Sinif yoldaşlarını məsafə saxlayaraq görmək – Marneulidə ilk dərs günü (Foto)
2020-2021-ci təhsil ili başlayıb. Ağ köynək, qara şalvar və don geyinmiş şagirdlər Marneuli küçəsində səhərdən hərəkət edirlər. İbtidai sinif şagirdlərini isə valideynləri məktəbə yola salırlar.

“Marneuli” radiosu bir neçə məktəb şagirdi ilə söhbət etdi. Onlardan bir neçəsi təhsil prosesini hansı formatda davam etdirəcəyini bilmir, ancaq sinif yoldaşlarını görmək imkanına görə məktəbin başlamasına sevinirlər.



“Bütün yaşıdlarım kimi mən də sevinirəm ki, dərslər başladı. Bu gün dərsə gedəndə biraz fərqlilik hiss etdik. Qayda-qanunda dəyişiklik olunmuşdu. Tənəffüs vaxtı uzanmışdı. Ümumiyyətlə saçlarımızın yığılması, maska taxmağın vacib olması bütün bunlar fərqli idi. Karantinə baxanda məktəbə getmək daha maraqlıdır. İndi böyük tənəffüslərimiz yarım saata qədər qaldırıldı. Bu fasilə zamanı yemək yemək üçün yaxşıdır, əvvəl 15 dəqiqədə yemək yeməyi çatdıra bilmirdik. Məncə çətin heç nə yoxdur, hər kəs özünü qorumalıdır”,
– 8 saylı ictimai məktəbin şagirdi Leyla Daşdəmirova dedi.

Leyla kimi həmin məktəbin şagirdi Ramil Qarabağlını da təhsilin başlaması sevindirir.

მარნეულის N3 საჯარო სკოლის შესასვლელი

“Dərsə başlamaq yaxşı hissdir, uşaqları görürük, sinif yoldaşlarımızı görürük. Darıxmışdım. Hələ ki, hansı dəyişiklik, hansı qaydalar var dəqiq bilmirik. Hələki müəllimlərimiz bizə dəyişikliklərlə bağlı məlumat verməyiblər”,– Ramil Qarabağlı dedi.

Təhsil ilinin başlaması Marneulili validyenlər üçün də sevindiricidir. Ancaq onlar dərs vaxtının azalmasına görə narahatdırlar.

მარნეულის N3 საჯარო სკოლა

“Məktəbə daxil olmağa icazə vermirlər. Uşaqların temperaturunu yoxlayır elə buraxırlar biraz buna görə həyəcan keçiririk. Çətinlik odur ki, dərslər 30 dəqiqə olub və çox azalıb. 30 dəqiqədə müəllim uşaqlardan dərsləri tam soruşa bilməyəcək. Hələ dəqiq bir məlumat vermirlər. Deyirlər ki, dərslərin bəzilərini çıxarıb əsas olanlarını saxlayacaqlar amma dəqiq bilmirik”,– valideyn Sevil Hacıkərimova dedi.

მარნეულის N5 საჯარო სკოლის შესასვლელი

Marneuli miqyasında 74 məktəbdə təhsil prosesi 15 sentyabrda başladı. Onlardan ikisində, Maradisi və Yuxarı Qullar ictimai məktəblərində təhsil onlayn rejimdə başlayıb.

მარნეულის N5 საჯარო სკოლა

"Marneuli" Radiosu
Print