Əlidən Ninoya qədər - Davit Cişkariani
Gürcü ədəbiyyatının ən populyar azərbaycanlılarından biri Əlidir. O, Nodar Dumbadzenin “Kukaraça” hekayəsinin bir tək epizodunda üzə çıxır – Borçalının Filip Maxaradze adına kolxozda budkası var, meyvə-tərəvəz satır. Hekayənin ikinci və daha önəmli personajı Tamaz isə onun xəyali əşyasını – qara qulplu bıçağı oğurlayır, tezcə hasarın dibinə basdırır və fikirləşir ki, budur bax, canımı yaman qurtardım. Elə bu dəm məhəllənin milisi, Kukaraça kimi tanınan Qoqi Tuşuraşvili başının üstünü kəsdirir.

Yazıçının tərifinə əsasən Əli nə sonuna qədər “bizimkidir”, nə də “yaddır”, o daha çox “eqzotik yaxın biridir”.

Yazıçı bunu, Əlinin xarici görünüşünü və ya davranışının məqamlarını tərif edərkən, hər kəliməsində biruzə edir: ağzı qızıl dişlərdə doldurulub və əsəbləşəndə gürcücə-rusca-azərbaycanca söyüş söyür: “Koria mamazağli, sukin sin, köpəyoğlu, beləssi bıçağı itirdi … indi mən qarpızı narazrez roqor qavğido?”Əli gürcü dilini yaxşı bilmir, ancaq öz köməkçisi İbrahim kimi gürcücə danışmağa çalışır, sadəcə yaxşı alınmır – ç*-nın əvəzinə j deyirlər, dz-nın əvəzinə z. “şeni bijo? dzalian tsema xom ar mounda?” Səslərlə bağlı xırdalıqların başını buraxsaq, Əli gürcü qrammatikasını da bilmir və bundan irəli gələrək, təhsilliliyə heç iddiası da yoxdur.

Nodar Dumbadze bu hekayəni 1980-ci ildə yazdı. İstənilən yazıçı yaşadığı zamanın, məkanın və cəmiyyətin bir hissəsidir və bu mühit təsirləri tamamilə azaltmır. Sovet İttifaqının son dövründə etnik azərbaycanlıları bu cür dərk etmək yalnız Nodar Dumbadze nəsri üçün deyil, həm də teatr üçün xarakterik idi. 1968-ci ildə rejissor Robert Sturua tərəfindən səhnələşdirilən və Qia Ğançelinin musiqili şəkildə qurduğu "Xanuma" tamaşasında belə bir ifadə var: "Səni silindrli bir tatarın önündə oturdacağam". Silindr o vaxtın "təhsilli insanlarının" atributu idi. Bu ifadə isə mümkün olmayan bir halı, nələrin ola bilməyəcəyini təsvir edən bir kinayədir – təhsilli, zəkalı bir "tatar" ola bilməz. Ədəbiyyatşünas Şota Papavanın dediyinə görə, bu ifadə "nə Çaqarelidə, nə Dolidzenin operasında, nə də "Keto və Kotedə" var".

Mixeil Cavaxişvili etnik azərbaycanlıları tamamilə fərqli cür görürdü. Onun hekayəsinin qəhrəmanı Abdul Kərim Sarvanlıdır (Marneulinin köhnə adı). O da gürcü dilində danışa bilmirdi, nə də ona təhsilli demək olardı, o tale tərəfindən əzilmiş və eyni zamanda ədalət uğrunda mübarizə aparan insan idi. Onu işləmədiyi cinayətə görə mühakimə edirlər. Həbsxanada olanda isə onun doğma Sarvanına gedən araba yoluna baxır. Daha sonra öz evinə bir daha nəzər gəzdirmək üçün əmək-islah koloniyasından qaçmağa mərdliyini toplaya bilir. Abdulla üçün məhkəmənin hökmü çox ağırdır, günahsız yerə onu mühakimə etdilər və həbs cəzası verdilər. Mixeil Cavaxişvili üçün "Abdullah mərddir, həqiqi mərd tatar", o Borçalılı tatar etnonimində "yad" və "başqası" deyil, özünün və yerlisinin mənasını nəzərdə tutur. Bu təbiidir, çünki o azərbaycanlıların kompakt şəkildə yaşadığı yerlərdə, Kvemo Kartlinin Çerakvi kəndində anadan olub. Buna görə də, azərbaycanlıları "eqzotik" xalq hesab etmir.


