim dəyişmək yeri, duş olmalıdır.
  • Duşu olan təlimatçı otağı.
  • Süni ot örtüyü olan kombinə edilmiş açıq idman meydançası;
Gürcüstan Bələdiyyələrin İnkişaf Fondu Sabirkənd 1 saylı ictimai məktəbinin tikintisi üçün 5 iyun tarixində tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 9 iyuldan 14 iyula qədər öz təkliflərini təqdim edə bilərlər.

Tenderdə qalib gələn şirkət məktəbin tikinti işlərini müqavilə bağlandıqdan iki il ərzində həyata keçirməlidir. Şirkətin layihədəki xidmətini yerinə yetirməsi üçün altı, tikinti işləri üçün isə 18 ay vaxt veriləcək.

Sabirkənd 1 saylı ictimai məktəbinin şagirdləri yeni məktəb tikilənə qədər Algeti kəndinin ictimai məktəb binasında təhsil alırlar.

"Marneuli" Radiosu
Print