Marneuli rayonunun Kirəç Muğanlı kəndindən olan 21 yaşlı Təhmasib
Mollaəyyublu Cənubi Koreyanın “Ajou” universitetinə təqaüdlə
magistraturaya qəbul olub.
O, 2016-cı ildə Bakı şəhərində Məktəb Lisey kompleksinin 11b
sinifini yüksək qiymətlərlə bitirib. Daha sonra hazırlıq
kurslarına gedərək ali məktəbə qəbul üçün çalışıb.
T.Mollaəyyublu kiçik yaşlarından rəsm çəkməyə böyük bir marağının
olduğunu deyir. O, rəsmə olan həvəsindən irəli gələrək ali
təhsilini davam etdirmək üçün “Azərbaycan Memarlıq və İnşaat
Universitetinin” “Memarlıq” fakültəsinə qəbul olub.
“Hər kəs kimi 9-cu sinifdə hansı peşənin sahibi olacağım haqda
düşünməyə başladım. Həmin vaxtdan memarlıq haqqında marağımı çəkən
bir çox məlumatları bir araya topladım. Mən də memar ola bilərəm
deyə düşündüm və sonra bu ixtisas üzrə təhsil alacağam deyə özümə
söz verdim”, – Təhmasib Mollaəyyublu deyir.
O, ali təhsilini başa vurduqdan sonra Bakıda qalıb peşəsi üzrə
işləmək və daha çox təcrübə qazanmaq istəyib. Amma buna qədər o,
hələ ikinci kursda oxuyarkən təhsil aldığı ixtisas üzrə işləyib.
Mollaəyyublu “Atalight Lighting and Supply” şirkətində işıq
dizayneri, “Miray MMC”-də “Junior Architect” vəzifəsində, daha
sonra isə Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri olan
“NorthWest Construction” şirkətində “Site Architect” olaraq
işləməyə başlayıb. O, ali təhsilini başa vurduğu zaman təhsilini
davam etdirmək qərarına gəlib. Təhmasib həmin gündən xarici
ölkələrdə memarlıq peşəsi üzrə daha çox təcrübəyə yiyələnmək üçün
müxtəlif ölkələrə sənədlərini göndərib.
“Qəbul zamanı əsasən ümumi ortalama göstərici nəzərə
alınır. Bu isə dörd il ərzində universitetdə oxuduğunuz müddətdə
aldığınız bütün balların ortalama göstəricisidir. Məndə bu 100
üzərindən 84-dür. Xaricə sənəd göndərmək üçün isə minimum 71 balın
olmalıdır. Bundan əlavə dil səviyyəsini göstərən sənədlər,
motivasiya məktubları, professorların verdiyi tövsiyə məktubları və
bu kimi bir çox sənədlər lazım gəlir. Mən İtaliya, Estoniya,
Çexiya və Cənubi Koreya ölkələrinə sənədlərimi göndərdim. İtaliyada
Milan Politexnik Universitetinə qəbul oldum. (İtaliyada 1-ci
yerdədir, Memarlıq üzrə isə dünyada 7-ci yerdədir). Estoniyada
“Estonian Academy of Art” universitetinin Şəhərsalma elmləri
ixtisasına qəbul oldum. Çexiyanın
“Brno Technic” universitetinin memarlıq ixtisasına və həmçinin
Koreyanın “Ajou” universitetinə qəbul oldum. Bu
universitetlərin içərisindən fərqli olduğu üçün Koreyanın Ajou
universitetini seçdim”, – Təhmasib Mollaəyyublu
dedi.
Təhmasib gələcəklə bağlı arzularının böyük olduğunu, iş həyatında
uğurlu olmaq üçün qarşısına bir çox məqsədlər qoyduğunu deyir. O,
gələcəkdə universitetdə tələbələrə seminarlar keçmək və öz biliyini
gələcək nəsillərə də ötürmək istəyinin olduğunu bildirdi.
T.Mollaəyyublunun sözlərinə görə, bu günə qədər ən böyük dəstəkçisi
valideynləri olub.
“Ən böyük dəstəyi valideynlərimdən görmüşəm. Onlar hər
zaman mənə inanıb, ruhdan düşməmək üçün dəstək olublar. Onlar
olmasa idi, bəlkə də heç bir nailiyyət qazanmazdım. Həyatda hər
şeyi onlara borcluyam. Onlar mənim heç nədən geri qalmamağım üçün
çox çalışıblar.”
Təhmasib universitetdə oxuduğu illərdə ən yaxın dostunun da ona
daim işlərində kömək etdiyini və dostuna təşəkkür borclu olduğunu
dedi. O, məqsədə çatmaq üçün çalışmağın və ruhdan düşməməyin vacib
olduğunu bildirdi.