Bədii personajlar müstəqil şəkildə yaşamağa davam edir və etnosun imicinin formalaşmasına imkan yaradır. Burada bizim üçün bir suala cavab vermək mühimdür: "Abdullah" imicinin "qızıl dişli" Əliyə çevrilməsinə hansı siyasi və ictimai prosseslər səbəb oldu?

Azca uzaqdan başlayaq. 1985-ci ildə nəsil torpqaları və kilsəsi Kvemo Kartlidə olan Qriqol Orbeliani qərbi Gürcüstandakı qardaşına, İlia Orbelianiyə məktub yazdı. O kiçik qardaşına ağıl verirdi, hərbi xidmətə necə qoşulmağını öyrədirdi, qardaşını imperiyanın layiqli zabiti olmaq üçün nizam-intizama riayət etməyə, hərbi gündəlik tərtib etməyə çağırırdı. Lakin, həmin məktubda maraqlı bir incəlik var. "Səndən uzun bir kitab gözləyirəm, evdən alaya necə getdin, İmeretidə nə gördün, Kutaisidə şahzadələrdən kimlərlə tanış oldun və ya onların diqqət çəkən şeyləri, vərdişləri və xarakteri haqqında nə öyrəndin. Bu sözlərin müəllifi Kartl-Kaxeti şahı ikinci İraklinin nəvəsi, təhsilli və erudit insandır. 1832-ci ilin üsyanında artıq iştirak etmişdir, Rusiya İmperiyasında nə baş verdiyini bilir və ümumiyyətlə hər cür məlumatı daha çox əldə etmə imkanı var. Və əgər belə vəziyyətdə olan adam praktik olaraq qərbi Gürcüstanın xəbərləri haqqında heç nə bilmirsə, Kvemo Kartlidə yaşayan sıradan etnik azərbaycanlı Lixidən o tərəfindəki həyat haqqında daha az məlumat sahibi olar.

1853-1856-cı illər Krım müharibəsindəki məğlubiyyətdən sonra Rusiya İmperiyası rəhbərliyi xarici investisiyaların cəlb edilməsinə və iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş genişmiqyaslı sənaye layihələrini həyata keçirməyi qərara aldı. İş yerlərinin yaranması insanları ənənəvi yaşayış yerlərini tərk etməyə və yaşamaq üçün şəhərə köçməyə təşviq etdi. Bu prosseslər milli kimliyin formalaşmasına da imkan yaratdı. Cənubi Qafqazda dəmir yolu xəttinin çəkilməsi, gürcü dilli mətbuatın yayılması, məktəblərin açılması və müəllimlər şəbəkəsinin genişlənməsi bölgələrdə siyasi fikirlərin yayılmasını sürətləndirdi. Bu dövrdə çıxan qəzetlərdə Gürcüstanın regionları haqqında müxtəlif tipli məlumatlarla rastlaşacağıq. Müxbirlər Borçalı və orada yaşayan etnik qruplar haqqında da yazırdılar.
Cənubi Qafqazda hərəkətliliyin artması yalnız ticarətdə deyil, intelektual həyatda da özünü göstərdi. 1897-ci ildə isə Akaki Cereteli Azərbaycan dramaturgiyasının banisi, filosof və marifçi, Mirzə Fətəli Axundzadənin-Axundovun 4 pərdəli "Xanın vəziri" adlı pyesini gürcü dilinə tərcümə etdi və səhnələşdirdi. 1905-ci ildə "İveriya" qəzeti məmnuniyyətlə qeyd edir ki, "Nuxa şəhər sakini Əbdül-Mahmud-Cəlil-oğlu Mustafayev hökumətdən Tiflisdə rus və azərbaycan dilllərində gündəlik "Vostok" qəzetinin nəşr edilməsini xahiş etdi.

