Mollaoğlu və Xuldərə kəndlərində anaların biliklərini artırması üçün yeni kurs açıldı
“Yeni Düşüncə İnstitutu”-nun təsisçiləri Ariz Daşdəmirov və Kamran Əfəndiyev artıq bir neçə aydır ki, “Analar məktəbi” adlı yeni layihəyə başlayıblar.
“Analar məktəbi” USAİD-in “EWMI Access” proqramı çərçivəsində həyata keçirilir. Layihədə Mollaoğlu və Xuldərə kəndlərində iki qrup təşkil olunub ki, bu qrupların hər birində də 10 nəfər gənc ana iştirak edir. Layihə çərçivəsində təhsil ala bilməyən gənc və orta yaşlı analara gürcü, ingilis dilləri, informatika və riyaziyyat fənləri üzrə dərslər keçirilir.

“Analar məktəbi” layihəsinin müəlliflərindən Ariz Daşdəmirov “Marneuli” radiosu ilə söhbəti zamanı layihənin əhəmiyyəti barədə məlumat verdi. O, 5-6 ilə yaxındır ki, təhsil sektorunda çalışdıqlarını və buna görə də insanlar arasında yaranan əsas problemləri açıq-aydın gördüklərini bildirdi. Daşdəmirovun sözlərinə görə, layihə çərçivəsində təhsil həyatını yarımçıq qoymuş, erkən yaşda evlənmiş və bu gün ibtidai sinifdə təhsil alan övladlarının dərslərində kömək etməkdə çətinlik çəkən analar üçün lazımi fənlərdən dərslər keçirilir.

“Artıq illərdir ki, mən və Kamran Əfəndiyev təhsil sektorunun içindəyik. 5-6 ildir ki, problemləri aydın şəkildə görməyə başlamışıq. Biz bütün problemlərdən yola çıxaraq, yerli müəllimlərə əməkdaşlıq çərçivəsində bir layihə ərsəyə gətirməyi düşündük. Layihəni “Analar məktəbi” adlandırdıq. Biz USAİD-da müraciət etdik. Onlar bizim layihəyə baxdılar və bizə müsbət cavab verdilər. Layihə çərçivəsində qadınlarımıza ibtidai sinif fənləri, gürcü dili, ingilis dili, informatika, riyaziyyat dərsləri keçirilir. NTİ-ın tərkibində gənclər var və könüllü şəkildə qoşularaq, valideynlər burada dərsdə olarkən onların uşaqları ilə şahmat oynayırlar, müxtəlif oyunlar oynayaraq biliklərini inkişaf etdirməyə çalışırlar”, –
Ariz Daşdəmirov dedi.

Ariz layihədə iştirak edən qadınların yoldaşlarının da layihəyə böyük maraq göstərdiklərini bildirdi. O, layihəyə yaranan maraqdan irəli gələrək “Analar məktəbi 2” layihəsini həyata keçirmək kimi fikirlərinin olduğunu dedi.

“Bu layihəyə hazırda tələbat çoxdur. Yeni başladığımızda belə nəticə alacağımızı düşünmürdük. Amma layihə çox uğurlu şəkildə davam edir. Buna görə də biz artıq “Analar məktəbi 2” layihəsinə tələbat olduğunu görürük. Qadınların yoldaşları tərəfindən tələbat var ki, yoldaşları da qoşulsun, bilmədiklərini öyrənsinlər və övladları da savadlı olsun və düzgün təhsil alsın. Artıq biz bu layihə bitdikdən sonra “Analar layihəsi 2”-ni də hazırlamağı düşünürük. Daha təkmilləşmiş və inkişaf etmiş şəkildə layihəni davam etdirəcəyik.”

