Marneulili Zəkəriyya Məmmədov Avropada təqaüdlə təhsil alacaq
Marneulili Zəkəriyya Məmmədov təqaüdlə Macarıstanın “Debrecen” universitetində Biznesin İdarəedilməsi fakültəsinə qəbul olub.

Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı uşaq yaşlarından bəri ən böyük xəyallarından birinin xaricdə təhsil almaq olduğunu dedi. Onun sözlərinə görə, təhsil almaq üçün Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən universitetləri araşdırıb.

“Mən hər zaman xaricə getmək, xaricdə təhsil almaq istəyirdim. İndi Macarıstanda “Debrecen” universitetinə qəbul oldum. 100 faizlik qrant və həmçinin təqaüd qazanmışam. Mən bilirəm ki, xaricdə karyera qurmaq imkanı daha çoxdur. Uşaq yaşlarımdan Gürcüstanda ali təhsil almaq kimi bir fikrim olmayıb. Mənim marağım və məqsədim tamam fərqli olub”, – deyə Zəkəriyya Məmmədov bildirdi.

İmtahanın çətinliklərindən danışan Z.Məmmədov bildirdi ki, qəbul olmaq üçün o, bir neçə mərhələdən keçməli olub. Zəkəriyya ingilis dilində onlayn görüşlərdə iştirak edərək, riyaziyyat fənnindən imtahan verib və motivasiya məktubu yazmalı olub.

“İmtahan çətin idi. 3 mərhələdən ibarət oldu. Bu mərhələni keçdikdən sonra. İlk olaraq mən Gürcüstanda motivasiya məktubu yazdım. Mən burada test edilmək üçün dəvət aldım və həmin mərhələdən keçdim. Sonra mən Macarıstandakı universitetə onlayn yolla riyaziyyat fənnindən imtahan verdim. Həmçinin universitetdə oxuyacağım illərdə planlarım və gələcək məqsədlərimlə bağlı onlayn görüşüm baş tutdu. Orada mənə oxuyacağım fakültə ilə bağlı suallar ünvanlandı.”

Zəkəriyya Məmmədov gələcəklə bağlı yerinə yetirmək istədiyi arzularının çox olduğunu bildirdi. O, gələcəkdə öz biznesini qurmaq fikrinin də olduğunu dedi.

Qeyd edək ki, Məmmədov universitetə qrant əldə etmək üçün 86 baldan 56 bal toplamalı olduğu halda 72 bal toplayıb.

Print Email
FaceBook Twitter Google