Gürcüstanda yaşayan etnik azərbaycanlılara qarşı ilk dəfə siyasət yürüdənlər birinci respublikanın başçıları idilər. Onlar folklorun rəngarəngliyinin və etnik qrupların karnavallaşdırılmasına deyil, əksinə bu insanların siyasi həyata qoşulmasına imkan yaratdılar. 1919-cu ildə yerli idarəetmə seçkisi zamanı Borçalı qəzasını 5 seçki dairəsinə böldülər. Seçkilər nəticəsində çox partiyalı həyatın başlayacağı aydın oldu. Bu tip dünyəvi tənzimləmə Borçalı qəzasında bütün etnik qrupların yerli idarəetmədə bərabər iştirakını təmin edirdi. Hüseyn (Söyün) Qulu-Məmməd- oğlu təsisçilər məclisinə üzv olan zaman etnik azərbaycanlılar da yeni dövlətin qurulmasında iştirak edirdilər. O, musəlmanların problemləri ilə bağlı məsələləri həll etmək üçün yaradılan müxtəlif komissiyalarda fəal iştirak edirdi. Lakin birinci respublikanın bu "eksperimenti" 1921-ci ildə dayandırıldı. Gürcüstanın bolşevik hakimiyyəti Sovet milli siyasətinin bir hissəsi idi. Yerli idarəetmə Sovet siyasətinin ona dediyi kimi hərəkət edirdi. Onların fərqli bir siyasət yürütməyə nə təcrübələri, nə də bilikləri var idi. Prioritet qədim, tarixi əhaliyə qarşı kimlik siyasəti yürütmək idi. Etnik azərbaycanlılar üçün isə mədəni siyasətin yürüdülməsi və planlaşdırılması "başqasına"- qonşu respublikaya – Azərbaycana tapşırıldı. 1929-cu ildə Gürcüstanda olan etnik azlıqların orta məktəblərində şagirdlərin ana dilində kifayət qədər dərslikləri yox idi. Gürcüstan Sovet hökuməti bunun üçün "narahat olmurdu" və kitablar müvafiq məktəblərə Ermənistandan, Azərbaycandan və RSFSR-dan gətirilirdi. Partiya elitası o zaman 1931-1932-ci illərdə vəziyyətin həll olunacağını ehtimal edirdilər, lakin bu belə olmadı. Həmin dövrdə dil baryerlərinə görə gənclər ali, peşə və texniki təhsil almaq üçün Gürcüstanı deyil, qonşu ölkələri seçməyə başladılar.

1921-ci ildən bəri, etnik azərbaycanlılar ən yüksək idarəetmə orqanı olaraq Gürcüstan Kommunist Partiyasında nominal olaraq təmsil olunurdular. Lakin bu tamamilə simvolik bir akt idi fəal siyasətlə heç bir əlaqəsi yox idi. Onların nümayəndəliyi folklorlaşma, iqtisadi fəaliyyət və dar regional fəaliyyət sahəsi ilə məhdudlaşırdı. Siyasi sahədə onların ehtiyacları və tələbləri eşidilmirdi və görünmürdü. 1956-cı ildə Nikita Xruşovun XX qurultaydakı çıxışı Gürcüstanda böyük etiraza səbəb oldu. 5-9 mart nümayişləri hakimiyyət tərəfindın dağıdıldı, itki var idi. Hökümət öz hərəkətlərini "qanuniləşdirmək" məqsədi ilə bu işə təşviqatçıları cəlb etdi. Və burada yenə məlum oldu ki, ən mühüm sənədin azərbaycanca tərcüməsi yenə qonşu ölkədə axtarılmalıdır.

