Marneulinin kəndlərində də təhsil prosesi distant rejimdə davam edəcək
Distant təhsil rejimi Marneuli bələdiyyəsinin kəndlərində də davam etdiriləcək. Bu barədə Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov məlumat verdi. O, qeyd etdi ki, 18 yanvar tarixindən şəhərdə olduğu kimi kənd məktəblərində də distant təhsil rejiminə davam edəcəklər.

Marneulidən başqa Gürcüstanın digər böyük şəhərlərində, Tbilisi, Kutaisi, Rustavi, Telavi, Zuqdidi, Zestafoni, Qori, Poti, Marneuli və Qardabanidə, eləcə də Acarıstan bölgəsində təhsil distant rejimdə başlayacaq.

“İkinci semestrdə dərs rejiminin sinif otaqlarında bərpa olunacağı məktəblər maska, təmassız termometr, dezobaryer və dezinfeksiya məhlulları ilə təmin ediləcək. Bundan əlavə, məktəblərdə koronavirus halları təsdiqləndiyi halda birinci semestrdə tətbiq edilmiş məhdudiyyətlərlə bağlı yanaşma davam etdiriləcək. Təhsil Nazirliyi Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilmiş qaydaların həyata keçirilməsi prosesini müşahidə edəcək və monitorinq aparacaq”, – Təhsil Nazirliyinin məlumatında deyilir.

Nazirlikdən bildirirlər ki, təhsil prosesinin bərpası ilə yanaşı ikinci semestrin “Teleməktəb” dərs prosesi 18 yanvar tarixində saat 09:00-dan, İctimai Yayımçının efirində davam etdiriləcək.

Print Email
FaceBook Twitter Google