Abituriyentlər imtahan başlayana qədər məsafəyə riayət etməklə həyətdə yerləşdiriliblər, sonra isə termoskrininq və dezobaryerlərdən keçərək imtahan sektoruna daxil olublar

Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin sədri Sofo Qorqodzenin bildirdiyinə görə, saat 08:00-dan ölkə miqyasında 24 imtahan mərkəzinin hamısı maneəsiz açılıb.



Onun jurnalistlərə bildirdiyinə görə, abituriyentlər əvvəl məsafəyə riayət etməklə həyətdə yerləşdiriliblər, sonra isə sektorlara keçiblər.

“Bu gün vahid milli imtahanlar başladı. Bütün abituriyentlərə uğurlar arzulayıram. Səhər saat 08:00-da Gürcüstan miqyasında 24 mərkəzin hamısı maneəsiz açıldı və abituriyentlər gəldi. Onlar əvvəl məsafəyə riayət etməklə həyətdə yerləşdirildilər, daha sonra isə mərhələli şəkildə sektorlara daxil oldular. Sektora keçməzdən əvvəl əlbəttə, dezobaryerdən, termoskrininqdən keçirildilər və sonra mühafizə polisi tərəfindən yoxlama aparıldı ki, özləri ilə hər hansı əşya aparmasınlar. Bundan sonra saat 09:00-da bütün imtahan mərkəzlərində imtahan başladı”,
– Qorqodze bildirib.

Qorqodzenin sözlərinə görə, işğal edilmiş ərazilərdə yaşayan abituriyentlər üçün alternativ qayda var. Əgər onlar bu gün imtahanda iştirak edə bilməsələr, alternativ qayda ilə qəbul olunacaqlar və bu baxımdan onların problemi olmayacaq.

Qorqodzenin məlumatına görə, vahid milli imtahanlarla bağlı pandemiyaya görə imtahan günlərinin sayı uzadılıb və müvafiq olaraq bu həftə gürcü dili və ədəbiyyatı imtahanı olacaq.

Xatırladaq ki, vahid milli imtahanlara bu gündən start verilib.

Mənbə: İnterPressNews

 

Print