Ağməmmədli kənd sakini 17 yaşlı Eyvaz Nəzərov qəbul imtahanında
yüksək bal toplayaraq Tbilisi Dövlət Tibb Universitetinə qəbul
olub. O, imtahanda 68 bal toplayaraq, 100%-lik dövlət qrantı
qazanıb.
Eyvazın sözlərinə görə, o, məktəbə 2009-cu ildə gedib və bu il
eksternat imtahanı verərək, orta məktəbi bir il tez bitirib. Onun
dediyinə görə, orta məktəbdə ən sevdiyi fənn riyaziyyat olub.
"Məktəbə 2009-cu ildə başlamışam. Bu il də qurtardım.
Universitetə qəbul oldum. Məktəbdə uşaq vaxtdan əsasən riyaziyyatı
yaxşı oxuyurdum. Uşaq vaxtı digər fənləri o qədər də yaxşı
oxumurdum. Sonra o birilərini də düzəltdim, oxumağa başladım. Yenə
də əsasən riyaziyyatı oxuyurdum. Ən xoşladığım fənn də elə
riyaziyyat idi. Niyəsə mənə riyaziyyat maraqlı gəlirdi. Asan
idi", – Eyvaz Nəzərov dedi.
Eyvaz Nəzərovun ən böyük arzusu həkim olmaqdır. O, gələcəkdə ən
yaxşı ürək cərrahı olmaq istəyir. Eyvazın sözlərinə görə, pandemiya
dövründə onlayn dərslərə qoşulmaq o qədər də çətin olmayıb.
"Həm onlayn dərslər keçirilirdi, həm oradan öyrənirdim.
Həm də hazırlığa gedirdim. Əlavə olaraq İsgəndər müəllimin yanına,
bir də Aidə müəllimin yanına hazırlığa gedirdim. Sağ olsunlar onlar
da yaxşı öyrətdilər. Onlayn dərslər elə də çətin deyildi. Çatdırmaq
olurdu. Hərəsinin başqa vaxtları olduğuna görə çatdırırdım. Həkim
olmaqla bağlı 3-4 il bundan öncə qərar vermişəm. Başdan hər gün
fərqli şeylər deyirdim, uşaq vaxtı fərqli şeylər olmaq istəyirdim.
Sonra həkimliyi seçdim. 1-2 il bundan öncə dedim ki, ürək cərrahı
olacağam. Ondan bu yana fikirmi
dəyişməmişəm."
Əlavə olaraq kimya hazırlığına getdiyini də deyən Nəzərov bildirdi
ki, pandemiya vaxtı kimya, biologiya və fizika fənlərini onlayn
keçmək nisbətən çətin olub.
"Kimya ilə biologiyanı oxuyurdum. Fizikanı da
çalışırdım. Onu o qədər də alındıra bilmirdim, onu da çalışırdım.
Əsas kimya ilə biologiyanı yaxşı oxumağa çalışırdım. Məktəblər
bağlandığına görə biologiyanı, kimyanı, fizikanı yaxşı oxuya
bilmirdim. Onlayn keçirlirdi. Məktəbdə keçirilən kimi keçirilmirdi.
O qədər də yaxşı başa düşülmürdü. Ona görə də bir az çətinlik
çəkirdim."
Nəzərovun dediyinə görə, o imtahanda yaxşı bal toplayacağına ümid
edirmiş.
"İmtahana gedəndə hədəfim 60 bal idi. İmtahanda
həyacanlanmadım. Qranta düşəcəymi də düşünürdüm. 68 bal topladım.
Ən yüksəyini ümid etmirdim. Amma yüksək bal toplayacağımı
düşünürdüm. Sadəcə düşünmürdüm ki, hamıdan yüksəyi mən
toplayacağam. Ən çox buna sevindim."
Gürcüstanda təhsilini bitirdikdən sonra Avropaya
getməyi düşünən Eyvaz Nəzərov dostlarına yaxşı oxumağı tövsiyə
etdi.
"Hədəf Almaniyadır, alınsa Norveç də olar. Norveçə
getmək istəyərəm. Ora da yaxşı ölkədir. Türkiyə də ola bilər. Mənim
hədəfim bunlardır. Tövsiyəm odur ki, yaxşı hazırlaşsınlar. Çox
təkrar edib, çox oxumaq lazımdır. Müəllim yanına getsə də, getməsə
də, sinifdə olsa da müəllimə dəqiq qulaq asmaq və müəllimin
dediyini etmək lazımdır. Bəzi uşaqlar var müəllim deyir belə et,
onlar başqa cür edirlər. Mənim özüm bilirəm. Əslində o düzgün
deyil. Müəllim nə deyir, o formada etmək lazımdır, çünki müəllim
insana ən yaxşı metodu öyrədir. Pis metod
öyrətmir”.
Eyvaz onu da əlavə etdi ki, ona dərs keçən və onu universitetə
hazırlayan müəllimlərindən çox razıdır.