Mollaoğlu kənd sakini 45 yaşlı Sevil Nəsibova layihəyə qatıldığı üçün özünü xoşbəxt hiss edir. O, layihəyə qoşulduğu gündən yeniliklər öyrəndiyini və özünü inkişaf etdirdiyini bildirdi. Nəsibova layihə çərçivəsində sürücülük vəsiqəsi dərslərinin də keçirilməsi fikrini müsbət qarşıladığını və bunun üçün artıq təsisçilərə müraciət etdiklərini dedi.

“Mən sevinirəm ki, bu layihəyə qoşulmuşam. Burada yeniliklər öyrənirik. Qızlarla birlikdə çox şadıq ki, layihəyə qoşulmuşuq. Layihəni ərsəyə gətirən hər kəsə təşəkkürümüzü bildiririk. İndi çox istəyərik ki, sürücülük vəsiqəmiz də olsun. İstəyirik ki, hər birimizin vəsiqəmiz olsun. Azad qadın olaraq, kiməsə möhtac olmadan öz işlərimizi görə bilək.”

59 yaşlı Elminaz Naibovanın sözlərinə görə, kəndlərində analar üçün nəzərdə tutulmuş layihənin başlaması olduqca vacibdir. O, anaların keçirilən dərslər zamanı çox biliklər əldə edəcəklərini dedi.

“Eşidəndə ki, kəndimizdə belə bir layihə hazırlanıb çox sevindim. Bizim kəndimizin qadınları, gənc analar üçün bu çox vacib bir addımdır. Layihəni yaradanlara təşəkkür edirəm. Bizim gənclərin bu fəaliyyətini görəndə çox sevinirəm. Mən bu yaşda buraya nə isə öyrənməyə gəlirəmsə demək ki, bu gənc analar üçün də maraqlıdır. Onlar çalışırlar ki, nə isə öyrənsinlər. Evdə övladlarının yanında sərbəst olsunlar, burada öyrəndiklərini evdə övladlarına da öyrədə bilirlər. Bu layihə bizim üçün çox vacibdir.”


Mollaoğlu ictimai məktəbinin riyaziyyat müəlliməsi Güllü Nəsibova layihə ideyasının ona məxsus olduğunu bildirdi. O, illərdir məktəbdə çalışdığını və dərsə gələn şagirdlərin qarşılaşdıqları problemləri asanlıqla gördüyünü dedi. Nəsibova deyir ki, anaların belə bir layihəyə uzun zamandır ki, ehtiyacları vardı.

“Bəzi valideynlər evdə uşaqlarına kömək etsələr də, bəziləri edə bilmir. Bu problem məni hər zaman narahat edirdi. Buna görə də mən Ariz və Kamranla danışdım. Problemi necə həll edə bilərik deyə məsləhət etdik ki, bu uşaqlara necə kömək edə bilərik ki, onlara qatqımız olsun və daha yaxşı oxusunlar. Sağ olsunlar Ariz və Kamran belə bir layihə düşündülər və ərsəyə gətirdilər. Mən çox sevindim və burada indi könüllü olaraq riyaziyyat dərsi keçirəm. Layihə həddindən artıq çox xoşuma gəlir. Valideynlərimiz çox fəaldırlar və çox gözəl öyrənirlər. Mən onlara deyirəm ki, dərsi tək sizin üçün deyil, sizin övladlarınız üçün keçirəm ki, evdə övladlarınızı da öyrədəsiniz. Demək olar ki, istədiyimə nail oluram. Hər dərsdə görürəm ki, onlar həddindən artıq aktivdirlər”, –
“Analar məktəbi”-nin könüllü riyaziyyat müəllimi 50 yaşlı Güllü Nəsibova dedi.

Qeyd edək ki, Ariz Daşdəmirov və Kamran Əfəndiyev 5 ildir ki, “Yeni Düşüncə İnstitutu”-nun (NTİ) əsasını qoyublar. Onlar bu günə qədər kənd sakinləri üçün faydalı olacaq bir çox layihələr həyata keçiriblər.


Print Email
FaceBook Twitter Google