"SOCAR" tələbələrin təhsil haqqının ödənilməsində dəyişikliklər edib
2008-2009-cu tədris ilindən etibarən Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan yerli azərbaycanlıların təhsil haqqı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ödənilir. Hal-hazırda da təhsil haqqı şirkət tərəfindən ödənilməkdə davam edir. Şirkət 2020-2021-ci tədris ilindən etibarən təhsil haqqının ödənilməsində bir sıra dəyişiklər edib.

Bu barədə "SOCAR"-nın Gürcüstan nümayəndiliyindən məlumat verilib.

Verilən məlumata görə, «1+4» təhsil proqramı üzrə təhsil alan və birbaşa 1-ci kursa qəbul olunmuş tələbələrin təhsil haqqı yeni meyarlara əsasən ödəniləcək.

2020-2021-ci tədris ilinin 1-ci semestrindən etibarən tələbələrin təhsil haqqı aşağıda yazılan meyarlara uyğun olaraq ödəniləcək:
  1. 2020-2021-ci tədris ilində Gürcüstan dövlət ali təhsil müəssisələrinin hazırlıq kursuna qəbul olunan tələbələrin təhsil haqqının ödənilməsində Vahid Milli İmtahan nəticələri əsas götürüləcək və qəbul imtahanının nəticəsi 30 baldan yuxarı olan tələbələrin adları təhsil haqqı ödənilə biləcək namizədlərin siyahısına salınacaq.
  2. 2020-2021-ci tədris ilində hazırlıq kurslarına qəbul zamanı Vahid Milli İmtahan nəticəsi 30 baldan aşağı olan və bu səbəbə görə hazırlıq kursunun 1-ci semestri üçün təhsil haqqı ödənilməyən, amma semestri tələb olunan göstəricilər (1-ci semestrdə tam 30 kredit toplamalı və orta qiymət balı minimum 61 bal və ya 1.00GPA) ilə bitirən tələbələrin təhsil haqqı ikinci semestrdən etibarən hal hazırkı yeni prinsiplər üzrə ödəniləcək.
  3. 2020-2021-ci tədris ilinin hazırlıq kursunun 1-ci semestrini bitirib, 2-ci semestrdə oxumağa davam edən tələbələrin təhsil haqqı, hazırlıq kursunun 1-ci semestrin nəticələri əsasında ödəniləcək. Belə ki, təhsil haqqının ödənilməsi üçün tələbə 1-ci semestrdə tam 30 kredit toplamalı və orta qiymət balı minimum 61 bal və ya 1.00 GPA təşkil etməlidir.
  4. Hazırlıq kursunun 1-ci semestrinin təhsil haqqı müvafiq sessiyanın nəticələrinə əsasən ödəniləcək və bu halda tam 30 kredit toplaya bilməyən tələbələrin təhsil haqqının ödənilməsi 1-ci kursun 1-ci semestrində təhsillərinin davamına başlayana qədər dayandırılacaq.
  5. 2020-2021-ci tədris ilində Gürcüstan dövlət ali təhsil müəssisələrinin 1-ci kursuna birbaşa qəbul olunan yeni tələbələrin təhsil haqqı 1-ci semestr üçün sessiya imtahanlarının nəticəsinə əsasən 61 orta qiymət balı və ya 1.00 GPA təmin edildiyi halda ödəniləcək.
  6. Əsaslı səbəb olmadan (analıq məzuniyyəti, hərbi xidmət və s.), o cümlədən, mövcud imtahan borclarını aradan qaldırmaq yolu kimi, universitet və ya fakültə dəyişən tələbələrin təhsil haqqı ödənilməyəcək.
  7. Hazırlıq kursunu bitirib 1-ci kursun 1-ci semestrində təhsilini davam etdirməli olan tələbələrin təhsil haqqı hazırlıq kursunun nəticələrinə əsasən ödəniləcək. Hazırlıq kursunu bir təhsil ili ərzində 60 kredit toplamaqla, minimal 61 qiymət balı və ya 1.00 GPA ilə yekunlaşdıran tələbələrin təhsil haqqı ödəniləcək.
  8. 1-ci kursun 2-ci semestri və həmçinin növbəti kursların müvafiq semestrlərində oxuyan tələbələrin təhsil haqqının ödənilməsində əvvəlki semestrlərin nəticələri əsas götürüləcək. Hər semestr üzrə minimal 30 kredit toplayan və orta qiymət balı minimum 61 bal və ya 1.00 GPA təşkil edən tələbələrin təhsil haqqı ödəniləcək.
  9. Bakalavr pilləsindən məzun olmuş, ancaq universitetə olan təhsil haqqı borcu səbəbindən diplom ala bilməyən tələbələrin təhsil haqqının ödənilməsi üçün lazımi 240 kredit, Tibb universitetinin məzunları isə 360 kredit toplanmalı və orta qiymət balı minimum 61 və ya 1.00 GPA səviyyəsində olması əsas şərt olaraq qəbul ediləcək.
  10. Yuxarıda göstərilən meyarlara cavab verən tələbələrə hər semestrin təhsil haqqı tam həcmdə və bir dəfə olmaqla:
  • a. Bakalavr pilləsinə birbaşa qəbul olan tələbələrə ümumilikdə 8 semestr üzrə (4 təhsil ili ərzində),
  • b. Bakalavr pilləsinə “1+4” təhsil proqramı ilə qəbul olan tələbələrə ümumilikdə 10 semestr (5 təhsil ili ərzində),
  • c. Tibb universitetinə birbaşa qəbul olan tələbələrə ümumilikdə 12 semestr üzrə (6 təhsil ili ərzində),
  • d. Tibb universitetinə “1+4” təhsil proqramı ilə qəbul olan tələbələrə ümumilikdə 14 semestr (7 təhsil ili ərzində) üçün ödəniş ediləcək.
"SOCAR" şirkəti tərəfindən o da bildirilib ki, 2008-2009-cu tədris ilindən etibarən “1+4” Təhsil Proqramı çərçivəsində Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan və lazımi meyarlara cavab verən tələbələrin təhsil haqqı SOCAR-ın Gürcüstandakı Nümayəndəliyi tərəfindən ödənilir.

