Gürcüstanda dövlət universitetləri artıq 2-ci semestri başa vurub.
2-ci semestrin başa çatmasına baxmayaraq “Socar Georgia” tərəfindən
Gürcüstanda yaşayan yerli azərbaycanlı tələbələrin təhsil haqları
ödənməyib. Hal-hazırda dövlət universitetlərində təhsil alan və
təhsil haqqı “Socar Georgia” tərəfindən ödənilən tələbələri bir
sual narahat edir.
“Socar 2-ci semestrin təhsil haqqını
nə vaxt ödəyəcək?!”
Tələbələrin “Marneuli” radiosuna müraciətindən irəli gələrək
“SOCAR”-ın Gürcüstandakı nümayəndəliyinin əməkdaşı Faiq Hüseynovla
əlaqə saxladıq.
Hüseynov “Marneuli” radiosu ilə söhbəti zamanı ərizə qəbuluna nə
vaxt başlanacağını və təhsil haqqının ödənilmə tarixi haqqında heç
bir məlumatının olmadığını bildirdi. O, ödənişin edilməsi üçün
“Socar”-ın Azərbaycandakı əsas ofisindən cavab gözlədiklərini dedi.
Faiq Hüseynov onu da əlavə etdi ki, ərizə qəbulu başladığı zaman
tələbələrə bu barədə məlumat veriləcək.
Qeyd edək ki, SOCAR 2007-2008-ci tədris ilindən etibarən Gürcüstan
ali məktəblərində təhsil alan azərbaycanlı (Gürcüstan
azərbaycanlıları) tələbələrin təhsil haqlarını ödəyir.