Ali hakimiyyətin tarixi sənədləri özündə birləşdirən, keçmiş komunist partiyasının arxivində iləyərkən tədqiqatçıda elə hiss yaranır ki, Gürcüstanın kommunist partiyası İranda, xüsusən də Fereydan və hətta Türkiyədə yaşayan gürcülərlə mədəni siyasət yürütmək öz republikasında yaşayan etnik azlıqlardan daha çox maraqlandırır. Bu siyasətə görə rəsmi tarixşünaslıq və onu yaradan qurumlar Gürcüstanın deyil, gürcü millətinin tarixini yaradırdılar. Gürcüstanın kommunist hökuməti də tamamilə etnosentrik əsaslarda mövcud idi, burada əsas maraq obyekti ərazi və ya coğrafi sahə deyil, etnos idi. 1987-ci ildə Svanetidəki zəlzələdən sonra, fəlakətdən əziyyət çəkən əhaliyə humanitar yardım üçün Kvemo Kartliyə köçürülmə də etnik millətçilikdən qaynaqlandı - bölgədəki demoqrafik vəziyyət gürcülərin lehinə dəyişməli idi.
Gürcüstanın müstəqilliyi elan olunana qədər, nə də ondan sonra, siyasətçilər etnik azərbaycanlıların müstəqil Gürcüstanda hansı yerə sahib olacağı haqqında danışmağa, konkret layihələr və fikirlər təklif etməyə ehtiyac duymadılar.

Siyasət əvəzinə rəsmi "folklor" yenidən işə qoşuldu.

Eynisini Batumidəki "Əli və Nino" heykəli haqqında da demək olar. Rəsmi versiyaya görə, o sevgi simvoludur. Siyasətçilər onu manipulyasiya üçün məmnuniyyətlə istifadə edirlər. Lakin, həqiqətdə o ikisi imtiyazlı ailə üzvlərinin sevgisinin simvoludur və Gürcüstanda yaşayan azərbaycanlıları, onların həyat tərzini, tarixini və qarşılaşdıqları problemləri tamamilə əks etdirmir.

Gözəl, romantik bir hekayə və Qurban Səidin ecazkar romanı etnik azərbaycanlıları Gürcüstan tarixinin bir hissəsi etmək üçün kifayət deyil.
Eyni cür və birmənalı olmayan, çox vaxt ağır və çoxşaxəli olan tarixə qayıdaq. Siyasətçi İsidore Ramişvili qısa müddət ərzində gürcü gənclərini təsərrüfat bacarıqları və bilikləri ilə təchiz etməyi hədəfləyən İlia Tsinamdzğvrişvili məktəbində müəllim kimi işləmişdi. O vaxt da təhsil sahəsində bir çox problem var idi. Bir dəfə gənc Vaja-Pşavela onu əvəz etmək və gələcək müəllim kimi işləmək üçün gəldi və bir sınaq dərsi keçdi:

"Luka şagirdlərin qaşısına çıxdı və ilk sualı verdi. Mən indi harada dururam? “Döşəmədə”, - şagirdlərin cavabı belə oldu. “Döşəmə nəyin üzərindədir?” - Luka soruşdu. Cavabı: “Təməlin üzərində”, - oldu. “Təməllər nəyin üzərindədir?” “Torpaqda”, - dedilər. “Torpaq kimindir?” “Tsinamdzğvrişvilinin”, - uşaqlar cavab verdilər. “Tsinamdzğvrişvilinin torpağı hansı ölkədədir?” “Tsinamdzğvrişvililərin qapısında”, - uşaqlar cavab verdilər. Bir neçə belə sualdan sonra Luka öz məqsədinə çatdı ki, məktəbin yerləşdiyi və məktəbin içərisində döşəmənin olduğu yer Gürcüstan torpağıdır.”

Kvemo Kartlidə və Gürcüstanın başqa regionlarında yaşayan etnik azərbaycanlı şagirdlərin yanına nə XIX , nə də XX əsrlərdə onlara "çoxlu suallar vasitəsilə" "məktəb dayanan torpağın Gürcüstan olduğunu", onların isə Gürcüstanın tamhüquqlu vətəndaşları olduqlarını, "yad" Əli və "doğma" Ninodan daha çox olduqlarını dedirdən maarifçi müəllimlər getmədilər.



წყარო: ინდიგო




Print