Son dövrdə dünyada və Gürcüstanda yaşanan koronavirus (Covid-19) pandemiyası səbəbindən sənəd qəbulunda müəyyən gecikmələr yaranmış olsa da, proqramın mühüm ictimai-sosial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq 2019-2020-ci tədris ilinin ikinci semestr üzrə təhsil haqqının ödənilməsi SOCAR-ın Gürcüstandakı Nümayəndəliyi tərəfindən həyata keçirildi.

2020-2021-ci tədris ilinin birinci semestrindən etibarən Gürcüstan dövlət ali təhsil müəssisələrində təhsil alan azərbaycanlılar təhsil haqqı ödəmələri yeni meyarlar üzrə ödəniləcək. Təyin edilmiş meyarlara cavab verən tələbələrin siyahısı və təhsil haqqının ödənilməsi üçün vacib olan digər sənədlər keçən semestr olduğu kimi, bu semestr də eyni qayda ilə ali təhsil müəssisələrindən birbaşa istəniləcək.

Nəzərinizə çatdırırıq ki, meyarların elan edilməsi sənəd qəbulunun başlaması demək deyil, tələbələrin çox saylı müraciətlərini nəzərə alaraq yeni meyarları əvvəlcədən elan edirik.

Sənəd qəbulunun başlanması ilə əlaqədar tələbələrə və ictimaiyyətə məlumat veriləcək.

Əgər bu proseslə bağlı hər hansı sual yaranarsa, tələbələr işçi qrupun üzvləri ilə birbaşa əlaqə saxlaya bilərlər:
Heydər Əliyev – 577 222 877
Faiq Hüseynov – 577 222 479
E-mail: CLOAKING


"Marneuli" Radiosu
Print