17 yaşlı Eyvaz Nəzərov qəbul imtahanında yüksək bal toplayaraq 100%-lik dövlət qrantı qazanıb

Ağməmmədli kənd sakini 17 yaşlı Eyvaz Nəzərov qəbul imtahanında yüksək bal toplayaraq Tbilisi Dövlət Tibb Universitetinə qəbul olub. O, imtahanda 68 bal toplayaraq, 100%-lik dövlət qrantı qazanıb.

Eyvazın sözlərinə görə, o, məktəbə 2009-cu ildə gedib və bu il eksternat imtahanı verərək, orta məktəbi bir il tez bitirib. Onun dediyinə görə, orta məktəbdə ən sevdiyi fənn riyaziyyat olub.

"Məktəbə 2009-cu ildə başlamışam. Bu il də qurtardım. Universitetə qəbul oldum. Məktəbdə uşaq vaxtdan əsasən riyaziyyatı yaxşı oxuyurdum. Uşaq vaxtı digər fənləri o qədər də yaxşı oxumurdum. Sonra o birilərini də düzəltdim, oxumağa başladım. Yenə də əsasən riyaziyyatı oxuyurdum. Ən xoşladığım fənn də elə riyaziyyat idi. Niyəsə mənə riyaziyyat maraqlı gəlirdi. Asan idi", – Eyvaz Nəzərov dedi.

Eyvaz Nəzərovun ən böyük arzusu həkim olmaqdır. O, gələcəkdə ən yaxşı ürək cərrahı olmaq istəyir. Eyvazın sözlərinə görə, pandemiya dövründə onlayn dərslərə qoşulmaq o qədər də çətin olmayıb.

"Həm onlayn dərslər keçirilirdi, həm oradan öyrənirdim. Həm də hazırlığa gedirdim. Əlavə olaraq İsgəndər müəllimin yanına, bir də Aidə müəllimin yanına hazırlığa gedirdim. Sağ olsunlar onlar da yaxşı öyrətdilər. Onlayn dərslər elə də çətin deyildi. Çatdırmaq olurdu. Hərəsinin başqa vaxtları olduğuna görə çatdırırdım. Həkim olmaqla bağlı 3-4 il bundan öncə qərar vermişəm. Başdan hər gün fərqli şeylər deyirdim, uşaq vaxtı fərqli şeylər olmaq istəyirdim. Sonra həkimliyi seçdim. 1-2 il bundan öncə dedim ki, ürək cərrahı olacağam. Ondan bu yana fikirmi dəyişməmişəm."

Əlavə olaraq kimya hazırlığına getdiyini də deyən Nəzərov bildirdi ki, pandemiya vaxtı kimya, biologiya və fizika fənlərini onlayn keçmək nisbətən çətin olub.

"Kimya ilə biologiyanı oxuyurdum. Fizikanı da çalışırdım. Onu o qədər də alındıra bilmirdim, onu da çalışırdım. Əsas kimya ilə biologiyanı yaxşı oxumağa çalışırdım. Məktəblər bağlandığına görə biologiyanı, kimyanı, fizikanı yaxşı oxuya bilmirdim. Onlayn keçirlirdi. Məktəbdə keçirilən kimi keçirilmirdi. O qədər də yaxşı başa düşülmürdü. Ona görə də bir az çətinlik çəkirdim."

Nəzərovun dediyinə görə, o imtahanda yaxşı bal toplayacağına ümid edirmiş.

"İmtahana gedəndə hədəfim 60 bal idi. İmtahanda həyacanlanmadım. Qranta düşəcəymi də düşünürdüm. 68 bal topladım. Ən yüksəyini ümid etmirdim. Amma yüksək bal toplayacağımı düşünürdüm. Sadəcə düşünmürdüm ki, hamıdan yüksəyi mən toplayacağam. Ən çox buna sevindim."

Gürcüstanda təhsilini bitirdikdən sonra Avropaya getməyi düşünən Eyvaz Nəzərov dostlarına yaxşı oxumağı tövsiyə etdi.

"Hədəf Almaniyadır, alınsa Norveç də olar. Norveçə getmək istəyərəm. Ora da yaxşı ölkədir. Türkiyə də ola bilər. Mənim hədəfim bunlardır. Tövsiyəm odur ki, yaxşı hazırlaşsınlar. Çox təkrar edib, çox oxumaq lazımdır. Müəllim yanına getsə də, getməsə də, sinifdə olsa da müəllimə dəqiq qulaq asmaq və müəllimin dediyini etmək lazımdır. Bəzi uşaqlar var müəllim deyir belə et, onlar başqa cür edirlər. Mənim özüm bilirəm. Əslində o düzgün deyil. Müəllim nə deyir, o formada etmək lazımdır, çünki müəllim insana ən yaxşı metodu öyrədir. Pis metod öyrətmir”.

Eyvaz onu da əlavə etdi ki, ona dərs keçən və onu universitetə hazırlayan müəllimlərindən çox razıdır.

 

 

Print Email
FaceBook Twitter Google